Nağıllar, hekayələr

Əli Səmədli. Çayın gileyi

Kiçik çay uzun illər idi ki, bir gölə axırdı. Bu göl çayın sularını acgözlüklə udurdu. Çay isə uzaqlara axıb getmək istəyirdi, amma arzusu həmişə ürəyində qalırdı.

 

Bir gün o, gölə dedi:

 

– Sən çox acgözsən. Mən yaz-qış, gecə-gündüz sənin qarnına axıram, heç doymaq bilmirsən. Sən doysan, mən axıb lap uzaqlara gedərəm.

 

Göl cavab verdi:

 

- Sən məni o qədər də acgöz bilmə. Mən öz suyumdan günəşə pay verirəm ki, yağış yağdırsın.

 

– O, yağışı necə yağdırır ki?

 

– Günəş mənim suyumu buxarlandırıb havaya qaldırır. Buxar isə göylərdə soyuyub yağışa çevrilir və yerə tökülür.

 

Çay acıqlı-acıqlı:

 

– Vermə suyunu günəşə, – dedi.

 

– Axı onda yağış yağmaz.

 

– Qoy yağış yağmasın.

 

Göl gülüb dedi:

 

– Axı onda çaylar quruyar.

 

Çay fikrə getdi. O hər şeyi başa düşdü və həmin gündən səsini çıxarmadan sakit-sakit gölə axmaqda davam etdi.