Xəbərlər

Uşaqların əl işlərindən ibarət sərgi açılıb

19.04.2014. Aprelin 19-da Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının rəsm qalereyasında uşaqların əl işlərindən ibarət sərgi açılıb. Sərgidə yaradıcılıq sarayının müəllimləri Humay Axundova və İlahə Əliyevanın şagirdlərinin bir il ərzində çəkdikləri əl işləri sərgilənib. Ümumilikdə 17 uşağın 100-dən çox rəsm əsəri təqdim olunub. 
 
Əl işləri müxtəlif mövzularda qrafika, akvarel, mənzərə, natürmort, rəssamların əsərlərindən reproduksiya, nağıllardan illüstrasiya kimi müxtəlif janrlarda işlənib.
 
Bu rəsmlər arasında dörd yaşlı Əsmər Firidunzadənin əl işləri sərginin ziyarətçilərinin diqqətini xüsusilə cəlb edib. Rəssamlığa sonsuz maraq göstərən, elə bu səbəbdən də, necə deyərlər, ayağı yer tutan andan əlinə fırça alıb onu əhatə edən aləmdə görüb duyduqlarını kağız üzərinə köçürən balaca Əsmər daha çox heyvanların rəsmini çəkməyi sevir. 
 
Dörd yaşlı istedadın sərgiyə təqdim etdiyi əl işləri arasında daha qabarıq nəzərə çarpan pinqvin, balıqlar, qurbağa və digər heyvan rəsmləri onun gələcəkdə rəssam kimi püxtələşəcəyinə ümid verir. 
 
Mərasimdə Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının direktoru Bədayə Ramazanova çıxış edərək sərginin ənənəvi olaraq hər il keçirildiyini və hesabat xarakteri daşıdığını söyləyib. 
 
Direktor sərginin uşaqlar üçün əsl bayram olduğunu qeyd edərək onları bu münasibətlə təbrik edib və yaradıcılıq uğurları arzulayıb. Valideynlərə isə Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayını seçdiklərinə görə təşəkkür edib. 
 
Digər çıxış edənlər də yaradıcılıq mərkəzinin şagirdlərinin istedadlı uşaqlar olduğunu vurğulayıblar. Qeyd olunub ki, bu məkanın yetirmələri bir sıra beynəlxalq müsabiqə və sərgilərdə uğurla iştirak edib, mükafatlara layiq görülüblər. 
 
Valideynlər də öz növbələrində yaradıcılıq sarayının kollektivinə minnətdarlıq ediblər. Sonra sərgidə iştirak edən uşaqlara diplom və hədiyyələr verilib. Klounun tədbirə gəlişi isə uşaqların sevincini daha artırıb.