Nağıllar, hekayələr

Tacik xalq nağılı. Dəvə və uzunqulaq

Bir gün bir dəvə və bir uzunqulaq karvandan çox geri qaldılar. Yaxınlıqda otlu-çiçəkli bir çəmən tapıb orada otlamağa başladılar.

 

"Gəl dəvə, dost olaq!" uzunqulaq təklif etdi. Dəvə razılaşdı.

 

Dostlar gecə-gündüz çəmənlikdə otladılar, günləri də xoş keçdi.

 

Tezliklə uzunqulaq kökəldi. Çünki o, gün ərzində sadəcə yeyib yatırdı.

 

- Ah, dostum dəvə! – uzunqulaq qışqıraraq dedi. - Sərxoş olmuşam. Oxumaq istəyirəm!

 

- Nə danışırsan, dostum! - dəvə qorxaraq söylədi - İndi oxumaq olmaz! Bu düşüncələri başından çıxar! Biz əsas yoldan o qədər də uzaq deyilik. Karvandakı adamlar səsimizi eşidəcəklər – bura gələcəklər, bizi tutaraq yenə də ağırlıq daşımağa məcbur edəcəklər.

 

- Qəlbim oxumaq həvəsindən partlayır! – uzunqular inadla təkrar etdi. - Dözə bilmirəm! Nə olur olsun oxumalıyam! Və başını göyə qaldıraraq uzunqulaq dalbadal bir neçə dəfə bərkdən qışqırdı. Uzunqulağın səsi ətrafa əks-səda verdi və bu yolla gedən karvan adamları tərəfindən eşidildi.

 

- Bura uzunqulaq necə gəlib? – adamlar bir-birlərindən soruşdular. - Yaxınlıqda yaşayış yoxdur axı!

 

Axtarışa bir nəfər göndərdilər və o, tezliklə yaxınlıqda bir dəvə, bir də uzunqulaq tapdı. Uzunqulağa minib karvana tərəf sürdü, dəvəni isə ipindən çəkdi.

 

Karvan adamları uzun yoldan yorğun olan dəvələrininin yüklərini boşaltdılar və yükləri istirahət etmiş dostlara yüklədilər.

 

- Sənə demədim ki, oxuduğun üçün bəlaya düşəcəyik? - dəvə ağır yükün altında ayaqlarını çətinliklə gəzdirərək uzunqulağa dedi.

 

Uzunqulaq susdu və çətinliklə tərpəndi. Birdən yerə yıxılaraq yuvarlanmağa başladı və kürəyindəki çantaları yerə saldı.

 

Karvan adamları onu döyməyə başladılar, lakin o özünü xəstə kimi göstərdi və ayağa qalxmadı.

 

- Zavallı uzunqulaq xəstələnib, karvanı onun üzündən saxlaya bilmərik, adamlar dedilər.

 

Uzunqulağı qaldırıb dostu dəvənin belinə, yəni yükün üstünə qoydular. Uzunqulaq vəziyyətindən çox məmnun idi.

 

Karvan min metr dərinliyindəki bir uçurumun yanından, ensiz bir dağ yolundan keçməli oldu. Dəvə başını qaldırıb dedi:

 

- Ey, uzunqulaq! Deyəsən sərxoş olmuşam. Rəqs etmək istəyirəm! Buna nə deyirsən?

 

- İndi rəqs etməyin vaxtıdır? - eşşək qorxaraq dedi - Bu fikirləri başından at!

 

- Sənin mahnını xatırladım və ürəyim mahnıya uyğun rəqs etmək istəyi ilə parçalanır, - deyərək dəvə rəqs etməyə başladı. Bir ayağını qaldıraraq başladı hoppanmağa.

 

Uzunqulaq tarazlığını saxlaya bilmədi və dəvənin belindən aşdı yerə. Yuvarlanıb düşdü uçuruma.