Təndir tikə bilməyən ev tikə bilməz
Bir müdrik qocanın Mahmud adlı qonşusu vardı. Mahmud kişi ömrü boyu işləyib yaxşı bir ev tikmişdi. Var-yoxu elə bu ev idi. Onun Xudaverdi adlı oğlu var idi. Xudaverdi heç yerdə işləmirdi, özü də gecə-gündüz əylənməklə məşğul idi. Günlərin bir günü Mahmud kişi müdrik qocanın yanına gəlib dedi:
Qonşu, mən bu dünyada öz dövranımı sürmüşəm. Ömrümün sonuna az qalıb. Səndən bir xahişim var. Gərək bu xahişimi yerə salmayasan. Qoca cavabında dedi:
- Nə xahişin var, de. Bacardığımı eləyərəm.
- Mənim oğlumu təkcə mən yox, sən də yaxşı tanıyırsan. Bilirəm ki, mən bu dünyaya göz yumar-yummaz o, evi satmaq istəyəcək. Sən gərək elə eləyəsən ki, o, evi satmasın. Çünki əgər oğlum evi satsa, inanmıram ki, yenisini tikə bilə. İstəmirəm ki, o, evsiz-eşiksiz qalıb dilənçi kökünə düşsün.
Müdrik qoca Mahmud kişini sakitləşdirdi:
- Qonşu, arxayın ol. Qoymaram, oğlun evi satsın.
Qonşusunun sözündən razı qalan Mahmud kişi evə gəlib oğluna dedi:
- Bala, bir gün bu dünyadan köçsəm, məbada evi satasan ha. Sonra ev tikə bilməzsən. Əgər satmaqdan başqa əlacın qalmasa, onda qonşumuzun yanına get. Onunla məsləhətləş, sonra bu işə qol qoy. O, müdrik adamdır, inanıram ki, sənə doğru yol göstərəcək.
Bu hadisədən bir neçə gün sonra Mahmud kişi vəfat etdi
Atasının yasını yenicə vermişdi ki, Xudaverdi evi satmaq fikrinə düşdü. Birdən atasının sözlərini xatırladı. Durub qocanın yanına getdi. Müdrik qoca onun nə məqsədlə gəldiyini biləndə dedi:
- Nə olar, satmaq istəyirsən, sat. Ancaq təndirin çox balacadır, onu söküb yerində təzəsini tik. Evin də qiyməti ikiqat artsın.
Xudaverdi evə gəlib təndirə baxdı. Təndir, doğrudan da, balaca və köhnə idi, bir tərəfi də uçmuşdu. Fikirləşdi ki, qonşu doğru deyir, bunu söküb təzəsini tiksə, evin qiyməti iki dəfə artar. Xudaverdi köhnə təndiri sökdü, yenisini tikməyə başladı. Düz bir ay əlləşdi. Amma heç nə alınmadı. Təndirin divarları ya çat-çat olub dağılırdı, ya da ovxalanıb qum kimi tökülürdü. Axırda Xudaverdi təndirbişirən ustanın yanına getdi ki, ondan təndir alıb gətirsin. Bir həftədən sonra usta təndiri hazır elədi. Xudaverdi təndiri eşşəyə yükləyib evə gətirdi. Həyətdə endirəndə təndir əlindən düşüb qırıq- qırıq oldu. Məcbur oldu, bir də ustanın yanına getsin. İkinci təndiri birtəhər gətirib evə çıxardı. Di gəl ki, onu köhnə təndirin yerinə quraşdıra bilmədi. Axırda hirslənib istədi təndiri parça-parça eləsin, yenə atasının sözləri yadına düşdü. Hirsini boğub qonşunun yanına getdi. Müdrik qoca evdə oturub nə isə yazırdı.
- Əmi, - deyə Xudaverdi onu səslədi, - təndiri qura bilmədim. Ucuz da olsa, evi satıram.
- Tələsmə, bala, əvvəlcə sözümə qulaq as, - deyə qoca onu sakitləşdirdi. - Gördün ki, bir təndiri də tikə bilmədin. Evi satıb yenisini tikə bilməzsən, küçələrdə qalarsan. Cavan adamsan, get bir işin qulpundan yapış, özünə çörəkpulu qazan. Ev də qalsın. Bir təndir tikə bilməyən ev də tikə bilməz. Müdrik qocanın sözünə qulaq asan Xudaverdi evi satmayıb işlədi, əlini zəhmətə öyrətdi, yaxşı gün-güzəran qurdu.
10.02.2020