Nağıllar, hekayələr

Ana təbiətin uşaqlara məktubu

Əziz balalar!

 

Bilin və agah olun ki, Yer üzündə bütün canlılar mənim balalarımdır. Ona görə də mənə Ana Təbiət deyirlər.

 

Siz, yəqin ki, hər səhər durub güzgüyə baxırsınız və orada özünüzü görürsünüz. Mən də tez-tez güzgüyə baxıram. Bilirsiniz orada nələr görürəm? Meşədə gəzən heyvanları, göydə qanad çalan quşları, suda üzən balıqları, yer altında yuva quran qarışqaları... Bəli, bunlar hamısı mənəm – Ana Təbiət.

 

Yer üzündəki bütün canlılar bir böyük ailədir. Ancaq son vaxtlar bir çox heyvanlar, quşlar mənə şikayət edirlər. Deyirlər ki, insanlar onları incidirlər – ağacları kəsir, odlu silahlarla heyvanları öldürür, suları zəhərləyib balıqları məhv edirlər.

 

Ola bilsin, bu insanlar bilmirlər ki, həmin canlılar onların bacı-qardaşlarıdır. Bəlkə də, onlar elə düşünürlər ki, Ana Təbiət çox böyükdür. Bir neçə canlını öldürməklə ona heç nə olmaz.

 

Elə deyil!

 

Baxın, sizin barmağınıza kiçik bir tikan batanda çox ağrıdır, eləmi? Yer üzündə bir insan kiçik qarışqa yuvasını dağıdanda mənim bədənim də elə ağrıyır.

 

İnsanları başa salın. Deyin ki, mən onların eviyəm. Adam yaşadığı evi çirkləndirməz, bacı-qardaşını incitməz. Çünki bu evdən başqası yoxdur və o, həmişə sizin olacaq.

 

Balalarıma qarşı dərin sevgi və məhəbbətlə,

 

ANA TƏBİƏT