Nağıllar, hekayələr

Şahsevənli Hacının köpəyi

Şahsevəndə varlı bir Hacı yaşayırdı. Onun çoxlu qızılı, vardövləti, gümüşü, mal-dövləti, qoyun-quzusu və atları var idi. Şahsevənin ucsuz-bucaqsız çəmənliklərində onun saysız-hesabsız sürüləri otlayırdı. Onun bir də böyük qorxmaz köpəyi var idi. Bu köpək onu saysız-hesabsız sürülərinin fəxri, qoyunlarının arxası, atlarının sadiq dostu idi. Hacı onu özündən çox istəyirdi. Lakin bu dünyada heç nə əbədi deyildir.

 

Bir nəhs gündə Hacı yuxudan oyanıb ayaqlarının altında sadiq köpəyini cansız gördü. Yazıq köpək! Sən demə, o, sümük udubmuş və bu sümük də onun ölümünə səbəb olubmuş. Bədbəxt Hacı, yazıq Hacı! O, acı-acı göz yaşları töküb sadiq cəsur dostunun ölümünə ağladı. Lakin bu hələ az idi. O, əmr etdi ki, onun meyidini kəfənləyib möhtərəm və hörmətli adamlar kimi dəfn etsinlər. Molla üç gün, üç gecə onun qəbri üstündə Quran oxumalı idi. Hacı sadiq köpəyin xatirəsinə yeddi gün ərzində bütün dilənçiləri, şikəstləri, fəqir-füqəranı yedirib-içirdi, onlara sədəqələr payladı və xeyrat verdi. Bu hadisə haqqında xəbərlər baş mollanın qulağına çatdı. O, dəhşətə gəldi! O, başına toz tökdü, paltarını parça-parça etdi: “Vay, müqəddəs din tapdanmışdır!".

 

Peyğəmbərin dini çirkabla qarışdırılmışdır. Quran unudulmuşdur, iman unudulmuşdur. Şəriət təhqir edilmişdir, Allaha rişxənd edilmişdir! Ey günahkarlar, köpəyin meyidini ehtiramla dəfn etməyə və onun qəbri üstündə Quran oxumağa cürət etmiş insanlar yüz min dəfə ölməyə layiqdirlər!”

 


Molla Hacını layiqincə cəzalandırmaq üçün ata mindi və Hacının yanına yola düşdü. Hacını mollanın gəlişindən xəbərdar etdilər. O, dərhal öz sürüsündən əlli yağlı qoyunu ayırmağı əmr etdi və özü isə mollanın yanına getdi. O, mollaya təzim edib onun paltarının ətəyindən öpdü və dedi:

– Ey böyük imam, bizim müqəddəs dinin dayaq və vicdanı! Mənim valideynlərim sənin ayağının tozuna qurban olsunlar! Özünün itaətkar qulunun dərdini dinlə! Mənim vardövlətimin dayağı, sürülərimin arxası, düşmənlərin qənimi, mənim köpəyim, mənim sadiq, adlı-sanlı Bozdarım öldü! O, xeyirxah və ağıllı, əsl müsəlman idi, mollalara və imamlara hörmət edirdi, hətta ölümündən əvvəl sənə əlli yağlı qoyun
vəsiyyət etmişdi.


Heyran qalmış molla ucadan dedi:


– Ah, sən onu köpək adlandırma. Onu mənim qardaşım, mənim dostum adlandır... Onun qəbrini mənə göstər, mən ora gedib ona rəhmət oxuyacağam.