
02.05.2014. Moskva məktəbliləri üçün Azərbaycana həsr olunmuş “Kitabxana gecəsi” aksiyası keçirilib. Aksiya Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi Moskva Şəhər Kitabxana Mərkəzi və General Kərim Kərimov adına 157 nömrəli orta məktəblə birlikdə təşkil edilib.
Ümumrusiya “Kitabxana gecəsi” aksiyası çərçivəsində reallaşmış tədbirin məqsədi Rusiya paytaxtının məktəblilərini Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı, Azərbaycan xalqının adət-ənənələri ilə tanış etmək idi.
Kitabxanaya gələn qonaqlar üçün maraqlı proqram hazırlanıb. Uşaqlar Azərbaycan cizgi filmlərinə tamaşa edib, milli çalğı alətlərimizlə tanış olub, Azərbaycan şirniyyatından dadıblar.
Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzinin icraçı direktoru Mehman Şükürov və Mərkəzin nümayəndəsi Ramil İsmayılov uşaqlara Azərbaycanın tarixi barədə məlumat veriblər, ölkələrimizin gəncləri arasında dostluq münasibətlərinin möhkəmlənməsində bu cür tədbirlərin əhəmiyyətini vurğulayıblar.
02.05.2014