Nağıllar, hekayələr

Korney Çukovski. “Qorxunc tarakan”

Tərcümə edəni Teymur Elçin

 


Ayılar minmişdilər
Kiçik velosipedə.
Pişik miyoldayırdı
Dal-dalı gedə-gedə.
 
Qonmuşdu şar üstünə
Vız-vız ağcaqanadlar
Xərçənglərin altında
Çolaq it olmuşdu zar.
 
Canavar at sürürdü,
Şirlərsə avtomobil.
Xortumunu sallayıb
Yeriyirdi ana fil.
 
Tramvaydan baxırdı
Dovşanlar sola, sağa,
Süpürgənin üstündə
Yol gedirdi qurbağa.
 
Deyirdilər,
Gülürdülər,
Şirin qoğal
Yeyirdilər.
 
Birdən qapı altından
Çıxdı qorxunc pəhləvan
Sarı bığlı Ta-ra-kan.
Tarakan, Tarakan,
İri, yekə Tarakan.
 
Bığlarını tərpədib
Bar-bar bağırdı birdən:
"Dayanın, tələsməyin,
Udacağam sizi mən.
Qurtara bilməyəcək
Heç kəs mənim əlimdən".
Heyvanlar hürküşdülər,
Titrətməyə düşdülər.
Qorxudan canavarlar
Bir-birini diddilər,
Bir-birini yedilər.
Yazıq timsah
Çəkdi ah,
Qurbağanı ötürdü.
Fil qorxudan kirpinin
Düz üstündə oturdu.
 
Dava qorxutmadı heç
Dalaşqan xərçəngləri,
Onlar çəkilib geri
Bığlarını eşdilər.
Uzunbığ pəhləvanın
Üstünə bərk düşdülər:
"Çığırma çox, sərsəri,
Qalmırıq səndən geri,
Bizim də bığımız var;
Tərpətsək, hamı qorxar".
Bu sözü deyə-deyə
Çəkildilər geriyə.
 
Söylədi Hippopotam
"Belə iş olmaz, atam,
Timsahlar, balinalar,
Qulaq asın, sözüm var:
Kim о zalımı yıxsa,
Kim ondan güclü çıxsa,
Məndən bəxşiş alacaq.
İki dənə qurbağa
Bir dənə şam qozası
О qoçağın olacaq".
 
"Əsla qorxmuruq, inan,
Dediyin yırtıcıdan.
Onu didib-parçalar
İti, xəncər dişimiz,
Tapdalarıq onu biz".
 
Heyvanlar hücum çəkib
Döyüşə girişdilər.
Bığlını görən təki
(Ay-ay-ay!)
Əl-ayağa düşdülər.
(Ay-ay-ay!)
Heyvanlar dağılışdı
Meşələrə, düzlərə,
-Hərə qaçdı bir yerə.
Yazıqlar qorxmuşdular:
(Ay aman!)
Tarakanın bığından.
Hippopotam yüyürdü,
Hirsindən bərk böyürdü:
"Ayıb olsun, utanın!
Ey kəllər, kərgədanlar,
Rüsvay oldu heyvanlar,
Tez çıxın mağaradan,
Buynuz vurun,
Düz vurun,
Düşmən qaçar aradan".
Kərgədanlar və kəllər
Mağaradan dedilər:
"Buynuz vurardıq,
Lap düz vurardıq,
Amma ki, bizdən ötrü
Şirindir öz canımız,
Təkcə buynuza gəlir
Bizim də gümanımız".
-Kol-kosda gizləndilər.
 
Qorxudan əsə-əsə,
Verib nəfəs-nəfəsə.
Vurdu gicitkanlığa
Timsahlar özlərini
Fillər girib xəndəyə
Yumdular gözlərini.
 
Şaqqıldayan dişlərin
Səsi gəlirdi ancaq,
Tir-tir əsən qulaqlar
Görünürdü ağappaq.
 
Qapıb çamadanları
Meymunlar gözdən itdi,
Kim bilir hara getdi.
 
Qaçdı naqqa balığı,
Tərpətdi quyruğunu,
Görən olmadı onu.
 
Dalınca su ilbizi
-Dizin-dizin süründü.
Gah itdi, gah göründü.

Beləliklə, hamıya
Qalib gəldi tarakan.
Meşələrə, düzlərə
Oldu sahib, hökmran.
Bütün heyvanlar onun
Hüzurunda durdular,
Görüm lənətə gəlsin,
Yerə girsin о murdar.
Tarakansa onların
Arasında gəzirdi,
Qarnına sığal çəkib,
Gözlərini süzürdü:
"Ey heyvanlar, mənə siz
Balanızı gətirin.
Bu axşam yeyəm gerək,
Ət istəyir xətirim".
 
Məzlum, yazıq heyvanlar
Ağlaşır yenə zar-zar,
Ulayır, bağırırlar,
Köməyə çağırırlar.
Qarğış edir hamısı
Yekəqarın zalıma,
Yazıqlar belə dərdi
Kimə desinler, kimə?
Bir deyin, hansı ana
Qıyar öz balasına?
Sallayıb qulağını
Ayı, canavar, ya fıl.
Verərmi uşağını -
Acgöz axmağın biri
Çeynəsin diri-diri?
Heyvanlar hey ağlaşır,
Hər kəs öz balasıyla
Öpüşüb-qucaqlaşır.
 
Çox keçmədi, bir səhər
Qaçıb gəldi kenquru.
Bığlını görən kimi
Bərkdən güldü kenquru
Dedi: "Budur pəhləvan?
(Ha-ha-ha)
Bu - cücüdür,
- Tarakan!
(Ha-ha-ha)
Tarakan, Tarakan,
Tarakancığaz,
Balaca cücüdür
Bu heyvancığaz!
Bəs qanmırsınız,
Utanmırsınız?
Хәncərə oxşar
Dişləriniz var.
Bir-birinizə
Nə dəymisiniz,
Kiçik cücüyə
Baş əymisiniz".
Begemotlar qorxudan
Pıçıldadı:
"Dinmə, kəs,
Başımıza iş açma
Çıx get burdan, salma səs".
Birdən kolun dalından,
Kiçik göy meşəcikdən
Çıxdı balaca Sərçə.
Buraya uçdu gəldi
Çöllərdən keçə-keçə.
Hoppanaraq
Cikgildədi,
Belə dedi:
Çik-çirik,
Çiki-riki-çik-çirik.
Dimdiklədi Tarakanı
-Uddu yekə pəhləvanı.
Çatdırdı cəzasına,
Bığı da heç qalmadı,
Onu görən olmadı.
Aha, buna görədir
Heyvanların bayramı,
İndi igid Sərçəni
Tərif eləyir hamı.
Notlara baxa-baxa,
Gözləri axa-axa
Nəğmə oxuyur ona
Ulaqlar yana-yana.
 
Keçilərin saqqalı
Süpürgə çəkir yola
-İstəmirlər toz ola.
Görün, dəcəl qoyunlar,
Bilir necə oyunlar.
Şeypur çalır yapalaq,
Dolaşada səsə bax.
Dama çıxıb yarasa
Dəsmal edir harasa.
Rəqs eləyir fıl xanım,
Yaman çıxıb özündən.
Qırmızı ay titrəyir,
Fırlanır göy üzündə
Birdən-birə
Düşür yerə
-Yazıq filin üstunə.
Sonra da nə deyim, nə
Min əzıyyət başlanır:
Çıxarmaq üçün ayı
Girirlər bataqlığa
Batırlar lilə, zığa.
Sonra da başlayırlar.
Nərdivanlar qurmağa,
Ayı göyə vurmağa.