Firudin bəy Köçərli adına Uşaq Kitabxanasında “Kitabxana: nağıl qəhrəmanlarının görüş yeri” mövzusunda tədbir keçirilmişdir
14.02.2014. Fevralın 14-də Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında Litvanın dövlət müstəqilliyi gününə həsr olunan “Kitabxana: nağıl qəhrəmanlarının görüş yeri” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri açan kitabxananın direktoru Şəhla Qəmbərova bildirmişdir ki, ötən ilin noyabrında kitabxananın nümayəndə heyəti Litvada olarkən əldə edilmiş qarşılıqlı razılaşmaya əsasən, bu ildən başlayaraq hər iki ölkənin müvafiq qurumlarında uşaq ədəbiyyatı, milli adət-ənənələr, bayramlarla bağlı tədbirlər keçiriləcək.
Sonra söz Bakıdakı 7 nömrəli məktəbin V və VII sinif şagirdlərinə verilmişdir. Onların təqdimatında nağıl qəhrəmanlarımızdan olan Cırtdan, Göyçək Fatma, Tıq-tıq xanım, Məlikməmməd, Siçan bəy, Təpəgöz və s. Litva xalqının nağıl qəhrəmanları - Kastitis, Yurate və Eqle ilə görüşmüşlər.
İştirakçılar slaydlara baxmış, milli geyimdə olan uşaqlar Litva folklorundan tapmacalar söyləmiş, nağıllardan səhnəciklər göstərmişlər. Kitabxanada, həmçinin Litvanın adət-ənənələrindən, mədəniyyətindən bəhs edən uşaq kitablarının sərgisi də nümayiş olunmuşdur.
15.02.2014