Xəbərlər

Uşaqları yol qəzalarından qoruyaq!

06.06.2014. Uşaqları Beynəlxalq Müdafiə Günü ilə bağlı 46 nömrəli məktəbdənkənar tərbiyə işi mərkəzi Bakı şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi ilə birgə uşaq avtoşəhərciyində “Uşaqları yol qəzalarından qoruyaq!” devizi altında tədbir keçirib.
 
Tədbir NİSSAN avtomobillərinin Azərbaycanda rəsmi distributoru “Nurgün Motors”un təşkilati dəstəyi ilə reallaşdırılıb. Bayraqlar, şüarlar, plakatlar, stendlər, rəsmlər, yol nişanları, şarlar və güllərlə bəzədilmiş mərkəzin uşaq avtoşəhərciyində balacaların yaradıcılığını əks etdirən müxtəlif nümunələr nümayiş etdirilib.
 
Bayramsayağı geyinmiş uşaqlarla interaktiv, öyrədici, hərəkətli və didaktik oyunlar keçirilib. Balaca rəssamlar molbert və asfalt üzərində “Yol hərəkəti qaydaları və mən! ” mövzusunda rəsmlər çəkib, “Folklor”, “Ədəbi-diyarşünaslıq”, “Milli rəqs”, “Dram”, “Debat”, “Nağıl və debat”, “Gənc yol polisləri”, “Erudit”, “Musiqisevərlər” dərnəklərinin üzvləri istedad və bacarıqlarını göstərib, maraqlı konsert təqdim ediblər.
 
Nəsimi, Nərimanov, Yasamal, Səbail, Nizami, Xətai və Binəqədi rayonlarındakı məktəblərdən yüzdən çox uşağın iştirak etdiyi tədbirdə maarifləndirici aksiya da təşkil edilib. Sonda uşaqlara və onların valideynlərinə balacaların yol hərəkət qaydalarını daha yaxşı qavramasına kömək edəcək yardımçı tədris vəsaitləri hədiyyə olunub.