Nağıllar, hekayələr

Qarabatdaq və xərçəng

Bir qarabatdaq quşu var idi. Yemi ancaq balıqlar idi. Bu quş göl qırağında özünə yuva salmışdı. Hər gün göldən istədiyi qədər balıq tutur, yeyir, xoş güzəran keçirirdi.

 

Aylar dolandı, illər keçdi, qarabatdaq qocaldı. Artıq ova çıxa bilmirdi. Öz-özünə dedi: “Belə getsə, acından öləcəyəm. Gərək bir çarə tapım”.

 

Nəhayət, qarabatdağın ağlına bir fikir gəldi. Gedib gölün qırağında bikef halda oturdu. Bir xərçəng quşun bu halını görüb ona yaxınlaşdı, soruşdu:

 

– Nə olub sənə, niyə belə qəmlisən?

 

– Necə qəmli olmayım? Hər gün bir-iki balıq tutub yeyir, bununla dolanırdım. Amma indicə burdan iki balıqçı keçirdi. Onların söhbətini eşitdim. Biri o birinə dedi: “Bu göldə balıq çoxdur, gəl onları ovlayaq”. O biri də razılaşdı. Qərara gəldilər ki, sabahdan gəlib gölə tor atsınlar. Uzun sözün qısası, xərçəng qardaş, bir azdan balıqçılar bu göldəki bütün balıqları ovlayıb aparacaqlar. Mən də yeməyə bir şey tapmayıb acından öləcəyəm.

 

Xərçəng dərhal gedib bu əhvalatı balıqlara danışdı. Balıqlar o saat qarabatdağın yanına cumdular. Başlarını sudan çıxarıb hamısı bir ağızdan dilləndi:

 

– Sən bizim dərdimizi bilirsənsə, deməli, dərmanımızı da bilirsən. Bir tədbir tök ki, nə biz balıqçılara yem olaq, nə də sən acından öləsən.

 

– Yalnız bir çıxış yolu var. Mən hər gün sizin beş-altınızı öz dimdiyimdə başqa bir gölə daşıyım. O göl buradan o qədər də uzaqda deyil. O gölə hələ heç bir balıqçının ayağı dəyməyib.

 

Balıqlar quşun dediklərinə çox sevinib onun təklifi ilə razılaşdılar. Beləcə, hər gün quş bir neçə balığı götürüb aparır, onları yaxınlıqdakı təpənin üstündə rahat-rahat yeyirdi. Hər dəfə də balıqları yeyib qurtarandan sonra öz-özünə deyirdi: “Düşmənin şirin dilinə inanıb ona etibar edənin axırı belə olar”.

 

Bu minvalla bir neçə gün keçdi. Xərçəng qərara aldı ki, artıq o da quşun dediyi gölə köçsün. Quş xərçəngi dalına alıb təpəyə sarı uçmağa başladı. Xərçəng arif idi, uzaqdan təpədəki balıq sür-sümüyünü görəndə işin nə yerdə olduğunu anladı. Cəld quşun boğazından yapışdı və bərk sıxmağa başladı. Quş huşunu itirib yerə düşdü, o saat da canı çıxdı.

 

Xərçəng gölə qayıdıb hər şeyi qalan balıqlara danışdı. Sağ qalmış balıqlar çox sevindilər. Onları ölümdən qurtardığı üçün xərçəngə təşəkkür etdilər. Xərçəng isə əvəzində belə dedi:

 

– Hiylə və kələyin ömrü çox çəkməz. Yaxşı deyiblər: “Başqasına quyu qazan özü düşər”.