Xəbərlər

Parisdə balaca soydaşlarımız Novruz bayramına hazırlaşırlar

Parisdə fəaliyyət göstərən “Azərbaycan evi”nin təşkilatçılığı və Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin dəstəyi ilə balaca soydaşlarımızla xalqımızın ən qədim bayramı olan Novruz  bayramına həsr edilən tədbir keçirilmişdir. 
 
“Azərbaycan evi”nin sədri  Mirvai Fətəliyeva   UNESCO-nun mənzil iqamətgahında keçirilən tədbir barədə AzərTAc-a verdiyi müsahibəsində demişdir: Fransada çoxlu sayda balaca soydaşlarımız  dünyaya göz açmışdır.  Təşkilatımız  ölkəmizdən çox-çox uzaqlarda doğulan bu uşaqlara doğma vətənləri Azərbaycan, onun zəngin tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, xalq yaradıcılığı və adət-ənənələri barədə məlumat verməyi qarşına məqsəd qoyan təşkilatımız bu istiqamətdə müxtəlif layihələr həyata keçirir. Bu gün gördüyünüz tədbir  həmin layihələrin tərkib hissələrindən biridir.
 
Öz kökünə sıx bağlı olan xalqımız  tərəfindən qorunub saxlanılan və əsrlərin sınağından keçərək bu günə gəlib çatan milli bayramımız Novruza həsr olunan təbirdə iştirak edən 5-12 yaşlı 30  soydaşımıza ilk əvvəl bolluq və bərəkət simvolu olan, baharın gəlişindən, təbiətin oyanışından xəbər verən Novruz  bayramı haqqında  ətraflı məlumat verilmiş,  sonra  uşaqlarla  bayram süfrəsinin simvollarından olan yumurta boyamaq haqda danışılmışdır.
 
Azərbaycan Respublikasının Əməkdar rəssamı Əsmər Nərimanbəyova və həvəskar rəssam Mehri Quliyeva uşaqlara  rəng seçməkdə yaxından köməklik göstərmişlər.
 
Balaca soydaşlarımızın gördüyü işlərlə yaxından tanış oluruq. 9 yaşlı  Həmidənin səliqə ilə  boyadığı yumurtanın üzərində  bir dəfə də olmadığı valideynlərinin vətənlərinin əsas dövlət rəmzilərindən biri olan üçrəngli bayrağımız və sülh göyərçinləri təsvir olunmuşdur. Balaca Səbinə, Tomris, Səma, Elize və Alis isə ağ kağız üzərində  baharın gəlişini, ağacların, quşların, yaşıl çəmənliyin, bayram süfrəsi nemətlərinin  şəkillərini çəkilmişlər. 
 
Balaca soydaşlarımıza Novruz süfrəsinin əsas nemətlər - şəkərbura, qoğal, paxlava və  quru meyvələr paylanmışdır.
 
Bir neçə saat davam edən tədbir balaca soydaşlarımızda  valideynlərinin  doğma  vətəninə qiyabi səyahət  etmək, onlarda xalqımızın zəngin tarixi adət-ənənələri barədə müəyyən təsəvvür yaratmaq baxımından çox faydalı olmuşdur.