Nağıllar, hekayələr

Sevinc Nuruqızı. Major və Minor

Biri var idi, biri yox idi. Yer üzündə əbədi qarlar və buzlaqlar ölkəsi var idi. Bu ölkədə bəstəkarlar kədərli musiqi yazar, uşaqlar kədərli nəğmələr oxuyardılar. İnsanlar sevinməz, acı göz yaşları axıdardı. Göz yaşları üst-üstə yığılar, donar, buz dağlarına çevrilər, sonra parçalanıb böyük aysberqlər şəklində okeanı səyahətə çıxardılar. Mahnılara kədərli ahəng verən cılız, alçaqboylu, qaraqabaq Minor özünü bu işdə günahkar hiss edər, heç kimlə danışmaz, gülməzdi. Günlərin bir günü Minor ölkədən getmək qərarına gəldi:

 

— Qoy insanlar xoşbəxt yaşasın, şən nəğmələr oxusunlar.

 

Minor aysberqlərdən birinin üstünə çıxıb sürətlə bu diyardan uzaqlaşdı. Bərk külək əsir, ətrafda dalğalar şahə qalxırdı.

 

...Qəfildən günəş çıxdı, külək kəsdi, okean sakitləşdi. Sonra mavi suların qoynunda bir qayıq peyda oldu. Qayıqdan ətrafa şən musiqi yayıldı. Minor boylandı:

 

— Ey, sən kimsən?

 

Qayıqdakı hündürboylu, şən səsli və yüksək əhvali-ruhiyyəli oğlan dilləndi:

 

— Mən Majoram.

 

Minor həyəcanlandı:

 

— Dayan, Major, getmə! Sən bizim ölkəyə çox lazımsan. Əbədi qarlar və buzlaqlar ölkəsinə.

 

Major gülümsədi:

 

— Harada insanlara lazımamsa, ora getməyə həmişə hazıram. Dostum, tullan qayığa, birlikdə gedək.

 

...Günlər keçdi. Buzlaqlar ölkəsinə bahar gəldi. Ağaclar çiçəklədi, quşlar şən nəğmə oxudu. Bu ölkənin insanları ilk dəfə idi ki, baharı" görürdülər. Onlar sevinir və deyirdilər:

 

— Yaşasın iki dost: Major və Minor! Biz sizi çox sevirik!