Xəbərlər

Budapeştdə Azərbaycan gənc rəssamlarının əsərlərindən ibarət sərgi açılmışdır

16.05.2014. Mayın 14-də Budapeştin məşhur "Koqart" qalereyasında gənc Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılmışdır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə təşkil olunan sərgidə 29 rəssamın 135 işi nümayiş etdirilir.
 
Sərgi Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin dəstəyi ilə "Dirçəliş" Gənclərin Sosial Psixoloji Reabilitasiyası Mərkəzi tərəfindən təşkil olunmuşdur.
 
Ekspozisiyaya daxil olan müxtəlif janrlı əsərlər bundan əvvəl Avropanın bir sıra mühüm mədəniyyət mərkəzlərində - Parisdə, Brüsseldə, Vyanada, Praqada nümayiş etdirilmiş və böyük tamaşaçı marağı qazanmışdır.
 
Maraqlıdır ki, sərgi yalnız mədəni deyil, həm də xeyriyyəçilik məqsədi daşıyır. Müəlliflərin razılığı ilə burada satılan əsərlərdən toplanan vəsaitin 25 faizi Heydər Əliyev Fondunun təşəbbüsü ilə Budapeştdə inşa olunan “Əlil uşaqlar üçün Laslo Battani Roma katolik evi, uşaq bağçası və ibtidai məktəb" kompleksinin fonduna köçürüləcəkdir.
 
Tamaşaçıların böyük marağını qazanan sərgidə sənət adamları, diplomatik korpusun nümayəndələri, Macarıstandakı Azərbaycan diasporunun üzvləri və azərbaycanlı tələbələr iştirak etmişlər. Sərgi 3 gün müddətində tamaşaçıların üzünə açıq olacaqdır.