İsgəndər quş dili öyrənir
Bir gün İsgəndər səhər tezdən reyhan bağına çıxmışdı. Bu bağın tən ortasında böyük bir hovuz vardı. İsgəndər dünyada olan bütün balıqlardan tutub buraya salmışdı. O hər səhər tezdən gəlib bu balıqlara tamaşa edərdi. Yenə də qaydası üzrə İsgəndər həmin hovuzun kənarında oturmuşdu. Çay içə-içə balıqlara tamaşa edirdi. Gördü ki, birdən Günəşin üzü qara buludlarla örtüldü. İsgəndər qorxu içərisində başını yuxarı qaldırıb bunların qara qarğa olduğunu gördü. Qarğalar öz dillərində danışmağa başladılar, sonra çıxıb getdilər.
Beş gün, on gün, hər gün səhər tezdən qarğalar gəlirdilər, İsgəndərin oturduğu yerdə çığır-bağır salıb gedirdilər. Bir neçə gün İsgəndər bu sirri gizli saxladı. Axırda təngə gəldi, vəzirini çağırıb dedi:
— Vəzir, neçə gündü ki, hər səhər tezdən qarğalar bulud kimi Günəşin üzünü tuturlar. Çığır-bağır salıb gedirlər. Mənə elə bir adam tapmalısan ki, bu quşların dilini bilsin. Get, sənə qırx gün vaxt verirəm.
Vəzir: «Baş üstə!» — deyib, öz otağına çəkildi. Gecə-gündüz bu xüsusda düşünməyə başladı. Axırda bir gün öz-özünə dedi: «Ölmək-ölməkdi, xırıldamaq nə deməkdi? Padşah əmr edir, çıx şəhərləri gəz, ya elə bir adam taparsan, ya da elə dərələrdə ölüb gedərsən».
Vəzir hazırlaşdı, arvad-uşağı ilə halallaşıb yola düşdü. Çox getdi, az dayandı, az getdi, çox dayandı, neçə-neçə şəhərlər gəzdi, heç bir şey tapmadı. Amma geri qayıtmaq da istəmirdi.
Axşam vaxtı idi, özünü verib bir tacirin dükanının qabağında dayandı. Tacir dükanı bağladı, evə gedəndə vəzir ona dedi:
— Allah qonağıyam, məni qonaq saxlarsanmı?
Tacir dedi:
— Allaha da qurban olum, qonağına da, buyur, gedək.
Tacir vəziri evinə apardı. Yeyib-içdilər.
Onlar söhbət etməkdə olsunlar, sənə deyim tacirin qızından.
Bu tacirin ağıllı və keçmişdən, gələcəkdən xəbər verən bir qızı vardı. Tacir bu qızını iki gözündən artıq istəyirdi. Onun üçün xüsusi ev ayırmışdı, qulluğunda neçə-neçə qaravaşlar dayanmışdı. Tacirin evinə hər nə cür qonaq gəlsəydi, gərək bu qız da ismət pərdəsinin dalında oturub danışığına qulaq asaydı.
Vəzir də özünü «dərviş»əm deyə tanıtdırmışdı. Qız vəziri görən kimi tanıdı, bildi ki, İsgəndər bunu diri-diri ölümə göndərib. Vəzirə yazığı gəldi, atasını çağırıb dedi:
— Ata, bu qonaq dərviş deyil. Bu, böyük İsgəndərin ağıllı vəziridi. İsgəndər onu quş dili bilən adam üçün göndərib. İzin ver, mən onunla danışacağam.
Tacir razı oldu, qız pərdənin dalından dedi:
— Ey qonaq, sənin kim olduğun mənə lazım deyil, ancaq nə üçün gəzdiyini bilirəm. Əgər mənim adımı İsgəndərə versən, səni külə döndərib, külünü isə dəryaya səpəcəyəm. Əgər bu sirri gizlin saxlasan, sənin axtardığın adamı tapıb sənə verəcəyəm.
Vəzir sevindi, and içdi, üzünü torpağa sürtdü.
Qız dedi:
— İndi sənə inandım. Ey İsgəndərin ağıllı vəziri, buradan gün çıxana tərəf gedərsən, düz üç gün, üç gecəlik yoldur. Orada qabağına bir koma çıxacaq. O komada bir qoca kişi olur. O, bütün heyvanların dilini bilir, sənə etsə-etsə, o kömək edər.
Vəzir çox sevindi, gecəni yatdı, səhər tezdən tacir ilə xudahafizləşib yola düşdü. Az getdi, üz getdi, dərə-təpə düz getdi, sonra gəlib həmin komaya çatdı, gördü ki, komanın qapısı açıqdır. İçəri girdi, gözünə evin yuxarı başında bir ağsaqqal qoca dəydi. Vəzir sevinib dedi:
— Mənimkini Allah yetirdi.
Qocaya salam verdi; qoca kişi vəzirin salamını aldı, ona yer göstərdi. Hər ikisi şirin söhbət elədi, sonra qoca kişi vəzirə dedi:
— Bilirəm, İsgəndər səni nə üçün göndərib.
Vəzir qocadakı ağıla heyran olub dedi:
— Ey dünyagörmüş qoca, dünyanı qarış-qarış gəzən İsgəndərin yanına getməyə hazırlaş.
Qoca dedi:
— Mən hazıram.
Qoca hazırlaşdı, vəzir istədi ki, qocanı ata mindirə, qoca dedi:
— Vəzir, get, qorxma, sən oraya çatan gününün sabahı özümü oraya yetirərəm.
Qoca kişi vəziri yola saldı, yenə oturub öz işi ilə məşğul oldu.
Vəzir üçüncü gün vətəninə çatdı. Qoca da simurq quşunun qanadları arasına minib özünü vəzirə yetirdi.
Vəzir qocanı görən kimi sevindi, hər ikisi İsgəndərin hüzuruna gəldilər.
İsgəndər taxtında oturmuşdu. Gördü ki, vəzir bir nəfər qoca ilə gəlir. İsgəndər gülərüzlə vəzirə dedi:
— Vəzir, necə gəldin?
Vəzir dedi:
— Yaxşı gəlmişəm, qibleyi-aləm.
İsgəndər üzünü qocaya tutub dedi:
— Qoca, mən istəyirəm, yer üzündə bütün heyvanatın dilini öyrənəm. Sən məni öyrətməyi bacararsanmı?
Qoca dedi:
— İsgəndər, bunu öyrətməyə gəlmişəm. Amma bu sirr bütün dünyaya yayılacaq, deyəcəklər ki, böyük İsgəndər bir abidin qanına səbəb oldu.
İsgəndər dedi:
— Məgər hər elm öyrədən elmi qurtarandan sonra ölərmi?
Qoca dedi:
— Bu elm o biri elmlərdən deyil. Heyvanat dilini bir adam başqa bir adama öyrətsə, dərsi təslim edən kimi canını da təslim edəcək. İndi mənə bir otaq ayır ki, orada bir mən olum, bir də sən.
İsgəndər əmr verdi, xüsusi bir otaq ayırdılar, qoca İsgəndərə dərs verməyə başladı. Otuz doqquz gün tamam oldu, qırxıncı günün səhəri qoca İsgəndəri evdən bayıra çıxartdı, götürüb gəldi həmin hovuzun yanına. Çox keçmədi ki, göy üzünü qara bulud aldı. İsgəndər başını yuxarı qaldırıb gördü ki, həmin qarğalar yenə də gəldilər, danışmağa başladılar. Bir az danışdıqdan sonra dağılışıb getdilər.
Qoca xəbər aldı:
— İsgəndər, o qarğalar nə danışırdılar?
İsgəndər dedi:
— Qarğalar şikayət edirdilər.
Qoca soruşdu:
— Kimdən?
İsgəndər dedi:
— Bu qarğalar öz ağsaqqalları ilə şikayətə gəlmişdilər. Deyirdilər ki, Xalxal vilayətindənik, neçə müddətdir ki, orada yuva salıb yaşayırıq. Orada Bəlq adında bir pəhləvan vardır. Onun zülmü həddindən aşıbdı, əhalinin naləsi göylərə qalxır. Bütün heyvanlar Bəlq pəhləvandan narazıdırlar.
Sözünü qurtarmamışdı ki, qoca canını təslim elədi. İsgəndər qocanı böyük calal ilə aparıb basdırdı, qırx verdirdi.
Bir gün vəziri çağırtdırıb dedi:
— Vəzir, mən Xalxal vilayətinə gedirəm, əmr ver, qoşun hazır olsun, yol tədarükü görsünlər.
Vəzir:
— Baş üstə! — dedi.
Onu deyək ki, həmişə İsgəndərin yol tədarükü, qoşun hazırlığı bir aya görülərdi. Bir ay tamam oldu, hazırlıq görüldü, bunu İsgəndərə xəbər verdilər. İsgəndər atını minib qoşunun qabağına düşdü.
Nağıllarda vaxt tez başa gəldiyi kimi, mənzil də tez başa gəlir. Belə deyirlər ki, İsgəndər şəhərin altı ağaclığında olan bir dəyirmana gəlib çıxdı. Qoca dəyirmançı şeypur səsini, at tappıltısını eşidən kimi dəyirmanın unluğuna girdi. İsgəndər adam göndərdi ki, gedib görsünlər, dəyirmanda kim var. Axtarıb qocanı dəyirmanın unluğundan çıxartdılar, onu İsgəndərin yanına gətirdilər. İsgəndər qocadan xəbər aldı:
— Bəlq necə adamdı?
Qoca dedi:
— Yaxşı adamdı.
İsgəndər soruşdu:
— Qoca, dünya-aləm ondan şikayət eliyir, sən deyirsən ki, Bəlq yaxşı adamdı?
Nə qədər İsgəndər qocanı sıxışdırdı, qoca yenə də dedi: «Yaxşı adamdı».
İsgəndər dedi:
— Qoca, mənə ölkələri gəzən, bütün dünyadan xərac alan İsgəndər deyərlər!..
Qoca bayaqdan qorxurdu, elə ki İsgəndər adını eşitdi, onun ayağına yıxılıb dedi:
— Mən səni Bəlq pəhləvan bilib qorxurdum. İndi bil, agah ol, Bəlq o qalada olur, özü də üç padşahdan xərac alır.
İsgəndər kağız yazıb elçi göndərdi. Elçi gəlib elçi daşının üstündə oturdu. Bəlqə xəbər çatdı ki, elçi gəlibdi. Bəlq əmr verdi ki, gələn elçini onun yanına buraxsınlar. Elçi Bəlqin yanına gəlib baş əydi, İsgəndərin məktubunu ona verib dedi:
— Böyük İsgəndər sizdən yeddi ilin xəracını istəyir, əgər verməsəniz, dava eliyəcək.
Bəlq İsgəndər adını eşitmişdi, amma üzünü, qüvvətini görməmişdi. Ona görə də elçiyə belə cavab verdi:
— Get, İsgəndərə de ki, mən xərac verən yox, alanam, necə gəlib, elə də çıxıb getsin.
Elçi geri döndü, İsgəndərin acığı tutmasın deyə qorxa-qorxa Bəlqin dediyini ona nağıl elədi. İsgəndər qəzəbləndi, qoşuna əmr verdi ki, hücuma keçsinlər.
Bəlq şəhərin qapılarını bağlatdırmışdı. Gördü ki, bunun qabağına qoşun göndərməsə, İsgəndər deyəcək ki, Bəlq qorxdu. Qoşun qara qarışqa kimi şəhərdən kənara üz qoydu. Hər iki tərəf üç gün vuruşdu, bir-birinə bata bilmədi.
İsgəndər vəziri çağırıb dedi:
— Vəzir, necə bilirsən, mən bu davada qoşun qırdırmaq istəmirəm, şəhəri qansız almaq istəyirəm.
Vəzir dedi:
— Məsləhət sizindi, şahım!
— Vəzir, get mənə min ədəd erkək keçi, səkkiz qatır yükü parça al gətir.
Vəzir getdi, axşama bir xeyli qalmış min keçi, səkkiz qatır yükü parça alıb gətirdi. İsgəndər qoşuna əmr verdi ki, ertədən hərə bir keçi götürüb parçadan onun buynuzuna bağlasın. Qoşun həmin saat şahın əmrini yerinə yetirdi. Elə ki hava qaraldı, İsgəndər əmr verdi ki, qoşun min keçinin buynuzlarına bağlanmış parçalara od vursunlar, keçiləri dörd bir tərəfdən düşmənə tərəf qovsunlar.
Tapşırıq həmin saat yerinə yetirildi. Çox çəkmədi ki, çölü alov bürüdü, keçilər hürküb şəhərə tərəf qaçmağa üz qoydular. Bəlqin qoşunu gecənin qaranlığında alovu görüb, elə bildilər ki, İsgəndərin qoşunudu, öz səngərlərini qoyub qaçdılar.
Qoşun qaçdıqca, keçilər irəliləyirdi. İsgəndərin qoşunu da davasız şəhərə girdi. Bəlq bu dəsgahı görürdü. Qorxusundan qaçıb gizləndi ki, İsgəndər onu görüb öldürməsin.
İsgəndər Bəlqin bütün adamlarını qılıncdan keçirtdi, səhər tezdən taxta çıxıb, işləri öz yoluna salmağa başladı. Camaat rahat oldu. Bir neçə gün burada qaldı, öz sərkərdələrindən birini şəhər başçısı qoyub, ona xeyli qoşun verdi. Atlarını minib şəhərdən çıxanda İsgəndər öz vəzirinə dedi:
— Dünyada hər dili bilmək min padşahlığa dəyər.
13.03.2020