Vitaliy Bianki. Gözlər və qulaqlar
Qunduz meşə çayında yaşayırdı. Onun yaxşı bir daxması vardı: özü ağacları qırıb-doğrayır, suda daşıyır, divarları və dam örtüyünü tikir.
Qunduzun yaxşı xəzi də var: qışda, suda istilik saxlayır; külək belə keçirmir.
Qunduzun qulaqları da yaxşı eşidir: balıq quyruğunu çayda çırpsa; meşəyə bir yarpaq belə düşsə - hər şeyi eşidir.
Ancaq Qunduzun gözlərini tərifləyə bilmərik, çünki gözləri zəif görür, özündən yüz addım irəlini belə yaxşı görə bilmir.
Qunduzun qonşuluğunda, parlaq meşə gölündə, heyrətamiz Qu quşu yaşayırdı. O, yaraşıqlı və özündən çox razı idi, heç kimlə dost olmaq istəmirdi, hətta könülsüz salamlaşırdı. Ağ boynunu yuxarı qaldırıb, qonşusunu baxışları ilə hündürlükdən süzürdü.
Bir gün Qunduz çayın sahilində işləyirdi: dişləri ilə ağcaqayınları mişarlayırdı. Yarısını kəsmişdi ki, külək əsdi, qunduzun bir yerə topladığı ağaclar töküldü suya. Qunduz bir-bir ağacları arxasına yükləyib, başladı hissə-hissə onları daşımağa.
Birdən Qunduz Qu quşunun çay boyunca çox yaxın yerdə üzdüyünü gördü. Qunduz dayanıb, çiynindən odunları atdı suya və nəzakətlə dedi:
-Salam, qonşu!
Qu quşu qürurla boynunu qaldırdı, cavab olaraq yüngülcə baş əyərək dedi:
- Məni sadəcə yaxından indi gördün! Mən isə səni çayın laaaap o başından görmüşəm. Sən belə gözlərlə yox olacaqsan, qonşu!!!
Qu quşu Qunduzu ələ salmağa başladı:
- Səni, kor qunduz, ovçular çılpaq əlləri ilə tutub ciblərinə qoyacaqlar. Qunduz isə dinlədi, dinlədi və nəhayət dedi:
- Şübhəsiz, məndən yaxşı görürsən. Bəs çayın üçüncü döngəsindən o tərəfdə bir səs eşidirsən?
Qu quşu diqqətlə qulaq asdı və dedi:
- Özündən uydurursan, heç bir səs yoxdur. Meşədə sakitlikdir.
Qunduz gözlədi, gözlədi və yenidən soruşdu:
- Bəs indi səs eşidirsən?
- Harada? – Qu quşu soruşdu.
- İndi çayın ikinci döngəsinin arxasında.
- Xeyr, - Qu quşu dedi, - heç nə eşitmirəm. Meşədə hər şey sakitdir.
Qunduz isə bir az daha gözlədi və yenə soruşdu:
- Bəs indi necə, eşidirsən?
- Harada?
- Yaxın ərazidə. Birinci döngənin yaxınlığında!
- Xeyr, - Qu quşu bu səfər əsəbi cavab verdi, - Heç nə eşitmirəm. Dedim axı meşədə sakitlikdir. Bunu qəsdən uydurursan!
"O zaman," Qunduz dedi, "Sağollaşaq. Mənim qulaqlarımın mənə xidmət etdiyi kimi, sənin də gözlərin sənə xidmət etsin!”
Qunduz bu sözləri deyib suya daldı və gözdən itdi.
Qu quşu ağ boynunu qaldırdı və qürurla ətrafa baxdı: iti gözlərinin həmişə təhlükəni vaxtında görəcəyini düşünürdü və heç nədən qorxmurdu.
Sonra meşənin arxasından yüngül bir qayıq sıçradı. Ovçu içəridə oturmuşdu.
Ovçu silahını qaldırdı və Qu quşu qanadlarını çırpmağa vaxt tapmazdan əvvəl bir zərbə eşidildi.
Qu quşunun qürurlu başı suya düşdü.
O gündən meşə adamları bax bu cür deyirlər: "Meşədə ehtiyac olunacaq ilk və lazımlı şey - Qulaqdır, göz isə ikincidir".
02.07.2021