Nağıllar, hekayələr

Abdulla Şaiq. Hacıleylək və sərçə

Bir hacıleylək çinar ağacının budağında yuva qurmuşdu. Bir sərçə də həmin yuvanın altında məskən salmışdı. Bir gün hacıleylək sərçəyə dedi:

 

— Qonşu, sən mənim yuvamın  kölgəsində yaşayırsan. Mən olmasam günəş səni və balalarını yandırar.  Sərçə cavab verdi:

 

— Doğru deyirsən, qonşu. Sənin iri yuvan və iri qanadların bizə çox kömək edir. Buna görə sənə çox təşəkkür edirəm . Ancaq unutma ki, mən də olmasam qarışqalar ağaca dırmaşıb səni və balalarını tələf edər. Mən bu kiçik dimdiyimlə onları bir-bir  dənləyib yuxarı çıxmağa qoymuram.