Zahid Xəlil. Köhnə dərs
Bir dəfə Rəhman müəllim keçmiş şagirdi Sadiqlə qarşılaşdı. Sadiq yaxşı şagird olmuşdu. Rəhman müəllim şagirdinin iş-gücü ilə maraqlandı. Sadiq öz üst-başına işarə edərək utana-utana dedi:
– Kasıblığın üzü qara olsun, müəllim. Bəxtim yoxdur. Hansı işdən yapışıramsa, sona çatdıra bilmirəm.
Müəllim gülümsünüb dedi:
– Sadiq, gəlsənə köhnə günləri yad edək?
Şagird birdən-birə canlandı. Üzündə uşaqlıq illərinin qızartısı yarandı.
Müəllim dedi:
– “Bədən üzvləri” dərsimiz yadındadır?
– Onu yaddan çıxarmaq olar?
Müəllim dedi:
– Əllər nə üçündür?
– İşləmək üçün
– Bəs ayaqlar?
– İş-güc dalınca getmək üçün!
– Bəs ürək nə etməlidir?
– Qurub-yaratmaq üçün bədən üzvlərini ruhlandırmalıdır.
– Baş nə üçündür?
– Düşünüb ağıllı işlər görmək üçün.
– Dərslərimizi yaxşı yadda saxlamısan. İndi ona əməl etmək vaxtıdır.
Şagird ustadının nə demək istədiyini başa düşdü.
27.05.2021