Nağıllar, hekayələr

Lev Tolstoy. İlyas

Ufa quberniyasında İlyas adlı başqırd yaşayırdı. Atadan-babadan kasıb olmuşdular. Bir il öncə atası onu evləndirmiş və dünyasını dəyişmişdi. O vaxtlar İlyasın təsərrüfatında yeddi madyan, iki inək və iyirmi baş qoyun vardı. Lakin İlyas təsərrüfatçıl idi və hər şeyi özü əldə etməyə başladı: arvadı ilə birgə səhərdən axşamadək çalışardı, hamıdan əvvəl oyanır, hamıdan sonra yatırdı və var-dövləti ildən-ilə artırdı. Beləcə İlyas 35 il zəhmət çəkə-çəkə yaşadı və böyük mal-dövlət sahibi oldu. İnsanlar deyirdilər: “İlyas xoşbəxt adamdır. Onun hər şeyi var. Bu dünyanı qoyub getmək nəyinə lazımdır?”


Yaxşı insanlar onu tanımağa və onunla tanışlığa can atmağa başladılar. Yanına uzaq ellərdən də qonaqlar gələrdi. O da hamını qəbul edir, hamı üçün süfrə açırdı. Kimliyindən asılı olmayaraq, hamı qımıza, çaya, şorbaya və qoyun ətinə qonaq edilirdi. Qonaqlar təşrif buyurdumu, o saat bir və ya iki qoyun kəsilərdi. Qonaqların sayı çox olanda madyan da kəsilərdi.

 

İlyasın iki oğlu, bir qızı vardı. O, oğlanlarını evləndirdi və qızını da ərə verdi. İlyasın kasıb vaxtlarında oğlanları da onunla birgə zəhmətə qatlaşır, özləri ilxıları və qoyunları otarırdı, amma varlanan kimi oğullar nadinclik etməyə başladılar. Birini, böyük oğlunu dava-dalaş vaxtı öldürdülər, o birisinin — kiçiyinin arvadı dikbaş çıxdı və bu oğul atasının sözündən çıxmağa başladı. İlyas onun təsərrüfatını ayırmaq məcburiyyətində qaldı.

 

İlyas oğluna ev və mal-qara verdi, var-dövləti azaldı.

 

Bundan az keçməmiş tezliklə İlyasın qoyun sürüsünə xəstəlik düşdü və əksəriyyət qırıldı. Sonra aclıq ili başladı — ot olmadı: qışda mal-qara tələf oldu. Ardınca qırğızlar sürünün ən yaxşısını qovub apardılar və İlyasın təsərrüfatı puç olmağa başladı.


Tale 70 yaşlı İlyası o vəziyyətə gətirib çıxartdı ki, o kürkləri, xalıları, yəhərləri, alaçıqları dəyər-dəyməzinə satdı və axırıncı mal-qarasının da axırına çıxdıqdan sonra heç nəyin yiyəsi oldu. Hər şeyini necə itirdiyini özü də anlaya bilmədi və ahıl yaşında arvadı ilə birgə qulluqçuluq etməyə yollandı. Qonşuları Məhəmmədşahın qocalara yazığı gəldi. Məhəmmədşah özü nə kasıb,nə də varlı idi, ürəyi istədiyi kimi ömür sürürdü. Yaxşı adam idi. İlyasla kəsdiyi duz-çörəyi unuda bilmədiyi üçün ona ürəyi yandı və qocaya dedi: “İlyas, yanıma gəl, qarınla birgə bizimlə yaşa. Yay vaxtı bostanda gücün çatandan yapış, qışda mal-qaranı yemlə, Şam-Şemaqi isə qoy madyanları sağsın, qımız düzəltsin. Hər ikinizi yedizdirərəm, geyindirərərəm, nə də gərəyiniz olsa, verərəm”. İlyas qonşusuna minnətdarlıq etdi və qarısı ilə birgə Məhəmmədşahın evində qulluqçuluq etməyə başladı.

 

Təsərrüfatda bu cür adamların çalışması ev sahibini qane edirdi, çünki qocalar əvvəllər özləri də sahibkar olduqlarından qayda-qanuna əməl edir və tənbəllik göstərmədən gücləri çatdığı qədər çalışırdılar; lakin Mə- həmmədşah onlara nəzər salanda belə alicənab insanların bu cür vəziyyətə düşməsinə heyifsilənirdi.

 

Məhəmmədşahgilə onun qudaları — uzaqda yaşayan qonaqları təşrif buyurdu; molla da gəlib çıxdı. Məhəmmədşah qoyun tutub kəsməyi buyurdu. İlyas qoyunun dərisini soydu, əti hazırladı, yeməyi bişirib qonaqlara göndərdi.

 

Qonaqlar və ev sahibi pərqu balışlar və xalçalar üstündə oturub fincandan çay içir və söhbət edirdilər. İlyas işi başa vurub qapının yanından ötüb keçdi. Məhəmmədşah onu gördü və qonağın birinə dedi:

 

— Qapının yanından ötüb keçən qocanı gördünmü?

 

— Gördüm, — deyə qonaq söylədi, — burada təəccüblü nə var?

 

— Təəccüblüsü odur ki, bu kişi bizim bir nömrəli dövlətlimiz olub, adı İlyasdır, ola bilsin, eşitmisən, hə?

 

— Necə eşitməmişəm, — qonaq deyir, — görməyinə görməmişəm, amma onun şan-şöhrəti uzaqlara yayılmışdı.

 

— Bax belə, indi onun heç nəyi yoxdur, özü isə mənim təsərrüfatımda işləyir, qarısı da yanında, madyanları sağır.


Qonağı təəccüb bürüdü, ağzını marçıldatdı, başını yellədi və dedi:

 

— Bəli, görünür, xoşbəxtlik təkər kimi diyirlənib gedir və kimi yuxarı qaldırır, kimisə aşağı endirir.

 

Necədi, qoca xiffət çəkmir ki, — qonaq soruşdu.

 

— Kim bilir, özü üçün dinməz-söyləməz yaşayır, yaxşı işləyir.

 

Qonaqsa öz növbəsində:

 

— Onunla söhbət etmək olar? Qismətinə yazılmış həyat barədə onu sorğu-sual etmək istərdim.

 

— Nə deyim, olar — ev sahibi söyləyir alaçıq arxasına tərəf qışqırır:

 

—Babay (başqırdca baba deməkmiş), içəri keç, qımız iç, qarını da səslə gəlsin.

 

İlyas arvadı ilə içəri daxil oldu. Qonaqlar və ev sahibi ilə salamlaşdı, dua oxuyub qapının yanında dizi üstdə oturdu; qarısı isə pərdə arxasına keçib, ev sahibinin arvadı ilə əyləşdi.

 

- Hə, baba, de görək əvvəlki həyatını gözünün önünə gətirəndə darıxmırsan ki, necə xoşbəxt yaşadığını və indi bədbəxtlik içində olduğunu deyirəm, — qonaq İlyasa baxıb söylədi.

 

İlyas köks ötürüb dedi:

 

— Sən mənim xoşbəxtlik və bədbəxtlik barədə deyəcəklərimə inanmazsan; yaxşısı qarımı dindir; ürəyində nəyi varsa, dilində də odur; bu işlə bağlı həqiqəti o sənə olduğu kimi danışar.

 

Qonaq pərdə arxasında əyləşmiş qarıya müraciət etdi:

 

— Hə, nənə, de görüm əvvəlki xoşbəxtliyiniz və indiki dərdiniz barədə nə düşünürsən?

 

Pərdə arxasında əyləşmiş Şam-Şemaqi dedi:

 

— Bax gör nə deyirəm; biz qocamla əlli il bir yerdə yaşadıq — xoşbəxtlik axtardıq və tapmadıq, bax ancaq indi, hər şeyi itirdikdən və qulluqçu kimi yaşamağa başladıqdan sonra ikinci ildir ki, əsl xoşbəxtliyin dadını bilmişik.

 

Başqa firavanlığı istəmirik də.

 

Qonağı təəccüb bürüdü, ev sahibi də heyrətləndi, hətta ayağa qalxdı ki, pərdəni çəkib qarını görə bilsin. Qarısa əlləri qoynunda dayanıb gülümsəyir, öz qoca ərinə baxır, qocanın özü də gülümsəyirdi.


Qarı bir daha dedi:

 

— Mən düzünü deyirəm, zarafat etmirəm: yarım əsr xoşbəxtlik axtarmışıq və nə qədər ki dövlətli idik, onu tapa bilmirdik; indi heç nəyimiz yoxdur, qulluqçuluğa başladıqdan sonra elə bir xoşbəxtlik tapmışıq ki, bundan yaxşısını arzulamırıq.

 

— Axı indi sizin xoşbəxtliyiniz nədən ibarətdir?

 

— Deyim nədən: biz dövlətli idik, qocamla mən rahatlığın nə olduğunu bilmirdik; nə bir kəlmə söz kəsib dərdləşməyə, nə ruhumuz, qəlbimiz barədə düşünməyə, nə də əl açıb Allaha yalvarmağa bircə dəqiqə vaxtımız qalmırdı. Gah qonaqlar təşrif buyurur bizə — dərd götürür, kimi nəyə qonaq eləyəsən, hansı hədiyyələr verəsən ki, mühakimə eləməsinlər, yaxşıca dincəlsinlər və ləziz yeməklərdən doyunca yesinlər, baxırıq ki, həm də qonaqlar çıxıb gedərkən qulluqçular qarma-qarışıqlıqdan istifadə edib bir şey oğurlamasınlar. Beləcə qayğılar girdabında çapalayırdıq, günah üstündən günah işlətdikcə də xoşbəxt yaşaya bilmirdik.

 

— Bəs indi?

 

— İndisə qocamla yerimizdən qalxan kimi hər zaman bir-birimizi məhəbbətlə dindiririk, bir-birimizdən razıyıq, mübahisə etməli və qayğısını çəkməli bir şey yoxdur — bircə qayğımız odur ki, sahibimizə xidmət göstərək.

Əlimizdən gələni edirik, həvəslə işləyirik ki, sahibimiz ziyana düşməsin, qazancı olsun. İşdən gəlirik — nahar var, şam var, qımız var. Soyuqdursa, qızınmağa təzək tapırıq, kürkümüz də var. Dərdləşməyə də, özün barədə düşünməyə də, Allaha dua etməyə də vaxt çatır. Əlli il xoşbəxtlik axtarışında olmuşuq, yalnız indi onu tapmışıq.

 

Qonaqlar gülüşdülər.

 

İlyas dedi:

 

- Qardaşlar gülməyiniz gəlməsin, bu, zarafat deyil, insan həyatıdır. Mən də öz qarımla axmaq olmuşuq və əvvələr ağlayırdıq ki, bütün var-yoxumuzu itirmişik, indi isə Allah həqiqətin qapısını üzümüzə açmışdır, biz bunu özümüzə təsəlli vermək üçün yox, sizin də xeyriniz naminə danışırıq.

 

Molla da sözündən qalmadı:

 

— Bu, ağıllı sözdür, İlyas həqiqəti olduğu kimi söylədi, Müqəddəs kitabda da belə yazılıb.

 

Qonaqlar da gülməyə son qoyub susdular və dərin düşüncələrə daldılar.