Xəbərlər

“İdrak” liseyi Bakıda da fəaliyyətə başladı

15.09.2014. Sentyabrın 15-də Bakıda “İdrak” liseyinin təntənəli açılış mərasimi və ənənəvi “Bilik günü” keçirilib. “İdrak” liseyi 6 il öncə Sumqayıtda fəaliyyətə başlayıb. Bu müasir tədris ocağı Sumqayıt özəl orta ixtisas kollecinin zəngin bazası əsasında yaradılıb. 
 
Artıq dörd ildir ki, liseyin buraxılışı olur. Məzunların hamısı tələbə adını qazanaraq Azərbaycanda və xarici ölkələrdə ödənişsiz təhsil alırlar. Onlar bu nailiyyətləri öz bilikləri ilə əldə ediblər. “İdrak”ın ilbəil artan uğurları onun güclü pedaqoji kollektivə malik olmasının nəticəsidir. Bakıdakı lisey üçün seçilmiş pedaqoji kollektiv də Sumqayıtdan geri qalmayacaq. 
 
Mərasim boyu şagirdlər Vətən, məktəb mövzularında şeirlər söyləyiblər. Daha sonra ilk zəng çalınıb, liseyin açılışını bildirən rəmzi lent kəsilib və şagirdlər musiqi sədalarının altında liseyə daxil olublar.