Bakıda rəssamın yaradıcılığına həsr edilmiş “Rəngli həyat” sərgisi açılmışdır
15.02.2014. Fevralın 14-də “1969” qalereyasında “Da'ART” təsviri incəsənət mərkəzinin rəhbəri, Əməkdar Mədəniyyət İşçisi Dilarə Atakişiyevanın yaradıcılıq fəaliyyətinin 40 illiyinə həsr olunmuş “Rəngli həyat” sərgisi açılmışdır.
Sərginin ekspozisiyasında rəssamın vaxtilə şagirdləri olmuş və hazırkı şagirdlərinin rəsm, qrafika, keramika, kukla və batik əsərləri nümayiş olunur.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Yaşar Əliyev, Xalq Rəssamı Arif Hüseynov çıxış edərək diqqətə çatdırmışlar ki, Dilarə Atakişiyeva yaxşı rəssam olmaqla yanaşı, həm də yaxşı müəllimdir. Bildirilmişdir ki, Dilarə Atakişiyevanın uşaqlarla işləməyi sevən, onların istedadını üzə çıxaran bir rəssamdır.
Dilarə Atakişiyevanın ömrünün 40 ilini uşaqlara həsr etdiyi vurğulanaraq qeyd edilmişdir ki, sərginin ekspozisiyasında nümayiş olunan əsərlər rəssamın uğuru, zəhmətinin, istedadının bəhrəsidir. Onun şagirdləri ölkədən kənarda beynəlxalq müsabiqələrdə Azərbaycan mədəniyyətini uğurla təmsil edirlər.
Tədbirdə çıxış edən qonaqlar və şagirdlərin valideynləri Dilarə Atakişiyevanın fəaliyyətini yüksək qiymətləndirmiş, onu təbrik etmiş və yaradıcılıq uğurları arzulamışlar.
Dilarə Atakişiyeva bu günün onun üçün bayram olduğunu söyləyərək sərgidə iştirak edənlərə və bu işin təşkilinə dəstək olanlara minnətdarlığını bildirmişdir.
15.02.2014