Nağıllar, hekayələr

Nikolay Nosov. Barbosu ziyarət edən Bobik

Bir vaxtlar Barboska adlı bir köpək var idi. O, dostu-pişik Vaska ilə babanın yanında yaşayırdılar. Baba işə gedəndə, Barboska evi qoruyurdu, pişik-Vaska isə siçanları tuturdu.

 

Bir gün Baba işə getdikdən sonra, pişik Vaska gəzmək üçün harasa qaçdı, Barbos isə evdə tək qaldı. Darıxdığından o, pəncərənin qarşısına keçdi və pəncərədən çölə baxmağa başladı. Ona darıxdırıcı idi deyə ətrafa əsnəməyə başladı.

 

“Baba üçün yaxşıdır! Barboska düşündü. - İşə gedir və işləyir. Vaska üçün də pis deyil - evdən qaçır, damların başında gəzir. Mən isə evdə oturub mənzili qorumalıyam”.

 

Bu zaman Barbosun dostu Bobik küçədən keçirdi. Onlar köhnə dost idilər, tez-tez həyətdə görüşüb birlikdə oynayırdılar. Barboska dostunu görüb sevindi:

 

- Ey, Bobik, hara qaçırsan?

 

"Heç bir yerə" Bobik cavab verdi - Sadəcə qaçıram. Sən niyə evdə oturubsan? Gəl gedək gəzək!

 

- Gələ bilmərəm, - Barbos cavab verdi, - Baba evi qorumağı əmr edib. Məni ziyarət etməyə gəlsən yaxşıdır.

 

- Heç kim ​​qovmayacaq?

 

- Yox. Baba işə gedib. Evdə heç kim yoxdur. Pəncərədən gir evə.

 

Bobik pəncərədən dırmaşaraq evə girdi, maraqla otağa baxmağa başladı.

 

- Yəqin burada sənə yaxşıdır!? – Bobik Barbosdan soruşdu - Sən böyük bir evdə yaşayırsan, mən isə damından su sızan, şəraitsiz bir it damında!

 

- Bəli, - Barbos cavab verdi, - yaxşı mənzilimiz var: mətbəxi, iki otağı və hamamı var.  Harada istəyirəm gəzə bilirəm!

 

- Mənim sahiblərim məni dəhlizə belə buraxmırlar! - deyə Bobik şikayət etdi. - Deyirlər - mən bir həyət köpəyiyəm, ona görə də it damında yaşamalıyam. Bir dəfə təsadüfən evə girdim, üstümə qışqırdılar, söydülər, hətta çubuqla kürəyimə belə vurdular.

 

Bobik pəncəsini qulağının arxasında aparıb qulağını qaşıyırdı ki, divardan asılı olan saatı gördü və soruşdu:

 

- Divardan asdığınız nədir? Durmadan tik-tak, tik-tak səs çıxarır, altından isə nəsə yellənir.

 

"Bu bir saatdır" - Barbos cavab verdi - Heç saat görməmisən?

 

- Yox. Onlar nə üçündür?

 

Barbos özü saatın nə üçün olduğunu heç bilmirdi, amma yenə də izah etməyə başladı:

 

- Yaxşı, bu belə bir şeydir, bilirsən ... saat ... yeriyir ...

 

- Necə yeriyir? - Bobik təəccübləndi. - Ayaqları yoxdur axı!

 

- Bilirsən, yeriyir deyilir, amma əslində sadəcə səs çıxarıb, sonra vurmağa başlayır.

 

- Oho! Vay! Yəni onlar da döyüşürlər? - Bobik qorxaraq soruşdu.

 

- Yox əlbətdə! Necə döyüşə bilər!

 

- Sən dedin – vurmağa başlayır!

 

- Vurmaq, yəni “zəng səsi çixarır”: bom! bom!

 

- Oh, belə de də!

 

Təsadüfən Bobik masanın üstündə daraq görüb soruşdu:

 

- Bəs bu mişar nə üçündür?

 

- Nə mişarı! Bu bir daraqdır.

 

- Bəs o nə üçündür?

 

- Eh sən! – Barbos cavab verdi. - Bütün əsr boyu it damında yaşadığın dərhal bəlli olur. Darağın nə üçün olduğunu bilirmirsən? Al saçını dara.

 

- Necə yəni saçlarını dara?

 

Barbos darağı götürüb başındakı saçları daramağa başladı:

 

- Bax gör saçını necə daramalısan. Güzgünün qarşısına keç və saçını dara.

 

Bobik darağı götürüb güzgüyə sarı getdi və güzgüdə öz əksini görüb təəcübləndi.

 

“Qulaq as!” deyə güzgünü göstərərək qışqırdı, - burada bir köpək var!

 

- Bəli, güzgüdəki elə sən özünsən! – Barbos gülərək izah etməyə başladı.

 

- Necə - mən? .. mən buradayam axı....., orada isə başqa bir it var.

 

Barbos da güzgüyə tərəf getdi. Bobik onun əksini görüb yenə qışqırdı:

 

- Bax indi ikisi var!

 

- Xeyr! – Barbos başa salmağa çalışdı. – Bunlar iki köpək deyil, biz iki nəfərik. Onlar güzgüdə cansızdırlar.

 

- Necə - cansız? – Bobik təəcübləndi. – Axı hərəkət edirlər!

 

- Diqqətlə bax! – Barbos dedi - Biz hərəkət edirik. Bax, mənə bənzəyən bir it var!

 

- Düzdü, oxşayır! - Bobik sevindi. - Sənin kimidir!

 

- Digər it də sənə bənzəyir.

 

- Nə danışırsan! – Bobik hirslə cavab verdi – Orada pis bir köpək var, pəncələri də əyridir.

 

- Səninki kimi əyri pəncələr!

 

- Xeyr, sən məni aldadırsan! Ora iki köpək qoyubsan və sənə inanacağımı düşünürsən, - Bobik dostuna kinayəylə dedi.

 

Bobik güzgünün qarşısında saçlarını daramağa başladı və birdən gülərək dedi:

 

- Bax, güzgüdəki it də saçlarını darayır! Nə eybəcərdir!

 

Barbos yalnız gülümsədi və kənara çəkildi. Bobik saçlarını darayıb qurtarandan sonra darağı yerinə qoydu və dedi:

 

- Sizin burada çox qəribədir! Məzəli saatlar, itlərlə dolu güzgülər, daraqlar və qəribə-qəribə əşyalar var.

 

- Bizim televizorumuz belə var! - Barbos fəxrlə dedi və televizoru dostuna göstərdi.

 

- Bu nə üçündür? – Bobik soruşdu.

 

- Bu belə bir şeydir ki, hər şeyi edir: oxuyur, oynayır, hətta şəkillər belə göstərir.

 

- Bu qutu?

 

- Bəli.

 

- Yalan deyirsən!

 

- Doğru sözümdür!

 

- İşlət oynasın!

 

Barbos televizoru açdı. Musiqi səsi eşidildi. Köpəklər sevindilər və otağın ortasında hoppanmağa başladılar. Gücləri bitənədək rəqs etdilər.

 

- Acdım! Yemək yemək istəyirəm! – Bobik dostuna dedi.

 

- Masaya əyləş, indi sənə qulluq edəcəm - Barbos dostuna təklif etdi.

 

Bobik masanın arxasına əyləşdi. Barboska şkafı açdı, üst rəfdə zoğal mürəbbəsi və böyük bir tort olduğunu gördü. Bir qab mürəbbəni götürüb yerə qoydu və tort üçün üst rəfə çıxdı. Tortu götürdü, enəndə isə pəncəsi mürəbbənin içinə girdi. Sürüşüb birbaşa mürəbbənin üstünə yıxıldı və bütün mürəbbə belinə bulandı.

 

- Bobik, tez gəl mürəbbə ye! - deyə Barbos dostuna qışqırdı.

 

Bobik qaçaraq gəldi:

 

- Mürəbbə haradadır?

 

- Belimdə. Yala!

 

Bobik gəlib Barbosun belinə tökülmüş mürəbbəni yalamağa başladı.

 

- Oh, Nə ləzzətli mürəbbədir! – o, dedi.

 

Sonra tortu gətirib qoydular masaya. Özləri də rahat etmək üçün oturdular. Yeyə-yeyə danışırdılar.

 

- Yaxşı yaşayırsan! - Bobik dedi. - Hər şeyin var.

 

- Bəli, - Barbos fəxrlə cavab verdi, - yaxşı yaşayıram. Gözətçi it-Barbos özündən razı danışmağa başladı - İstədiklərimi edirəm: saçlarımı daraqla darayıram, televizorda oynayıram, nə istəsəm yeyirəm, kefim istəyəndə yatağımda uzanıram.

 

- Baba sənə icazə verir?

 

- Nə babası?! Bu mənim yatağımdır.

 

- Bəs baba harada yatır?

 

- Baba küncdə o xalçanın üstündə.

 

Barboska o qədər yalan danışdı ki, artıq dayana bilmirdi.

 

- Burada hər şey mənimdir! -dəyərək öyündü - Masa da mənimdir, dolab da, şkafdakı hər şey də mənimdir.

 

- Yatağa uzana bilərəm? – Bobik soruşdu. - Ömrümdə heç yataqda yatmamışam.

 

- Yaxşı, gedək yataq, - Barbos razılaşdı.

 

Yatağa uzandılar.

 

Bobik divarda asılmış qamçı görüb soruşdu:

 

- Niyə sənin qamçın var?

 

- Qamçı? Bu baba üçündür. Əgər itaət etmirsə, mən onu qamçılayıram, - Barbos cavab olaraq söylədi.

 

- Bu lap əladır ki! - Bobik həvəslə dedi.

 

Yatağa uzandılar, uzandılar, xoşhallandılar və yuxuya getdilər.

 

Babanın işdən necə gəldiyini belə eşitmədilər.

 

Baba yatağında iki köpək olduğunu gördü, divardan qamçını götürüb onları vurdu.

 

Qorxusundan Bobik pəncərədən tullandı və öz damına sarı qaçdı,  Barbos isə yatağın altında gizləndi. Axşama qədər orada oturdu.

 

Axşam pişik Vaska evə qayıtdı. Yatağın altındakı Barbosu gördü və dərhal nə baş verdiyini başa düşdü.

 

- Eh, Vaska, - Barbos dedi, - yenə cəzalandırılmışam! Nə üçün olduğunu belə bilmirəm. Əgər baba sənə kolbasa versə, mənə bir dilim gətirərsən!

 

Vaska babanın yanına getdi, mırıldamağa və belini ayaqlarına sürtməyə başladı. Baba ona bir dilim kolbasa verdi. Vaska yarısını özü yedi, digər yarısını isə yatağın altındakı Barboskaya verdi.