Görkəmli şəxsiyyətlər

Nikkolo Paqanini (1782-1840)

Təəssüf hissi ilə etiraf etməliyik ki, adətən sürətli adlandırdığımız texniki tərəqqi bəzən həqiqətən gecikir. Məhz bu səbəbdən Nikkolo Paqanininin skripkada neçə çaldığını heç vaxt eşitməyəcəyik. Bizə yalnız onun müasirlərinin xatirələri gəlib çatıb.  Kiçik musiqi aləti dahi musiqiçinin əllərində nəinki çalır, həm də oxuyur, söhbət edir, ən məhrəm hisslərini bölüşürmüş. Dinləyicilərin gözü qabağında küçənin hay-küyü, dənizin uğultusu, uşağın göz yaşları, həyatın sevinci və kədəri canlanırmış.  Onlar  musiqiçinin virtuoz çalğısından  sarsılmış vəziyyətdə  konserti  tərk edirlərmiş. Şair Henrix Heyne  yazırdı: “Paqanini yayın yumşaq toxunuşu  ilə bizi gah günəşli ənginliklərə ucaldır, gah da qarşımızda dəhşət dolu dərinliklər açırdı”.
 
Paqanini İtaliyanın Genuya şəhərində keçirdiyi uşaqlıq illərini xatırlamağı sevmirdi. Axı, nəyi xatırlaya bilərdi ki? Atası səhərdən axşamacan onu skripka çalmağa məcbur edirdi. Oğlunun istedadlı olduğunu görən ata onun imkanlarından bəhrələnib pul qazanmaq istəyirdi.  Nikkolo yorulub əldən düşənə qədər, bəzən qabar bağlamış barmaqları qanayana qədər çalırdı.  Atası onun yalvarışlarını qulaqardına vurur, vəhşicəsinə kötəkləyir, ac-susuz vəziyyətdə anbarda dustaq edirdi. Bu cür həyat isə izsiz ötüşmürdü.  Nikolo tez-tez xəstələnirdi, lakin sağalan kimi yenə də skripkasına sarılırdı. Onun iki müəllimi vardı: bəstəkar Nyekko və musuqi müəllimi Kosta. Amma misli görünməmiş virtuozluğa fitri istedadı və gərgin məşqlər sayəsində nail olmuşdu.
 
Erkən yaşlarında İtaliyanın şəhərlərində konsertlər verməyə başlayan  Paqaninini   dərhal “möcüzə” kimi qəbul edirlər. 16 yaşında atasının himayəsindən canını qurtaran  musiqiçi Pizaya gedir. Burada onu böyük uğur gözləyir.  Virtuoz skripkaçının şöhrəti  bütün Avropaya yayılır. Lakin bu şöhrət başına cəncəl də açır: sadə musiqisevərlər də,  peşəkarlar da  onun məharətli çalğısının  sirrindən baş aça bilmirlər.  Şayiələr  dolaşır ki, Paqanininin skripkası ovsunlanıb və o, virtuoz skripkaçı olmaq müqabilində canını İblisə satıb. 
 
Əslində isə musiqiçi  gecə-gündüz işləyir, durmadan yeni texniki imkanlar axtarıb tapırdı. Paqanini özündən başqa heç kimin təkrar edə bilmədiyi saysız –hesabsız effektlər, mürəkkəb pasajlar icad edirdi. O, mürəkkəb əsərləri iki və hətta bir simdə çalırdı.  
 
Paqanini təkcə böyük skripkaçı deyil, həm də böyük bəstəkar idi. İndinin özündə də  onun “Skripkada solo ifa üçün 24 kapris”ini ifa etməyə ancaq ən böyük musiqiçilərin gücü çatır.  O dövrdə isə yalnız özü ifa edə bilirdi. Bu səbəbdən də bəstəkarın əsərləri onun  sağlığında az tanınırdı.  
 
Daimi konsert fəaliyyətindən, köçəri həyat tərzindən bezən Paqanini 1834-cü ildə Parmaya köçür. Dörd il sonra  ilk dəfə ağır xəstəlik özünü büruzə verməyə başlayır. Oğlu Axillio və dostları Paqaninini Fransaya kurorta göndərirlər. Amma heç nəyin xeyri olmur. Musiqiçi 1840-cı ilin baharında  Nittsada dünyasını dəyişir. Hətta ölümündən sonra  da onun ruhu rahatlıq tapmır. Katolik kilsəsi artistin İtaliyada dəfn olunmasına  qadağa qoyur.  Oğlu və dostları onun nəşini vətənə gətirmək üçün  35 il çalışırlar. 
 
Genuya muzeyindəki qiymətli vitrin ildə bir dəfə açılır. Burada  Paqanininin  doğma şəhərinə vəsiyyət etdiyi skripka  saxlanılır.  Qvarneri del Cezunun  hazırladığı bu skripka bir gecəliyə  Paqanini adına müsabiqənin  qalibi olan gənc musiqiçiyə verilir.  Ağzınacan dolu salonda yenə də sehrli skripkanın ecazkar sədaları eşidilir və adama elə gəlir ki, salonun tağları altında  böyük ustadın  ruhu dolaşır. 
 
Bu maraqlıdır: “Deyilənə görə, Paqanini konsertlərin birində bir simdə çalmalı olur, çünki konsertdən əvvəl bədxahları skripkasındakı qalan simləri qırırlar. Əslində isə bu ideyanı ona pərəstişkar xanımlardan biri verir. Paqanininin “Sevgililərin dueti”  kompozisiyasını iki simdə necə gözəl  ifa etdiyini görən xanım ona yaxınlaşaraq deyir:
 
-Maestro, başqa musiqiçilərin sizi ötüb keçmək ümidlərini puç edirsiniz. Görünür, bunu yalnız bir simdə çalmağı bacaran adam edə bilər, amma belə bir şey heç vaxt ola bilməz!  Paqanini onun sözlərini yadda saxlayır və bir neçə həftədən sonra  bir simdə sonata ifa edir.  Bu görünməmiş hadisə barədə xəbər dərhal bütün  şəhərə yayılır, hətta  onun ən sadə sakinlərinin qulağına gedib çatır. 
 
Bir gün musiqiçi  konsertə gecikdiyinə görə faytona minir.  Məşhur musiqiçini tanıyan faytonçu ondan gediş haqqının 10 qatını tələb edir, narazılığını bildirən sərnişinə sakit halda belə cavab verir:
 
- Axı, indi siz  bir simdə neçə çaldığınızı dinləmək imkanına görə  hər dinləyicidən  10 frank götürəcəksiniz. Paqanini özünü itirmədən cavab verir: “Yaxşı mən sizə 10 frank ödəyərəm.  Yalnız bir şərtlə: siz məni  teatra  bir təkərin üstündə çatdırmalısınız.