Tacir və dostu
"Kəlilə və Dimnə" dən
Bir tacir səfərə hazırlaşır. Satmaq üçün aldığı bir neçə pud dəmiri gətirib yaxın bir dostuna tapşırır ki, səfərdən qayıdana kimi saxlasın. Tacir səfərə gedəndən sonra dostu dəmiri satır, pulu da gizlədir. Aradan bir müddət keçir.
Tacir səfərdən qayıdıb dostunun evinə gəlir və dəmiri istəyir. Dostu deyir:
– Doğrusu, sən gedəndən sonra siçanlar dadanıb dəmirin hamısını yeyib qurtardı.
Tacir deyir:
– Daha nə etmək olar?! Di salamat qal. Yolum uzaqdı.
Tacirin dostu işin beləcə asan həll olunduğunu görüb dil-ağız etməyə başlayır:
– Qal, bir gün qonağım ol, sabah gedərsən.
Tacir deyir:
– Qala bilmərəm. Sabah yenə gələrəm.
Tacir evdən çıxanda yolda dostunun oğluna rast gəlir. Uşağı aparıb etibarlı bir yerdə gizlədir. Səhərisi yenə də dostunun evinə gəlir. Tacir dostunun bərk əl-ayağa düşdüyünü görüb soruşur ki, nə olub?
Dostu deyir:
– Uşaq dünəndən itib.
Tacir deyir:
– Dünən mən sizdən çıxanda qaraquş bir oğlan uşağını caynağında aparırdı.
Tacirin dostu deyir:
– Heç qaraquş o boyda uşağı apara bilər? Bu boyda yalan olar?
Tacir deyir:
– Siçanları dəmir yeyən bir ölkədə qaraquşlar uşağı apara bilər.
Tacir uşağı gizlətdiyi yerdən çıxarıb gətirir. Dostu tutduğu işdən peşman olub dəmirin pulunu verir.
09.02.2021