Xəbərlər

Bakıda “Saf rənglər” II Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalı açılıb

24.05.2014. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində ADRA-nın və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə “Saf rənglər” II Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalının açılışı olub. 
 
 
Festivalda “Azərbaycan 2015-ci il ilk Avropa Oyunlarının ev sahibidir”, “Mənim ölkəmin suveniri” və digər nominasiyalarında müsabiqəyə uşaq və yeniyetmələrin təsviri sənətin bütün janrları üzrə yaratdıqları müxtəlif ölçülü əl işləri təqdim olunub.
 
Bu möhtəşəm yaradıcılıq festivalı beynəlxalq yönümlü olduğundan burada ölkəmizdə fəaliyyət göstərən 20-dən artıq rəssamlıq studiyaları, incəsənət məktəbləri ilə yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı, Fransa, Fələstin, Koreya Respublikası, İordaniya, Belarus, Misir, Pakistan, Mərakeş və bir çox ölkələrdən uşaqların əl işləri nümayiş etdirilir.
 
Sərgidə yer almış dekorativ sənət nümunələri, animasiya və installyasiya, multimedia, həmçinin kağız çərpələng mexaniki oyuncaq və transformer installyasiya, tullantılardan yığılmış predmet, kağız gəmicik qonaqlar tərəfindən maraqla qarşılanıb.
 
Sərgidə, ümumilikdə, 30-dan çox ölkədən uşaq və gənclərin 900-dən çox rəsm və əl işi nümayiş etdirilir. Tədbirdə yaradıcı uşaqların iştirakı ilə konsert proqramı da təqdim edilib.
 
Festivalın xeyriyyəçilik ənənəsinə uyğun olaraq, həmçinin əlil uşaqlara kömək məqsədilə əsərlərin satışı da həyata keçiriləcək. “Saf rənglər” II Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalına iyunun 5-də yekun vurulacaq və iştirakçılar mükafatlandırılacaqlar.