Xəbərlər

“Bizim sevimli şəhərimiz” mövzusunda sərgi açılıb

İçərişəhərdəki “Arxeoloji park”da Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş “Bizim sevimli şəhərimiz” mövzusunda sərgi açılıb. Uşaqların əl işlərindən ibarət sərgi Müasir İncəsənət Muzeyinin, “YARAT!” Müasir İncəsənət Məkanının, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Da'ART” təsviri incəsənət mərkəzinin birgə təşkilatçılığı ilə təşkil edilib.
 
Tədbirdə məlumat verilib ki, bu sərgi ilə iki ay müddətində 5-13 yaş arası uşaqlara Əməkdar Mədəniyyət İşçisi Dilarə Atakişiyeva, Nübar Şahbazova və Nadiya Taziyeva tərəfindən keçirilmiş ustad dərslərə yekun vurulur. Bu müddətdə uşaqlara kollaj, təsviri incəsənət, qrafika və tətbiqi incəsənət üzrə təcrübə öyrədilib.
 
Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbinin və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivlərinin ifasında konsert təqdim olunub. Sonda uşaqlara hədiyyələr təqdim edilib. 
 
Sərgidə, ümumilikdə, 100-dən çox uşağın 300-dək işi, o cümlədən rəsm, batik, kukla, əllə naxış qoyulmuş boşqablar, rəsmlər və digər əl işləri nümayiş olunur.