Nağıllar, hekayələr

İbrahimbəy Musabəyov. Rzanın qutusu

Bir dövlətli kişinin iki oğlu var idi: birinin adı Əhməd, o birisinin adı Səməd idi.

 

Bu iki qardaş atalarının sağlığında bir-birini artıq dərəcədə sevərdilər və atalarının hörmətini saxlayardılar. Bir gün bunların atası vəfat etdi. Atalarının ölümündən sonra bu iki mehriban qardaş atalarından qalan dövləti öz aralarında iki yerə böldülər. Bölgüdən bir qədər sonra böyük qardaş özü üçün toy eləyib, külfət sahibi oldu. Balaca qardaş isə dövlətin hamısını nağd pul eləyib, alışveriş üçün Hindistana getdi.

 

Balaca qardaş özü üçün ticarət edib pul qazandığı halda, böyük qardaş heç bir işlə məşğul olmayıb, atadan qalan dövləti xərcləməkdə idi. Bundan bir neçə il keçdi. Böyük qardaşın beş yaşında Rza adlı bir oğlu var idi. Rza ata və anasının sayəsində yaxşı tərbiyə almışdı. Atası pullarını xərclədiyi halda, Rza əlinə düşən qəpikləri bir qutuya yığmaqda idi. Əhməd kəsb etmədiyindən pulları qurtardı. Yavaş-yavaş özgədən borc alıb xərcləməyə başladı. Borc almaq eyib deyil, ancaq Əhməd aldığını vermədiyi üçün az zamanda cəmiyyətin hörmət və etibarından düşdü. Əhməd yavaş-yavaş ev əşyalarını satmağa başladı. Bir tərəfdən də pul sahibləri Əhmədin yanına gəlib-getməkdən təngə gəlmişdilər. Buna görə də pulun sənədlərini divana verib qanun ilə pullarını istədilər. İndi zavallı kişinin əlacı hər yerdən kəsildi. Buna kömək edəcək adam yox idi. Bu halda qardaşı Səməddən belə bir teleqram aldı: “Daha öz şəhərimizə gəlirəm və sabah sənə qonaq olacağam!”

 

Əhməd bu teleqramı alıb çox şad oldu və arvadına dedi:

 

— Qardaşım üçün tədarük gör. Sabah gəlib bizdə qonaq qalacaq. Bizə bu halımızda ancaq o kömək edə bilər. Çünki onun dövləti çoxdur.

 

Doğrudan da, Rzanın əmisi Hindistanda artıq dərəcədə dövlətlənmişdi.

 


Hindistanda olduğu vaxt qardaşının əhvalından xəbərdar olub, ona kömək eləmək üçün gəlirdi. Fikri bu idi ki, onu bir işə qoyub, rahat dolanmasına səbəb olsun. Lakin Rzanın əmisi Səməd qardaşının əxlaqını yaxşı bilmirdi. Ona görə də onu imtahan etmək istədi. Bunun üçün də fəqir libası geyinib, günorta vaxtı qardaşının yanına gəldi. Qardaşı isə onu, doğrudan da, fəqir hesab edib, onunla yaxşı görüşmədi. Şirin dil ilə söhbət etmədi. Elə sifət göstərdi ki, guya evindən qovmaq istəyir. Axırda buna bir qədər yemək və içmək verib xudahafiz deməmiş cəld evdən çıxdı ki, bəlkə, qardaşı tez çıxıb gedə.


Rza isə əmisinə artıq dərəcədə məhəbbət edib həmişə onun əlindən, üzündən öpərdi. Rza əmisini artıq dərəcədə fağır görüb, ona xərclik vermək istədi. Buna görə pul qutusunu gətirib əmisinə verdi və dedi: “Əmiciyim, bəlkə, sənin xərcliyin yoxdur, mən pullarımı sənə bağışlayıram, al xərclə!” Rzanın əmisi Səməd qardaşı Əhmədin rəftarından artıq dərəcədə məyus olmuş idisə də, balaca Rzaya yazığı gəlib cibindən çek dəftərini çıxartdı və yüz min manatlıq çek yazıb bir məktub ilə bərabər Rzanın qutusuna saldı. Məktubun məzmunu belə idi: “Balaca bala! Hərçənd ki sənin atan və mənim qardaşım fəna xüsusiyyətli bir adamdır, amma sənin tərbiyən, əxlaqın gözəldir. Buna görə də mən sənə yüz min manat bağışladım”. Bundan sonra Səməd Rza ilə görüşüb getdi. Rza isə balaca olduğundan bu əhvalatdan bir şey anlamamışdı. Ona görə də bu iş onun ata və anasına naməlum qalmışdı.

 

Bir gün borc sahibləri pullarını Əhməddən almaq üçün bunların evinə divan tərəfindən məmur gətirib, ev əşyasını yazdırdı. Bunu görüb Rza öz qutusunu gətirdi və açıb məmurun qabağına boşaltdı. Əhməd qutudan çıxan kağızları görüb, oxumağa başladı. Bu vaxt qardaşının fağır olmadığını və bunu imtahan etdiyini bildi. Tutduğu işdən peşman olub, artıq dərəcədə xəcalət çəkdi.

 

Əhvalatı biləndən sonra Əhməd məmura çeki göstərib dedi: “Daha evimizin əşyasını yazmayın, sabah mən bankdan pulları alıb, pul sahiblərini razı elərəm.Doğrudan da, sabahı günü Rzanın atası bankdan pulları alıb, pul sahiblərini razı və sakit etdisə də, özü rahat və sakit ola bilmədi, çünki qardaşının belə yaxşı sifətini görüb, onun ilə etdiyi rəftardan xəcalət çəkdi.