Xəbərlər

Respublika Uşaq Kitabxanası yarışma keçirəcək

20.05.2014. F.Köçərli adına Respublika Uşaq Kitabxanası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Bakı şəhər uşaq və gənclər yaradıcılıq mərkəzləri arasında “Dünyanın mədəniyyət rəngləri” adlı yarışma keçirəcək. 
 
Yarışma 22 may - Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə təşkil olunacaq. Yarışmada Bakı şəhərinin Nəsimi, Sabunçu, Yasamal, Səbail, Binəqədi, Xətai, Nərimanov, Qaradağ, Xəzər, Suraxanı, Pirallahı və Nizami rayonlarının uşaq və gənclər yaradıcılıq mərkəzləri iştirak edəcək. 
 
Hər bir yaradıcılıq mərkəzinin iştirakçıları müvafiq olaraq Türkiyə, Böyük Britaniya, Hindistan, Gürcüstan, Özbəkistan, İran, İspaniya, Rusiya, İtaliya, Tatarıstan (Rusiya Federasiyası), Yunanıstan, Hollandiyanı təmsil edəcəklər. 
 
Yarışma təmsil olunan dövlət haqqında təqdimat-slaydların (video və ya foto) hazırlanması, milli rəqs, milli geyim (seçilən dövlətlərə mənsub kuklalara), milli kuklanın hazırlanması və şirma nağıl olmaqla 5 nominasiya üzrə nəzərdə tutulub.
 
Əsas məqsəd uşaqları dünya xalqlarının mədəniyyəti, adət və ənənəsi, ədəbiyyatı, musiqisi ilə tanış etmək, dostluq əlaqələrini möhkəmləndirmək, onlarda tolerantlıq hisslərini aşılamaqla istedadlı uşaqları üzə çıxarmaq, sağlam gələcəyimiz naminə ekologiyamızı qorumaqla uşaqları maarifləndirməkdir.
 
Yarışmanın açılışı mayın 22-də Beynəlxalq Muğam Mərkəzində olacaq. Tədbirdə musiqi məktəblərinin xor kollektivi iştirak edəcək, “Heydər Əliyev və uşaqlar”, “22 may - Beynəlxalq Biomüxtəliflik Günüdür”, “Biz birlikdəyik” adlı videoçarxlar nümayiş olunacaq. 
 
Münsiflər heyətinin tərkibinə bir sıra qurumların nümayəndələri, mədəniyyət və incəsənət xadimləri daxildirlər. Yarışmanın yekun konserti və qaliblərin mükafatlandırılması  mayın 26-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
 
Qalib kubokla yanaşı, diplom, müxtəlif hədiyyələr qazanacaq. Nominasiyalar üzrə qaliblərə diplom və hədiyyələr veriləcək. Həmçinin səfirliklərin, təşkilatların da qaliblərə hədiyyələri olacaq. Yekun konsertində Bakı Xoreoqrafiya Məktəbinin rəqs kollektivi çıxış edəcək, hər bir rayonun kollektivlərinin ifasında mahnı və rəqslər təqdim olunacaq.