Avropalıları heyran edən 5 yaşlı azərbaycanlı ifaçı
11.07.13. Azərbaycan ilk dəfə Bolqarıstanın Varna şəhərində uşaqlar arasında keçirilən “Golden Sparkles European Music” festivalında iştirak edib. Müsabiqədə ölkəmizi 5 yaşlı Selcan Müseyibova təmsil edib.
Selcan sözləri və musiqisi Məryəm Əlibəyliyə məxsus olan “Oxuyaq nəğmələri” mahnısını ifa edib. Ölkəmizi təmsil edən qızcığazın canlı ifası ilə bərabər səhnədəki sərbəstliyi avropalıları heyran qoyub.
Müsabiqədə Bolqarıstan, İtaliya, Rusiya, Almaniya, Ukrayna, Ermənistan və digər ölkələrdən istedadlı və səhnə təcrübəsi olan uşaqlar iştirak ediblər. Yaşca kiçik olan təmsilçimiz səhnədəki çıxışı ilə həm münsiflərin, həm də tamaşaçıların rəğbətini qazanıb.
Selcan festivalda digər iştirakçılardan fərqlənərək 2 diplomla vətənə dönüb. Balaca ifaçı “Ən yaxşı hit” və “Ən perspektivli ifaçı” nominasiyasına qalib olub.
Selcan Müseyibova Avropanın digər ölkələrində keçiriləcək festivalların təşkilatçılarından təkliflər də alıb. Selcan 3 yaşından səhnədədir və hazırda “Cücələrim” uşaq qrupunun solistidir.
11.07.2013