Nağıllar, hekayələr

Abdulla Şaiq. Kiçik qəhrəman

Azayın atası Böyük Vətən möharibəsinin lap birinci ilində əsgər getmişdi. Anası da dəmiryolunda işə düzəlmişdi. Atasının ayrılığı Azaya çox təsir edirdi, onu hər yadına salanda faşistlərə lənət oxuyurdu.

 

Bir gün Azay yuxudan həyəcan içində oyandı. Çox halsız və nəşəsiz idi. Anası oğlunun bu vəziyyətindən narahat oldu:

 

— Oğlum, niyə qəmlisən, nə olub?

 

— Heç!

 

— Necə heç, rəngin qaçmış, öz-gözünə qəm, kədər tozu çökmüş, yoxsa atanın xiffətini edirsən?

 

Azay başını köksünə dikərək bir az sakit durdu, sonra başını qaldırmadan dedi:

 

— Ana, atamı əsgər paltarında cəbhəyə göndərdiyimiz gün yadındadırmı?

 

— Yadımdadır oğlum, o gün həm şən, həm də o kədərli idi. Əsgər paltarı isə ona gözəl yaraşırdı. Qatar yola düşəndə gülə-gülə səni qucaqladı: “İgid oğlum, mərd ol”, — dedi, — atanı düşünmə, mənim üçün darıxsan, ana vətənə qulluq et, o, mənim üçün hər şeydən — atadan, anadan da əzizdir.

 

Azay anasının sözünü bitirməyə imkan vermədi:

 

— Yadımdadır... mən onun boynunu qucaqlayıb hönkür-hönkür ağlayırdım. O məni qucaqlayıb öpəndə yaşlı kirpikləri üzümü islatdı. Qatar hərəkət etmək özrə idi. Məni zor-güc sakit edib vaqona atıldı. Qatar fit çala-çala hərəkət etdi. O, pəncərədən bizə baxırdı, mən də ona... Bunlar yadındadırmı?

 

—Yadımdadır oğlum!..

 

— Bu gecə olduğu kimi bunları yuxuda görmüşəm. Qatar hərəkət edərkən, sənə baxıb hönkür-hönkür ağlarkən öz səsimə oyandım.

 

— Xeyirdir oğlum, ağlamaq sevinməkdir, inşallah, müharibə zəfərlə başa çatar, atan da sağ-salamat qayıdar.

 

Azayın gecədən bəri köksünə sığmayan kədəri elə bil bir qədər sovuşdu...

 

Sərin, buludlu bir gün idi. Azay dəmiryolunun şimala doğru uzanan yaşıl çəmənliyində çiçək dərə-dərə gedirdi. Əlvan çiçəklərdən bir dəstə bağladıqdan sonra dincəlmək üçün bir komanın ətəyində uzandı.

 

Azay gözlərini dəmiryoluna dikərək nə isə düşünürdü. Atası bu yolla getmiş, bu yolla da qayıdacaqdı.

 

Bu yollar nə qədər Azay kimi oğulların atasını cəbhəyə aparmışdı; günlərin bir günündə bu yollar həmin ataları öz ailələrinə, balalarına qovuşduracaqdı. Bu zaman Azayın gözlərinə bir kölgə ilişdi. Diqqətlə baxıb gördü ki, tanımadığı bir adam dəmiryoluna yaxınlaşıb şübhəli nəzərlərlə ətrafa baxdı. Sonra relslərin altını sürətlə qazaraq oraya nə isə qoyub qorxa-qorxa sürətlə geri çəkildi. Azay yad adamın bu hərəkətlərindən çox şübhələndi, dərhal ayağa qalxıb onu qarşıladı. Yad adam Azayı görən kimi yolunu dəyişərək ondan uzaqlaşmaq istədi. Azay buna imkan vermədi:

 

— Ey kimsən?

 

Yad adam gülümsəməyə çalışdı:

 

— Neyləyirsən? Mən də sənin kimi bir vətəndaş! De görüm, sən kimsən?

 

Azay cavab verməyib şübhəli nəzərlərlə ona baxdı. Yad adam söhbətin səmtini dəyişmək istədi:

 

— Sənin də atan cəbhədədir?

 

— Bəs harda olacaq? Göndərsələr, mən də gedərəm.

 

Kişi fürsəti fövtə verməməyə çalışdı:

 

— Eh...h... Atalar neylədi ki, sənin kimi südəmər oğullar neyləsin.

 

Azay acıqlı-acıqlı ona baxdı. Yad adam buna əhəmiyyət verməyib sözünə davam etdi:

 

— Yazıq, sənin vətəninmi var?.. Bu gün, sabah almanlar onu da alacaq, vətənsiz qalacaqsan...

 

Azayın gözləri kəlləsinə çıxdı. Dərhal atasının sözləri yadına düşdü: “Atanı düşünmə, mənim üçün darıxsan, ana vətənə qulluq et! O, mənim üçün hər şeydən — atadan da, anadan da əzizdir”. Bu sözləri xatırlayıb Azay qəhərləndi, gözləri doldu özünü saxlaya bilməyib, ondan uzaqlaşmağa çalışan yad adamın üstünə atıldı, iki əli ilə boğazından yapışdı:

 

— Ay xain, mənimmi vətənim yoxdur... Nə? Mənim vətənim yoxdur?!

 

Yad adam boğazını zor-güc Azayın əlindən qurtarıb kənara çəkildi:

 

— Şeytan oğlu, bu saat səni atavın yanına göndərəcəyəm — deyə cibindən bir fin bıçağı çıxardı. Hücum etmək istədikdə Azay yerdən böyük bir daş götürüb onun əli qarışıqlı fin bıçağına vurdu. Kişinin əli bərk əzildi, bıçaq əlindən yerə düşdü. Azay cəld bıçağı götürüb dikəldi:

 

— İndi, sənin canın mənim əlimdədir. Xain, satqın, mənim vətənim yoxdur?

 

Elə bu zaman yoldan keçən iki hərbi nəfər onları görüb yaxınlaşdı:

 

— Niyə vuruşursunuz?..

 

— Bu adam deyir ki, sənin vətənin yoxdur!.. Bu gün-sabah almanlar bu yerləri də alacaq, sən vətənsiz qalacaqsan.

 

— Yalan deyir! — deyə yad adam artıq söz söyləyə bilmədi.

 

— Yalan demirəm, bax, bu fin bıçağı ilə məni öldürmək istəyirdi. Daş ilə vurub əlini əzdim, bıçaq əlindən yerə düşdü. Xain, mənimmi vətənim yoxdur, atam gedəndə vətəni mənə tapşırıb.

 

Hərbi geyimdə olan bu iki nəfər lap əvvəlcədən elə bu qəribə adamın hərəkətlərindən, danışığından şübhələnmişdilər. Odur ki onu özləri ilə aparacaqlarını bildirdilər. Arada Azayın da kim olduğunu soruşdular:

 

— Mən dəmiryolu keşikçisi Gülxanımın oğluyam. Adım da Azaydır — deyə o qürurla cavab verdi. Onlar şübhəli qonağı apardılar. Azay da anasının yanına qayıtmaq üçün dəmiryolun qırağı ilə yola düzəldi. Anasının keşikçi daxmasına yüz addım qalmışdı ki, gördü uzaqdan qatar gəlir. Anası da əlində kiçik göy bayraq tutmuşdur. Azay yad adamın dəmiryolu relsləri altına gizli bir şey qoyduğunu ancaq indi xatırladı, ayılan kimi oldu. Qaça-qaça tez özünü anasına çatdırdı. Qatar yaxınlaşırdı. Azay anasının cibindən kiçik qırmızı bayrağı çıxarıb göstərə-göstərə:

 

— Ana, yol təhlükəlidir, yol təhlükəlidir... Sonra sənə danışaram, — deyə ucadan bağırdı.

 

Qatar yaxınlaşınca dayandı. Vaqonlardan bir neçə zabit və qatar rəisi düşüb Gülxanıma yanaşdılar. Ondan qırmızı bayraq göstərməyin səbəbini soruşunca Azay gördüyü adamın relslərin altına nə isə qoyduğunu, onunla aralarında olan hadisəni anlatdı. Zabitlər tez Azay ilə bərabər haman yerə getdilər. Doğrudan da, relslərin altına dinamit qoyulmuşdu. Onu Azay görüb xəbər verməsəydi, qatarla cəbhəyə gedən bütün əsgərlər və zabitlər tələf olacaqdı.

 

Zabitlər Azayın bu hərəkətindən çox məmnun qaldılar, onu qucaqlayıb öpdülər, göyə atıb-tutdular, minlərlə döyüşçünün xilaskarı adlandırdılar. Zabitlərdən biri dedi:

 

— Kiçik vətəndaş, sağ ol, bizi böyük bir təhlükədən qurtardın, bu mərdliyin əvəzində sən böyük mükafata layiqsən.

 

Azay cavab verdi:

 

— Mən öz vətəndaşlıq vəzifəmi yerinə yetirmişəm. Sizdən ancaq bir şey istəyirəm. Düşməni vətənimizdən tez qovun, atamı da götürüb zəfərlə vətənimizə qayıdın.

 

Kiçik Azayın bu vətənpərvərliyi hamıda ruh yöksəkliyi oyatdı.

 

Qatar hərəkət etdi. Pəncərədən uzanan əllər Azayı alqışlayırdı. Bu əllər, gülər üzlər elə bil Azaya deyirdi:

 

— Balaca qəhrəman, çox darıxma, sənin kimi oğulların ataları məğlub olmaz, çox çəkməz ki, sən istəkli atanla görüşərsən.