Nağıllar, hekayələr

Məmməd Namaz. Hamının günəşi

Bakıda məktəblilərin mahnı festivalı keçirilirdi. Burada Sumqayıtdan gəlmiş Fidan adlı balaca, arıq, qarayanız bir qız da çıxış etməli idi. Mahnı festivalında dahi rəhbər də iştirak edirdi və bu, balaca müğənnini çox həyəcanlandırmışdı.


Həm də Fidan dahi rəhbərin ən çox xoşladığı mahnını oxuyacaqdı. Bu, Azərbaycanın Xalq şairi Məmməd Arazın sözlərinə bəstələnmiş «Dünya sənin, dünya mənim» mahnısı idi.

 

Fidan səhnəyə çıxdı. O elə ürəkdən, elə gözəl oxudu ki, dinləyənlər hamısı qalxıb onu ayaqüstə alqışladılar.

 

Mahnının nəqarəti belə olmalı idi:

 

Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...

 

Amma Fidan mahnının nəqəratını dəyişib oxudu:


Dünya sənin,
Dünya mənim,
Dünya hamının.

 

Heydər Əliyev yerindən qalxıb səhnəyə çıxdı. Fidanı qucaqlayıb üzündən öpdü. Bu an kimsə rəhbərin adından qızcığaza gözəl bir gül dəstəsi verdi. Rəhbər soruşdu:

 

- Sənin adın nədir?

 

Qız utana-utana dilləndi:

 

— Adım Fidandır.

 

— Haradan gəlmisən, qızım?

 


— Sumqayıtdan gəlmişəm, — qız dedi.

 

— Fidan, bəs mahnının sözlərini niyə dəyişmisən? Məncə, axı orda sözlər başqa cürdür.

 

— Mahnının sözlərini bilirəm, sözləri mən özüm dəyişdim.

 

— Niyə?

 

— Belə yaxşıdır! Mən istəyirəm ki, dünya hamının olsun: Günəş kimi, bahar kimi və...


— Fidan balaca əlləri ilə rəhbərin boynunu qucaqladı: — Və sizin kimi!