Səməd Behrəngi. Tülkü və dəvə
Günlərin bir günü yoldan keçən dəvə tülkü ilə rastlaşdı. Tülkü ona sataşmağa başladı:
– Dəvə, görərsən, mən bir gün səni yeyəcəyəm.
Dəvə güldü, bir söz deməyib işinin dalınca getdi. Ancaq öz-özünə dedi: “Sən tülkü ol, mən də dəvə. Sənə elə sataşım ki, ömrün boyu yadından çıxmasın”.
Bir gün sonra dəvə tülkünün yuvasının yanına gəldi, uzanıb özünü ölülüyə vurdu.
Tülkü yuvasından bayıra çıxıb gördü ki, dəvə yıxılıb ölüb, özü də düz yuvasının ağzında. Dəvəni qıçından dişlədi ki, görsün doğrudan ölüb, ya yox. Dəvə tərpənmədi. Tülkü öz-özünə dedi: “Bunu burada qoysam, çaqqal, canavar gəlib yeyər, yaxşısı budur, quyruğunu quyruğuma bağlayıb aparım öz yuvama”.
O, dəvənin quyruğunu öz quyruğuna bağladı. Düyünün möhkəm olduğunu yoxlamaq üçün bir neçə dəfə dartındı.
Dəvə işin bitdiyini görüb birdən yerindən qalxdı və yola düzəldi. Dəvənin quyruğundan asılmış tülkü isə havada yırğalanmağa başladı.
Bir az gedəndən sonra canavara rast gəldilər. Canavar tülkünü bu halda görüb güldü:
– Tülkü lələ, xeyir ola, hara belə gedirsən?
Tülkü dedi:
– Hələ özümə də bəlli deyil. Böyüklərlə quyruq-quyruğa vermişəm, görək hara aparacaq.
27.04.2021