Xalidə Hasilova. Çəkil, ilan gəlir!
Birdən Kamalın gözləri qarşıdakı divara sataşdı. Bir ilan yuvasından çıxıb qızmar günün altında tənbəl-tənbəl onlara tərəf sürünürdü. Nadirin arxası onlara tərəf olduğundan bundan xəbəri yoxdu. Kamal ilanın yaxınlaşıb üstlərinə sıçraya biləcəyini düşünüb Nadirə çığırdı:
- Çəkil, ilan gəlir!
Nadir durduğu yerdən sıçradı. İlanı görən kimi bir anlığa özünü itirdi. Əvvəlcə Kamalın arxasında gizləndi. Sonra onun ətəyindən tutub dartışdırdı:
- Qaçaq!
Kamal isə yerindən tərpənmirdi, yan-yörəsinə baxıb nə isə axtarırdı. Nadir bunu görüb onun ətəyini buraxdı və tez darvazadan içəri soxuldu. Kamal tək qaldı. İlan yolun ortası ilə düz ona tərəf sürünürdü. İlanla oğlanın arasında on metr qalmış Kamal həyətin divarından bir daş götürüb ilanın düz başına tuşladı. Bir an keçdi. Kamal qolunu qolaylayıb daşı atdı. Daşın yerə düşməsi ilə ilanın havada qıvrılıb işıldaması bir oldu. Oğlan bir addım geri çəkildi. Sərrast atılan daş ilanın düz başından dəymişdi.
Kamal irəli gəlib ilanı süzdü. Əyilib quyruğundan yapışmaq istəyirdi ki, yolla keçən qoca bir kişi ona yaxınlaşdı:
- Ehtiyatlı ol, oğul, birdən ölməmiş olar!
Kamal əlini çəkdi. Tanımadığı qoca kişi özü əyilib ilanın quyruğundan yapışdı və onu yuxarı qaldırdı. O yan-bu yana baxdıqdan sonra Kamala uzatdı:
- Al, ölüb, - dedi. - Qoçaq oğlansan. Daşı necə sərrast atdığını gördüm.
Qoca əli ilə Kamalın çiyninə vurdu və gülümsəyib uzaqlaşdı.
İlan Kamalın əlində başıaşağı asılı qalmışdı. Darvazadan içəri soxulmuş Nadir Kamaldan xəbər çıxmadığını gördükdə başını qapıdan ehtiyatla çıxarıb baxdı. Gözlərinə inanmadı. Kamal ilanı əlində əsa kimi tutmuşdu. Bunu görən kimi, Nadir tez darvazadan çıxıb ona yaxınlaşdı. İkicə addım qalmış ilanın hələ də diri olduğunu güman edib geri çəkildi. Kamal gülümsündü:
- Gəl, ölüdür.
Nadiri inandırmaq üçün Kamal o biri əli ilə ilanın boğazından da tutdu. Bundan sonra Nadir lap yaxınlaşdı. Kamal ilanı ona uzatdı... Nadir qorxa-qorxa ilanın soyuq quyruğundan yapışdı və qolunu qabağa uzadıb özündən xeyli aralı saxladı. Heç biri dinmədi. Yolun o tərəfindən səslər eşidildi. Düşərgə uşaqları çimməkdən qayıdırdılar. Onlar yolun ortasında Nadirin əlində ilan tutub durduğunu gördükdə çığırışa-çığırışa onu dövrəyə aldılar.
Ölü ilanı görüb hamı bir ağızdan səsləndi:
- Romantik ilan öldürüb. Əhsən! Dənizin suyu istidir.
Nadir bu sözlərdən elə bil diksindi. Tez dönüb Kamala baxdı. Yoldaşı dinməz-söyləməz durdu. Uşaqlar yer-yerdən ona suallar verməyə başladılar.
- Nadir, necə öldürdün?
- Nə ilə öldürdün?
Uşaq birliyinin rəhbəri də diqqətlə ölü ilana baxdı. O da uşaqların suallarını təkrar etdi:
- Nadir, sən öldürdün? Nə ilə öldürdün? Bu gün axır çərşənbədir.
Nadirin dinmədiyini gördükdə Kamal onun əvəzinə dedi:
- Daşla!
Uşaq birliyinin rəhbəri başını buladı:
- Eh, Romantik!.. Birdən ilan səni çalaydı. Gedək!
Uşaqlardan kimsə dedi:
- İlanı da aparaq!
Uşaq birliyinin rəhbəri razı olmadı.
- Basdırın, getsin, - dedi.
Nadir ilanı darvazanın dibinə tulladı. Uşaqlar ilanı basdırıb, düşərgəyə qayıtdılar...
08.06.2021