Rafiq Ələkbəroğlu. Ala-bəzək torba
Onun içində həmişə bir qorxu var idi. İstənilən işə girişəndə ağlına gələn ilk fikir bu idi: “Alınmayacaq. Mən bacaran iş deyil”.
Evdə də belə idi, həyətdə də, məktəbdə də. Qrup işləri, kollektiv müzakirələr zamanı növbə ona çatanda ağzına su alıb dururdu. Ondan söz qoparmaq müşkül məsələ idi, çünki daim beynində bir fikir dolaşırdı: “Birdən səhv deyərəm, mənə gülərlər”. Artıq 5-ci sinifdə oxuyurdu, amma bu müdhiş xof onu tərk etmirdi. Bir gün axşam dərslərini hazırlayırdı. Müəllim yaşadıqları şəhərdəki tarixi-mədəni abidələr haqqında məruzə hazırlamağı tapşırmışdı. Ramin internetdən tapdığı məlumatları dəftərində qeyd edə-edə düşünürdü: “Nə faydası?! Məndən məruzəçi olar? Dilim topuq vuracaq. Uşaqlar gülüşəcəklər”. Birdən arxadan kimsə əlini onun çiyninə qoydu. Atası idi.
– Deyəsən, məruzə hazırlayırsan, – deyə atası dəftərdəki qeydlərə baxdı.
– Maraqlıdır… Yəqin ki, hamının xoşuna gələcək.
– Hə, kaş məndən iki nəfər olaydı: biri məruzəni hazırlayaydı, o biri də çıxış edəydi.
– Niyə, özünə nə olub ki?..
– Nə bilim. Özümlə bacara bilmirəm. Atası otaqdan çıxıb əlində ala-bəzək torba geri qayıtdı.
– Gəl səninlə bir oyun oynayaq, – dedi, – bu torbanın içində səkkiz dənə kiçik şar var. Dördü qırmızı, dördü də mavi rəngdədir. Torbaya baxmadan əlini salıb dörd şar çıxar. Әgər dördü də qırmızı rəngdə olsa, sabah dərs başlayan kimi əlini qaldırıb müəllimdən xahiş etməlisən ki, məruzə üçün sənə söz versin. Oyunun şərtləri Ramini maraqlandırdı. Gülüb dedi:
– Ata, eyni rəngli dörd şarın çıxmaq ehtimalı çox azdır ha!
– Düzdür, ancaq sənin dediyinə görə, xasiyyətini dəyişmək ehtimalı da çox azdır. Ona görə də, məncə, ədalətli şərt təklif etmişəm. Ramin çəkinə-çəkinə əlini torbaya salıb bir şar çıxardı. Şar qırmızı rəngdə idi. Sonra iki şar çıxardı. Onların da rəngi qırmızı idi.
– Ola bilməz! – Raminin təəccübdən ağzı açıla qaldı.
– Yaxşı, beş şar qalır. Deməli, qırmızının şansı beşin birədir. O, bir də cəhd etdi və yenə də qırmızı şar çıxardı. Ramin yerindəcə donub-qalmışdı. Birdən onun sifəti dəyişdi. Şübhə dolu nəzərlərlə əvvəlcə atasına, sonra torbaya baxdı.
Atası gülümsünüb dedi:
– Birdən elə bilərsən, səni aldatmışam ha! O, əlini torbaya salıb bir az qurdalandı və oradan dörd mavi şar çıxardı:
– Gördün?
Həmin gecə, demək olar, səhərə qədər Raminin otağından səslər gəlirdi. Atası da yatmayıb bu səslərə qulaq asırdı. O bilirdi ki, oğlu güzgü qarşısında sabahkı məruzəsini məşq edir. Səhər yeməyini bir yerdə yedilər. Raminin sifəti solğun görünürdü. Atası çay içə-içə ona göz vurdu:
– Sözümüz sözdür?
Ramin başı ilə təsdiqlədi.
– Sinifdə etibar etdiyin, güvəndiyin bir dostun var? – deyə atası soruşdu.
– Hə, Bəhruz.
– Məruzə eləyəndə yalnız onun üzünə bax. Başqaları ilə işin olmasın.
…Həmin gün axşam Zərifə müəllimə Raminin anasına zəng etdi:
– Bu gün Ramin sinifdə hamını təəccübləndirdi. Çox gözəl bir məruzə etdi. Siz onun jest və mimikalarını görəydiniz. Hələ məruzənin məzmununu demirəm. Sanki beynəlxalq konfransda danışırdı. Mən çox, çox sevindim. Nəhayət ki, o, natamamlıq kompleksinə qalib gəldi…
…On dörd il sonra. Nəhayət, hamı dağılışdı. Ramin divanda, anasının yanında oturub onun boynunu qucaqladı, ağarmış saçını sığalladı:
– Atamın yeri həmişə görünəcək. Amma sən də özünü çox sıxma, ana. Həyatdır, nə etmək olar?!
İstəyirsən, ailə albomumuza baxaq, ikilikdə onu yad eləyək.
– Yaxşı olardı. Atanın dolabındadır. Gətir bura. Ramin dolabı açıb albomu götürəndə gözü ala-bəzək bir torbaya sataşdı. Torba ona tanış gəldi. Әlinə alanda içində nə isə şaqqıldadı.
– Ana, bu nə torbadır belə? Çox tanış gəlir. Anası torbaya baxıb gülümsündü:
– Hə, yadına düşmədi? Bilsəydin, bu torba sənin hə yatında necə rol oynayıb, sənin xarakterini necə dəyişdirib, onu unutmazdın.
– Dayan, dayan, – deyə Ramin uşaqlıq xatirələrini beynində canlandırmağa çalışdı.
– Nə isə yadıma düşür… Qırmızı şar… mavi şar… Ramin torbanın ağzını açıb üzüaşağı çevirdi. Divanın üstü nə səkkiz qırmızı şar düşdü.
– Aaaa… Axı atam demişdi ki, torbada dörd qırmızı, dörd mavi şar var. Elə də var idi. O mənə mavi şarları göstərmişdi. Anası torbanın astarını çevirib dibini göstərdi:
– Görürsən, torbanın ikinci dibi var. Bu balaca zənciri dartmaqla ikinci cibi açırıq və oradan nə çıxır? Dörd mavi şar. Bu oyunu səninlə oynamaq üçün o, bir ay çalışmışdı. Xüsusi torba tikdirmişdi. Bir fokusçu tanışı ilə xeyli məşq etmişdi. Hə, Ramin, sənin atan elə-belə adam deyildi… Ramin mavi, qırmızı şarları ovcuna aldı. Anası göz yaşlarını görməsin deyə üzünü yana çevirdi.
04.02.2019