Nağıllar, hekayələr

Xeyirxah insan

Bir zamanlar ər və arvad yaşayırdı. Bir gün ər arvadına səyahətə çıxacağını söylədi və uzun bir yola çıxdı.


Az getdi, çox getdi, yol boyu hər tərəfi bürümüş alova və bir də alovdan qaçan, sürünən bir ilana rast gəldi. İnsan atından enmədən ilanı qamçısı ilə qaldırıb yoldan kənara, çəmənliyə atdı.


İlan dil açıb dedi:

 

- Məni kənara atma, xilas et!  Alovdan yaman qorxuram!


İnsanın ilana rəhmi gəldi və yerdən qaldırıb qoynunda gizlətdi.


Bir yerdə yol getdilər, ilan yenidən ona səsləndi:


- Ruhum bu atəşdən çox qorxur. Məni daha dərinə gizlə, əks halda ruhum məni qorxudan tərk edəcək.


Səni başqa harada gizlədə bilərəm axı? - insan soruşdu.


- İcazə ver boğazında gizlənim! Alov ətrafdan çəkilən kimi geri çıxacam.


İnsan ilanı boğazına saldı.


Xeyli yol getdilər və, nəhayət, ətrafdakı alov bitdi. 


- İndi çıx! - insan ilana səsləndi.


İlan isə cavabında dedi:


- Sənin kimi bir çox insanı aldatmışam. Burada yerim yaxşıdır. Yaşadığın müddətcə məni yedizdirib bəsləməlisən.


İnsanın ürəyi az qala sinəsindən çıxdı, halı pisləşdi, ürəyi bulandı. "Bu vəziyyətdə" insan öz-özünə düşündü, "ölümümü qarşılamaq üçün özümə yaxşı bir yer tapmalıyam."


İnsan bir ağaca yaxınlaşdı. Yəhərini atdan çıxardı, başının altına qoydu və ağacın altında yatmağa uzandı. Yoldan keçən bir pişik onun yanına gəlib soruşdu:


- Niyə burada yatırsan?


İnsan ona başına gələn hadisədən, ilanın boğazından çıxmaq istəməməsindən danışdı.


- Qorxma! - pişik dedi.- Asan işdir! - İlanı sənin boğazından çıxaracam.


Pişik uzaqlaşdı. Meşədə bir bülbüllə qarşılaşdı və ona dedi:


- Orada ilan kişinin boğazından çıxmır. Bülbül, sən ilan dilini yaxşı bilirsən. Gedək birlikdə onu çıxardaq. İnsanın üstündəki ağacın budağında oturub ilan dilində danışarsan. Deyərsən ki, "Burada nə qədər gözəl çiçəklər bitir, ətrafa ətir yayır! Yazıq o kəslərə ki, belə yaxşı havada, qaranlıqda öz yuvasında oturub".


Bülbül pişiyin dediklərini etdi, pişik isə insanın çənəsinin altına oturub gözlədi. Bülbül danışıb oxuyan kimi ilan başını kişinin boğazından çıxartdı. 


Adam xilas oldu. Pişiyə ürəkdən təşəkkür etdi və yoluna davam etdi.


İnsan dostunun evinə gəldi. Dostlar yeyib, içib, söhbət etdilər. Bu zaman bir pişik qonağın yanına gəldi və geyindiyi uzun çərkəz paltarının üstünə uzandı. 


Dostlar uzun müddət danışdılar, sonra qonaq yola çıxmaq üçün yerindən qalxdı, ancaq çərkəz paltarının üstündə yatmış bir pişik gördü. Oturub, bir az gözlədi, sonra pişiyi oyatmamaq üçün çərkəz paltarının yaxasını, pişiyin yatdığı hissəsini xəncərlə kəsdi.


Dostu son dərəcə təəccübləndi və qonağından soruşdu:


- Niyə belə elədin?


Qonaq başına gələn hadisələrdən, ilandan necə qurtulduğundan danışdı, sonra yoluna davam etdi.


O zamandan bəri insan pişiklərlə yaxşı rəftar etdi, onları bəslədi, hətta evində belə saxladı.


Bax beləcə, insanla pişik arasındakı dostluq əbədi oldu.