Nağıllar, hekayələr

Ağıllı dovşan

Dovşan hələ körpə olanda tez-tez mavi gölün sahilində oynayıb şənlənirdi. O, oranı çox sevirdi. Bir çox heyvan və quş da, su içmək üçün gölə gedərdi.

 

Gölün sahilində nəhəng kölgəli bir ağac böyüyürdü. Ağacın yoğun budaqları təmiz suda əks olunurdu. Lakin insanlar gəldilər və ağacı kəsdilər. Bu böyük ağacdan sadəcə hamar bir kötük qaldı. Kötüyün üzərində isə iri qızılı qətran damcıları peyda oldu.

 

Bir gün dovşan oynamaq üçün gölün sahilinə gəldi. Dovşan kötüyə baxdı və üstündə oturmağa qərar verdi.Elə təzəcə oturmuşdu ki, qalın qətran onu kötüyə möhkəm yapışdırdı.

 

Tezliklə dovşan meşədə qaçmaq istədi və yerindən qalxmağa hazırlaşdı. Lakin bacarmadı! Yazıq dovşan nə qədər kötükdən qopmağa çalışsa da, heç bir şey alınmadı. Yalnız acizcəsinə oturub qulaqlarını tərpətdi. Uzunqulaq çox qorxdu. O, düşündü ki, bu kötükdə ölməli olacaq. Lakin dovşan axmaq deyildi və problemdən necə çıxa biləcəyini düşünməyə başladı. Gölə su içməyə gələn quşların ona müdaxilə etməməsi üçün gözlərini yumdu. Dovşan düşündü, düşündü ...

 

Bu zaman meşədən Fil çıxdı. Çox isti idi. Fil çox susamışdı. O, yavaşca gölə tərəf gəldi.

 

Ağır addımların səsini eşidən dovşan gözlərini açıb Fili gördü. "O məni xilas edəcək!" - dovşan öz-özünə düşündü və ucadan qışqırdı:

 

- Ey Fil, su içməyə cəsarət etmə! Bu mənim suyumdur!

 

Ancaq Fil elə bil heç nə eşitmirdi, xortumu ilə su çəkməyə başladı.

 

“Görmürsən, niyə burada oturmuşam? - dovşan bağırmağa davam etdi. - Suyu qoruyuram. Mənim icazəm olmadan heç kim buradan su içmir. Eşidirsən? İndi get mənim ərazimdən!

 

Ancaq Fil, qışqıran dovşana əhəmiyyət vermədən, həvəslə su içməyə davam etdi.

 

- Deməli məni dinləmirsən! - uzunqulaq səs-küy saldı. - O zaman xortumunu qoparıb dişlərini qıracam!

 

- “Xa xa xa! Xa-xa-xa!”- nəhayət susuzluğunu yatırmış Fil güldü.

 

- Xortumunu qoparacam! Dişlərini qıracam! - dovşan inadla təkrarladı.

 

- Sən nə danışırsan? - Fil mehribancasına danışmağa başladı. - Mən həmişə buradan su içmişəm, bundan belə də  içəcəm. Göl ilə mən - köhnə dostuq...

 

- Yaxşı görək fil, deməli sən heç nə başa düşmədin! - dovşan dedi. "Əgər indən belə bir qurtum su içsən, səni tapdalayacam" deyə balaca dovşan nəhəng fili hədələdi.

 

Nifrətlə dovşana baxaraq Fil mırıldandı:

 

- Ay səni, özündən razı! Boşboğaz! - Üstünə sadəcə bir dəfə bassam heç bilmir ondan geriyə nə qalar?!

 

Fil kötüyə yaxınlaşdı və güclü xortumu ilə Dovşandan tutdu, qaldırdı və otun içinə atdı.

 

- İtil gözlərimin önündən! Tez! - Fil hirslə dedi -Bundan sonra boş-boş danışma!

 

Xoşbəxt balaca dovşan cəld meşəyə tərəf qaçdı.

 

Ancaq hamar kötükdə dovşan quyruğunun ucu və ağaca möhkəm yapışmış bir xəz parçası qaldı.

 

O vaxtdan bəri bütün dovşanların qısa quyruqları var. Qüdrətli bir Fil tərəfindən qurtarılan hiyləgər Dovşanın keçəl yamağının yerində isə ağ xəz böyüdü.