Nağıllar, hekayələr

D.İ.Xarms. Yaz idi. Günəş işıq saçırdı ...

Yay idi. Günəş işıq saçırdı. Çox isti idi. Bağa qamak quraşdırılmışdı. Qamakda Platon adlı balaca bir oğlan uzanmışdı. Platon qamakda uzanıb yellənirdi və onun gözlərini günəşin şüası qamaşdırırdı.

 

Birdən yasəmən kolunun arxasından bir şey göründü və yenidən kolluqda gizləndi. Platon qamakdan tullanıb, bunun nə olduğunu görmək istədi, amma qamakdan çıxmaq çətin oldu. Qamak fasiləsiz yellənir və xoş bir səslə çırpılırdı, kəpənəklər ətrafda uçuşur, arılar vızıldayır, beləcə, Platon qamakda uzanıb yellənməyə davam edirdi.

 

Yasəmən kolunun arxasından yenidən nəsə göründü və tez gizləndi.

 

"Bu, bizim pişiyimiz Jenya olmalıdır" deyə Platon düşündü.

 

Həqiqətən, kolun arxasından bir pişik çıxdı, ancaq bu Jenya deyildi.

 

Jenya ağ ləkələri olan boz pişikdir, ancaq bu - ləkəsiz, sadəcə  boz pişik idi.

 

- Belə bir pişiyi hardan almışıq? - Platon düşündü. Birdən pişiyin eynək taxdığını gördü. Üstəlik, pişik ağzında balaca bir tənbəki çubuğunu tutub tütün çəkirdi.

 

Platon gözlərini bərəldərək pişiyə baxdı. Platonu görən pişik onun yanına yaxınlaşdı və çubuğu ağzından çıxarıb dedi:

 

- Bağışlayın! Platonun burada harada yaşadığını bilirsinizmi?

 

- "Mənəm" – Platon dedi.

 

- Bu sənsən? - pişik soruşdu. - O halda mənimlə kolun arxasına gəl, orda səni gözləyən bir nəfər var. Platon qamakdan düşüb pişiyin arxasınca getdi. Kolun arxasında bir ayağı üstə vağ dayanmışdı.

 

Vağ Platonu görən kimi qanadlarını çırpdı, başını yellədi və dimdiyini açdı.

 

- Salam! – vağ dedi və Platona bir ayağını uzatdı.

 

Platon onun ayağını sıxmaq üçün əlini uzatdı.

 

- Bunu edə bilməzsən! - pişik hirslə dedi. - Qarşılıqlı görüşlər ləğv edildi! Salam vermək istəyirsənsə, ayağınla salam de!

 

Platon ayağını uzadıb vağın ayağına toxundu.

 

- Yaxşı, artıq salam dedin! - pişik dedi.

 

- O zamaaan uçaaaq! - vağ dedi.

 

- Bəli, o zaman uçaq! - pişik təkrarladı və vağın belinə atıldı.

 

- Hara uçacayıq? - Platon soruşdu. Ancaq vağ artıq Platonu dimdiyi ilə yaxasından tutub havaya qaldırmışdı.

 

- Buraxın məni! - Platon qışqırdı.

 

- Boş şeylər danışırsan! - pişik vağın belində rahatcasına oturmuş vəziyyətdə dedi – Səni buraxsaq, yıxılıb özünə zərər verəcəksən.

 

Platon aşağı baxdı və altında evinin damını gördü.

 

- Hara uçuruq? - deyə Platon soruşdu.

 

- Ora, - pişik dedi və müxtəlif istiqamətlərə pəncələrini yellədi.

 

Platon aşağı baxdı, aşağıda bağları, küçələri və kiçik evləri gördü.

 

Bir neçə nəfər meydanda dayanmışdı və barmaqlarını eynək kimi yumurlayaraq gözlərinin üstünə qoyub, başlarını yuxarı qaldırıb göyə baxırdılar.

 

- Mənə kömək edin! - Platon qışqırdı.

 

- Saaakit ol! Vağ  dimdiyini geniş açaraq qışqırdı.

 

Platon sinəsində bir şeyin sıxıldığını, qulaqlarının güclü bir şəkildə cingilti verdiyini hiss etdi və kiçik insanlar olan meydan sürətlə ona yaxınlaşmağa başladı.

 

- Düşür! Onu tutun! - Platon özündən yuxarıda pişik səsi eşitdi.