Nağıllar, hekayələr

Mirzə Fətəli Axundov. “Sərgüzəşti-mərdi-xəsis” (Hacı Qara) IV- V məclis

DÖRDÜNCÜ MƏCLİS 

Dördüncü məclis vaqe olur Xonaşin dərəsində, aydınlıq gecədə, iki erməni, biri piyadə, biri eşşək üstə gəlirlər. 
Arakel: Mkrtıç, allah qoysa bu il səksən çuval taxılımız olar. 
Mkrtıç: İnşallah olar. Üç ildir taxılımızı çəyirtkə yeyirdi, amma tarı bu il o qədər veribdir ki, keçən illərin də əvəzi çıxacaq. 
Arakel: Mkrtıç, nə yaxşı deyirəm ki, bizim köhnə zamandan quyularda taxıllarımız qalırmış, yoxsa bu bahalıq illərdə çox korluq çəkərdik.
Mkrtıç: Bişək, bizim kəndin taxılı olmasaydı, Dizaq mahalı acından qırılacaq idi. 
Arakel: Əkinçiliyə allah bərəkət versin. Dünyada ondan yaxşı peşə yoxdur. 
Mkrtıç: At tappıltısı gəlir. Dayan görək kimdir. Dayanırlar, bu halda qabaqda Hacı Qara görünür. 
Kərəməli: Evimiz yıxıldı, ağa, qabaqda iki adam görükür! Demədimmi, yoldaşlardan ayrılma! Tamahın güc gətirdi, gəldin, di indi yaxşı Ağcabədi bazarında malını satarsan! Bu saatda yükü alacaqlar. 
Hacı Qara: Gədə, nə danışırsan? Kimin həddi var mənim malımı ala? Kərəməli: Belə bu görükənlər! Bir irəli dur, bax! Bular şəksiz murov yasavullarıdırlar. Di çalış görək necə yükünü saxlayacaqsan. 
Hacı Qara: Allah qoysa olara bir çöp də vermənəm dişlərini qurtlayalar! Sən yükün üstündə bərk otur, qorxub yıxılma, mən buları qabaqlayım, görüm sözləri nədir. Tutub qollarını bağlayıb yıxacağam dərəyə. Ta mən özümü bir neçə beləsinə göstərməsəm, yollar əmin olmaz! Allah qoysa bir iş tutum ki, dəxi heç kəs cürət edib qaçaqlı malına tamah etməsin. 
Kərəməli: Mən mıx kimi yükün üstünə qaxılmışam. Dartıb salan olmasa, yıxılan deyiləm. 
Hacı Qara: Yaxşı, otur irəli! (ermənilərlə qabaqlaşıb əlində tüfəng.) Ay adam, kimsiniz? Dinin, yoxsa vurdum! 
Mkrtıç: A canım, niyə vurursan? Biz ki, sənə yamanlıq eyləmirik? Yoldan gedənik! 
Hacı Qara: Yava-yava danışma! Yoldan çox adam gedir. Doğrusun de görüm, kimsiniz? Bu gecə vaxtı burada niyə görükürsünüz? 
Mkrtıç: Tuğluyuq, getmişdik çöldə taxılımızı biçirdik. Biçib qurtarıb evimizə qayıdırıq. 
Hacı Qara: Bu sözlər ilə məni aldada bilməzsiniz. Mən siz deyənlərdən deyiləm. Mən bilirəm ki, siz kimsiniz! Ta mən sizin ikinizi də şil-küt etməsəm, ölkə sizin əlinizdən dincəlməz, gəlib gedənlər sizin əlinizdən qurtarmaz! 
Mkrtıç: (təəccüb ilə) Arakel, bu nə danışır?! 
Arakel: Bir ağıllı-başlı soruş, gör sözü nədir, nə istəyir? 

Mkrtıç: Ay qardaş, biz fağır, padşah rəiyyətiyik. Öz kasıblığımız ilə başımızı saxlayan adamıq. Biz ömrümüzdə bir kəsə zərər yetirməmişik. Yol kəsmirik, bunt salmırıq. Biz neylirik ki, ölkə bizim əlimizdən dincələ bilmir? 
Hacı Qara: Mən sizin tamam hiylələrinizdən xəbərdaram! Əgər siz dürüst adam olsaydınız, bu gecə vaxtı bu yolda görükməzdiniz. Sizin fikriniz həmişə xalqa zərər yetirməkdir, xalqın evin yıxmaqdır. Tüfənglərinizi yerə salın, yoxsa vurdum! 
Mkrtıç: A canım, tüfəngimiz harda idi ki, yerə salaq! Bir cüt oraqdan başqa bizdə bir zad yoxdur. Əgər qərəzin bizi soymaqdır, onu bildir. 
Hacı Qara: Mən adam soyan deyiləm. Sizin kimi özgə malına tamah edənlərin canını alanam! 
Arakel: Mkrtıç, bu necə quldurdur? Mən heç bunun sözlərin başa düşmürəm. Mkrtıç: Heç mən də başa düşmürəm. Dinmə görüm nə danışır. (Hacı Qaraya mütəvəcceh olub) Qardaş, biz kimin malına tamah eləmişik? Biz bir əkinçi xalqıq. Allaha şükür, padşaha xarc və tövcü veririk. Biyara gedirik. Bacardıqca xalqa da xeyrimiz dəyir. Bu qış bahalıqda tamam qonşu müsəlman obalarına taxıl borc verdik ki, aclarından qırılmasınlar. Əgər bu zamanadək Tuğlu bir adamın bir quruşunu yeyibsə, qanımız sənə halaldır! 
Hacı Qara: Sizin qanınız çoxdan halaldır. Amma bu zamanadək tökən olmuyub, indi sizi əcəl çəkə-çəkə mənə düçar edibdir. Özgəyə quyu qazan özü düşər. Çox adamların evin yıxıbsınız. İndi cəzanıza yetişərsiniz! Yaraqlarınızı salın! Yoxsa, vallah, tüfəngi bu saatda ürəyinizin başına boşaldaram! Ermənilər başlayırlar qorxmağa. 
Mkrtıç: Ay qardaş, yer haqqı, göy haqqı, bizim yarağımız yoxdur! Axır bizim təqsirimiz nədir ki, sənin bizə belə qəzəbin tutur? 
Hacı Qara: Sizin təqsiriniz nə yerə sığışar, nə göyə! Qurumsaq uşağı, başınıza sənət qəhət olubdur? 
Mkrtıç: A canım, dünyada bizim sənətimizdən yaxşı sənət varmı? Bizim peşəmiz olmasa, aləm çörək tapmaz. 
Hacı Qara: Bax, bax, cürətinə bax, sənətini tərif də edir! Qırışmal uşağı, xalq əzab çəksin, alın tərilə mal qazansın, siz müftə yerə sahiblik edin! Bu harda görünüb? 
Mkrtıç: A qardaş, Allahı sevirsən, bizi incitmə, qoy ötək, çıxaq gedək! Sənin işin zarafata bənzir. 
Hacı Qara: Vallah, əgər ayaq-ayaqdan tərpədibsiniz, cəmdəklərinizi yerdə sərilmiş bilin! Mənim sözlərimi zarafat sayırsınız? Qərəziniz budur ki, mən sizin kimi sarsaqlara allanam, yaxın gəlib öz bildiyinizi edəsiniz? Yaraqlarınızı tulluyun, deyirəm! 
Mkrtıç: Arakel, nə eyliyək? 
Arakel: Vallah, mən özüm də mat qalmışam. 
Mkrtıç: Pərvərdigara, nə iş idi düşdük! A canım, irəli qoymursan ötək, bəs qoy geri qayıdıb, başqa yol tapıb gedək. 
Hacı Qara: Heç vaxt olmaz! Ayaq tərpədə bilməzsiniz. Fikriniz odur ki, gedib murova xəbər verəsiniz, özü gəlib mənim üstümə tökülə? Allah qoysa, sizin ölüm xəbəriniz murova çatar! Bundan sonra qalan yoldaşlarınıza ibrət olar! 
Mkrtıç: A canım, sən bizi kim hesab edirsən ki, bu oyunu bizim başımıza gətirirsən? 
Hacı Qara: Mən sizi hesab edirəm quldura, yol kəsənə, xalqın evin yıxana, zalimə, müftəxora, dar ağacına layiq olana! 
Mkrtıç: Bəs sən özün kimsən? 
Hacı Qara: Məni siz özünüz yaxşı bilirsiniz. Bilməsəydiniz bu gecə vaxtı bu dərənin ortasında məni qabaqlardınızmı? 
Mkrtıç: Vallah, biz özümuz də çox-çox peşmanıq ki, bu yol ilə gəldik, sənə düçar olduq. Biz heç səni tanımırıq və xəyalımızdan da keçməzdi ki, səni görəcəyik. 
Hacı Qara: Bu sözlər bir pula dəyməz! Axırıncı sözümdür: məni mətəl eləməyin! Tez olun, yaraqlarınızı salın! 
Mkrtıç: Arakel, nə çarə edək? 
Arakel: Vallah, yarağımız yoxdur! Bu iki oraqdan başqa bizdə bir kəsər tapılmaz; istəyirsən tulluyaq, aha! (Oraqları qabağa tullayırlar.) 
Hacı Qara: Tüfənginizi, tapançanızı, qılıncınızı tulluyun, yoxsa od ələdim! 
Arakel: A kişi, sən necə adamsan? Allah haqqı, peyğəmbər haqqı tüfəng, tapança yoxdur! 
Hacı Qara: İnanmanam, yalan deyirsiniz, gizliyibsiniz, tulluyun. 
Mkrtıç: Çünki inanmırsan, özün bil, hər nə eləyəcəksən, elə! Allah cəzanı versin! 
Hacı Qara: Belə bəs? Görün nə eylərəm! (Başlarının üstündən tüfəngi atır. Eşşək ürkür. Arakel qorxusundan eşşəyin üstündən yumbalanır. Hacı Qara tapançanı çəkib buların üstünə yüyürür, çığırır:) Tərpənməyin! Biçarə ermənilərin biri yıxılmış, biri ayaq üstə. 
Mkrtıç: Ay allah bəndəsi, bizi nahaq yerə niyə öldürürsən? 
Hacı Qara: Tərpənməyin! (Sonra üzün Kərəməliyə tutub) A gədə, Kərəməli, mən buları əyləmişəm, tez qaç qurtar! 
Kərəməli: Ay ağa, geri qaçım, ya irəli? 
Hacı Qara: Gic oğlu gic, geriyə hara qaçacaqsan? Genə Araza qayıdıb gedəcəksən? İrəliyə qaç, qurtar, tez! 
Kərəməli: Yəni yük ilə qaç demirsənmi? 
Hacı Qara: Fu, gic balası gic! Əlbəttə, yüksüz necə gedərsən? Kərəməli: 
Mən özüm də belə bilirəm. (Atı çubuqlayıb qabağa, gözdən itir. Bu halda Arakel istəyir ayağa dursun.) 
Hacı Qara: (qaim sövt ilə) Ay, tərpənmə, yoxsa vurdum! Arakel genə yerə enir. Bu əsnada murov, üstüncə bir dəstə adam yetişir. 
Xəlil yüzbaşı: (murova) Ay ağa, burdadırlar, tapmışam, gəlin! 
Mkrtıç: Ay başınıza dönüm, gəlin bizi bu zalımın əlindən qurtarın! 
Arakel: (ayağa durmuş) Ay qurbanınız olum, yetişin, bizə bu quldurdan nicat verin! 
Hacı Qara: Gözünüzə dönüm, hər kimsiniz gəlin! Bular mənim qorxumdan tərpənə bilmirlər. Buların qolun bağlıyın, eliyin, mən çıxım gedim. Bu halda murov adamları ilə bulara tərəf çevrilir. 
Murov: Haramzadalar, mənim əlimdən hara gedəcəksiniz? Sorağınızı alıb dalınızca gəlmişəm! Xəlil yüzbaşı, qoyma! 
Xəlil yüzbaşı: (irəli yeriyib ermənilərə) Ey, vallah tərpənərsiniz, hamınızı qırrıq, yarağınızı salın! 
Mkrtıç: Ay başına dönüm, biz quldur deyilik. Bizim üstümüzə tökülən bu kişidir. Hacı Qaraya işarə edir. Xəlil yüzbaşı onun tərəfinə çevrilir. 
Xəlil yüzbaşı: A kişi, tərpənmə, yarağını sal! 
Hacı Qara: A qardaş, mən dinc, farağat kəsb əhliyəm. Yoldan ötdüyüm yerdə bular məni qabaqlayıb eyliyiblər, istəyirdilər soyalar, çalışıb özümü soydurmamışam. Murov: Xəlil yüzbaşı, buyur ki, hamınız yarağınızı salın! Sonra hər kim təqsirlidir, məlum olar! 
Mkrtıç və Arakel: Ay ağa, vallah bizim yarağımız yoxdur! İstəyirsən, yaxın gəlin, baxın. 
Xəlil yüzbaşı: (Hacı Qaraya) A kişi, sən yarağını sal, murov buyurur! 
Hacı Qara: A başına dönüm, murov burdadır? Başım üstə, budur saldım! Mənim canım və malım murova peşkəşdir. Amma bunlar yalan deyirlər, yaraqları gizliyib. (Yaraq-əsbabın yerə salır, sonra murov öz adamları ilə yavuqlaşıb Hacı Qaraya) 
Murov: A kişi, mən səni üç kecədir, axtarıram. Xəlil yüzbaşı, bağla bunun qolların! (Xəlil yüzbaşı Hacı Qaranın qolların bağlayıb.) 
Hacı Qara: A başına dönüm, mənim təqsirim nədir? 
Murov: Çox danışma, yoldaşlarını de, yoxsa sabah səni dar ağacından asdırram! 
Hacı Qara: Ağa, məni niyə dar ağacından asdırırsan? Mən quldur deyiləm, yol kəsən deyiləm. Quldur, yol kəsən dar ağacından asılar. 
Murov: Necə quldur deyilsən? Bəs sən Əylis ermənilərini soyub ipəklərini aparanların yoldaşı deyilsən? 
Hacı Qara: Ay ağa, başına dönüm, mən bir fağır adamam, peşəm sövdagərlikdir. Adam soymaq bacarmanam. 
Murov: Bəs yaraqlı-əsbablı bu gecə vaxtı burda nə qayrırsan? Düz adam burda gəzməz. Ay uşaqlar, bunu bərk saxlayın, görüm bu adamlar kimdir. (Üzün çevirir ermənilərə) A kişi, siz kimsiniz? 
Mkrtıç: A qurbanın olum, biz tuğlu fağır biçinçiyik, əkindən evimizə qayıtdığımız yerdə bu kişi bizi əyliyib, qoymuyub gedək. Sən yetişməsəydin, bunun əlində dustaq idik. 
Murov: (Hacı Qaraya) A kişi, buları sən burda saxlamışdın? Hacı Qara: Mən buları saxlamışdım? Yalan isə allah buların evin yıxsın! A başına dönüm, bular mənim yolumu kəsib məni soymaq istəyirdilər. 
Mkrtıç: Ağa, yalan deyir, o bizi soymaq istəyirdi! 

Hacı Qara: Bularda çox hiylə var, ağa! Bulara inanma! Deyirdilər ki, guya sizin yasavullarınızdırlar. İndi öz sözlərini gizlirlər. 
Mkrtıç: Ay ağa, vallah bu kişi yalan deyir! Bunun sözünə inanma! Biz əvvəldən axıra özümüzə tuğlu biçinçi deyib buna yalvarmışıq ki, bizdən əl çəksin. Bunun bir yoldaşı da var idi qaçdı. 
Murov: Xəlil yüzbaşı, di gəl qan ki, bunların hansı doğru deyir. Şeytan da bunların sözündən baş aça bilməz. Kim bilsin bular necə adamdırlar? Buların üçün də götürün gedin, sabah naçalnikə göstərrik, silist olunar. Hər necə buyursa, əməl edərik. Xəlil yüzbaşı hamısını dustaq edir. 
Hacı Qara: (başlayır ağlamağa) Evin yıxılsın mənim evimi yıxan! Qan qusasan məni qana çalxayan! İmansız öləsən məni bəlaya salan! Mən harda, divan harda! Mən silistdən qaçırdım, yenə silistə düşdüm! Cibindən birəyədək başlayacaqlar soruşmağa. Di gəl boş-boş suallara cavab ver! Gözlə ki, axırı nə olacaq! Ermənilərdən birisi: A kişi, səni görək könlün şad olub, üzün gülməsin ki, bizi nahaq yerə müsibətə saldın. Kim bilsin indi silistdən havaxt qurtaraçağıq! Urusun silisti beş ilə qurtarmaz. Taxılımızı kim yığacaq, xırmanımızı kim döyəcək. Ax-ax! Xəlil: A kişi, az danışın, yeriyin! Hamı gedirlər, gözdən itirlər. 
Pərdə salınır. 

BEŞİNCİ MƏCLİS 

Beşinci məclis vaqe olur obada. Heydər bəy alaçığın içində oturubdur, bir gün irəli toy edib gətirdiyi gəlini ilə. Çöldə zurna-qaval çalırlar. Cahıl uşaqlar oynuyub söz oxuyurlar. 

Heydər bəy: Allah, kərəminə şükür! Yuxudur, görəsən, ya zahirəndir ki, mən səninlə qabaqqabağa oturmuşam. İki il çöllərdə dərdinlə gün keçirib axır ki, arzuma yetişdim. Bu nemətin şükrünü yerinə yetirə bilmənəm. 
Sona xanım: Heydər bəy, səni allaha and verirəm ki, bundan sonra dəxi gəzməyə getməyəsən! Vallah, dəxi mənim ayrılığa tabım yoxdur. Allah eləməmiş, əgər sənin başına bir iş gələ, ya qaçaq olasan, ya tutulasan, mən dünyada sağ qala bilməyəcəyəm. Bundan sonra səni bir gün görməsəm, öləcəyəm! 
Heydər bəy: Xatircəm ol! Quldurluğa, oğurluğa hərgiz getməyəcəyəm. Naçalnik də mənə dililə tapşırıbdır. Amma bir yaxşı qazanc yolu tapmışıq. İnşallah sən özün də ona mane olmazsan. Bir artıq iş deyil. 
Sona xanım: De görüm, necə işdir? 
Heydər bəy: Özün bilmirsən? İyirmi beş gün bundan irəli sənə demədim ki, Hacı Qaradan pul götürüb qaçaq mala gedirik? Onda razı olmurdun. İndi xeyrini gördünmü? Gedib gətirən kimi Qarbağ bazarında satıb mayasını verdik Hacı Qaranın oğluna, qazancını götürüb gəldik. Yoldaşlarım da bu səfər paylarını mənə verdilər. On günün içində xarc çəkib el adətincə toy edib səni gətirdim. Əgər sənin sözünə baxıb getməsəydim, ya gərək səni götürüb qaçaydım, ya indiyədək gərək atan evində qalaydın. Sona xanım: Bəs deyirlər ki, axır qadağandır, gedib gələnlərə tənbih edirlər. Heydər bəy: Əlbəttə, acizləri həmişə tuturlar. Malını alıb tənbih edirlər. Amma mənə kim yavuq gələ bilər! 
Sona xanım: Bəs sənin qabağına heç çıxan olmadı? 
Heydər bəy: Niyə olmadı? Onu birdən çıxdı, qorxutdum, hamısı qaçdı, getdi. 
Sona xanım: Ay aman, Heydər bəy, bu iş də xatalı işə bənzəyir! Doğrusu, mən buna da razı deyiləm! Hacı Qaraya sifariş edəcəyəm ki, dəxi sizə pul verməsin, sizi tovlaşdırıb aparmasın. Vallah bu işi də fikir edəndə ürəyim əsir! 
Heydər bəy: A qız, nə var ki, ürəyin əsir? (Sona xanımın boynunu qucaqlayıb üzündən öpür.) A qurbanın olum, bəs nə işə yapışım? Bəs nə ilə səni saxlayım? 
Sona xanım: (başlayır ağlamağa) Əl çək, bu işdən də əl çək! Mən atam evindən gətirdiyim cehiz ilə bir il yaxşı dolannıq. Sonra bir yaxşı iş tapmasan, özün bil! 
Heydər bəy: Bəs qoy, bir-iki dəfə də gedim, yoldaşlarımın borcun verim, sonra deyərsən dəxi getmənəm. 
Sona xanım: (ağlaya-ağlaya) Heç bir dəfə də qoymanam! Yarım dəfə də qoymanam! Qoy yoldaşların gözləsinlər! 
Heydər bəy: Axır şərtimiz belə idi. Getməsəm, pullarını istəyirlər, gözləməzlər. 
Sona xanım: Sənin işin olmasın, anama sifariş edərəm, atama deyər, onları sakit edər. 
Heydər bəy: Yaxşı, amma mən heç bilmirəm ki, sən nədən ehtiyat edirsən? Sona xanım: Mən ondan ehtiyat edirəm ki, genə sənin adın çəkilə, işə düşəsən, mən günü qara olam. 
Heydər bəy: Boş-boş xəyal eləmə. Bu heç vaxt olmaz! 
Sona xanım: Çifayda mən dincələ bilmirəm. Ürəyim yarpaq kimi əsir. Elə bilirəm ki, səni əlimdən alacaqlar. Bu halda Hacı Qaranın arvadı Tükəz içəri girir. 
Tükəz: A başına dönüm, mənim ərimi neylədiniz, mənim ərimin başına nə iş gəldi? Siz hamınız gəlibsiniz. Onun nə özü var, nə nökəri var! 
Heydər bəy: Ay arvad, hələ bu vaxtadək gəlib çıxmayıbdır? 
Tükəz: Xeyir. Axır bu nə iş idi eylədiniz? Kişiciyi tovluyub aparıb avara saldınız! Yoxsa ölümə verdiniz? 
Heydər bəy: Ay arvad, qorxma, görəsən kəndlərin hansında əylənibdir, gələr çıxar, fikir eləmə! 
Tükəz: Kəndlərdə əylənməz. İndiyədək başı əlində olsaydı, gələrdi. Mən ərimi sizdən istəyirəm! Gərək mənim ərimi necə ki, aparıbsınız, elə də mənə tapşırasınız! Heydər bəy: Bizə məhsil vaqe oldun? Ərin uşaq deyildi, nabaliğ deyildi, biz onu tovluyub aparaydıq. Biz ona bir təklif elədik, öz xeyrini yoxladı, qoşuldu bizə getdi hər yerdə muğayat olub, qorxulu yerlərdən ötürüb yola saldıq. Dəxi biz nə eləyək ki, gəlib çıxmayıbdır. Çıx get, başımı ağrıtma! Tükəz: Gedirəm murova, naçalnikə şikayət etməyə. Mənim ərimi siz itiribsiniz! Bu halda qışqırıq qopur, murov və naçalnik adamları ilə alaçığı çevirirlər. 
Murov: Naçalnikin buyuruğudur ki, heç kəs yerindən tərpənməsin. 

Heydər bəy: (qabağa çıxıb) Murov, naçalnikin qərəzi nədir, buyursun görüm! Burada təqsirli yoxdur ki, ondan qaça. 
Murov: Təqsirli var, ya yoxdur, ancaq naçalnik Heydər bəyi görmək istəyir. 
Heydər bəy: Heydər bəy mənəm, hər nə qulluğunuz var, buyurun! 
Naçalnik: (irəli yeriyir) Heydər bəy, sən mənim nəsihətimi eşitməyib genə yaman işə qoşuldun? İndi gərək mənim ilə qalaya gedəsən! Sona xanım başlayır titrəməyə, ağlamağa. 
Heydər bəy: Naçalnik, sən mənə buyurmuşdun ki, oğurluğa, quldurluğa getmə. Əgər mən sənin sözündən çıxmışam, mənim yerim Sibirdir. 
Naçalnik: Bəli, çıxıbsan! On gün bundan irəli Arazdan bir az yuxarı Əylis ermənilərini soyub ipəklərini alıbsınız. İş aşkar olubdur. Yaxşısı odur ki, tənbihin yüngül olmaq üçün boynuna götür, yoldaşlarını nişan ver. 
Heydər bəy: Naçalnik, buyurursan ki, bu iş aşkar olubdur. Amma mən bir adamı soymamışam. Əgər bir kəs məmim üzümə durub bu sözü desə, mən qanımı sənə halal eylədim. 
Naçalnik: Yaxşı, Xəlil yüzbaşı, o erməniləri bura çağır! Xəlil yüzbaşı Ohan yüzbaşını öz dəstəsi ilə irəli gətirir. 
Naçalnik: Ohan yüzbaşı, bu idimi sizə rast gələn? 
Heydər bəy: Naçalnik, hər belə mujik sözünə etibar edib məni bədbəxt etməyin! 
Ohan: Başına dönüm, mən hərgiz mujik deyiləm. Mən iyirmi ildir vilayət böyüklərinə qulluq edirəm. İyirmi rizaməndlik kağızım var. Keçən il mənə gümüş medal yazmışdılar! Alın, bu kağızları bir oxuyun, görün! (Kağızları göstərir.) 
Naçalnik: Hələ mənə sənin qulluqlarını bilməyə vaxt yoxdur. Gördüyün işi söylə! 
Ohan: Başına dönüm, mənim bəylik üçün şəhadətnaməm dəxi var! Alın, oxuyun! Şəhadətnaməsini cibindən çıxarıb uzadır naçalnikə. 
Naçalnik: Olan, sözünü de, nəcabətini isbat eləmək qoy sonraya qalsın! 
Heydər bəy: Naçalnik, bu şəhadətnamələrin yüzü bir pula dəyməz. Zatında şübhə olanlar öz həsəbləri üçün şəhadətnamə qayırarlar. 
Ohan: Bu sözü naçalnik hüzurunda deməyib bir başqa yerdə mənə desəydin, bu tüfəng ilə sənə cavab verərdim! (Əlin uzadır tüfənginə, sonra naçalnikə mütəvəcceh olub) Başına dönüm, mən bu axırıncı nüfus dəftərində bəy yazılmışam. İndi bu mənim bəyliyimi istəyir batırsın. Haqq elə, mən bədbəxt olmuyum. 
Naçalnik: Bu saatda buyuraram sənə əlli çubuq vurarlar. Bəyliyi lap unudarsan, əgər sualıma cavab verməsən! Səndən mən soruşuram ki, bu idimi sizə rast gələn? 
Ohan: Bəli, başına dönüm, bu idi bizim üstümüzə yoldaşları ilə tüfəng və qılınc çəkən! İyirmi yaraqlı-əsbablı atlı idilər. Biz ancaq on adam idik. Əgər bizdən çox olmasaydılar, sizin dövlətinizdən, buları tutardıq. Elə ki, bizdən ötüblər, gedib Əylis ermənilərini soyublar. Heydər bəy: Naçalnik, tamam danışdığı sözlər böhtandır! 
Naçalnik: Tatar tayfası tamam yalançı olar. Sən də o cümlədənsən, sözünüzə etibar eyləmək müşgüldür. Birisi də yaraqlı-əsbablı, iki tuğlu ermənini əyliyib soyurmuş. İndi aşkara yalan deyir ki, guya ermənilər onu soymaq istirlərmiş. Heydər bəy: Mən bilmirəm ki, o kişi kimdir. Mən Qarabağın tamam yaxşı-yaman adamların tanıram. Onu görsəm billəm ki, onun sözü doğrudur, ya yalandır. Sənin başına and olsun ki, həqiqətini ərz eylərəm! 
Naçalnik: Xəlil yüzbaşı, o tutulan kişini bura gətirin! (Xəlil yüzbaşı gedib Hacı Qaranı hüzura gətirir.) 
Naçalnik: De görüm, bu kimdir, necə adamdır? 
Heydər bəy: Naçalnik, mən bunu tanıyıram. Sənin başına and olsun ki, bu adam soyan deyil, ermənilər xilaf ərz ediblər. 
Naçalnik: Xəlil yüzbaşı, erməniləri gətir. Xəlil yüzbaşı tuğluları gətirir. 
Naçalnik: Heydər bəy, odur ki, sənin sözünə etibar etmirəm! Axır özün bir fikir elə: bu ermənilər adam soyandırmı? Amma bu kişi deyir ki, guya bunlar onu soymaq istəyirlərmiş! 
Heydər bəy: Belə deyil, bu kişi də yalan danışır. 
Naçalnik: (acıqlanmış) Bəs necə olmaq gərək? Məlum ki, hamınız yalan danışırsınız! Hamınız tənbihə layiqsiniz! Mən gərək səni aparam! 
Heydər bəy: İxtiyar sənindir. Sona xanım başlayır titrəməyə. 
Naçalnik: (Hacı Qaraya) A kişi, sən axır nə səbəbə bu erməniləri əyləmişdin? 
Hacı Qara: Başına dönüm, mən öz kəsb-karım ilə dolanan adamam, heç vaxt yol kəsmək mənim işim deyil. Həmişə alış-veriş eylərəm. Padşaha çox qulluqlar etmişəm. 
Naçalnik: Padşaha sən nə qulluq etmisən, a kişi? 
Hacı Qara: Başına dönüm, on beş ildir padşah gömrüyünə ildə əlli tümən xeyir verirəm. 
Naçalnik: Bəli, çox böyük qulluqlar edibsənmiş! Əlhəq böyük mərhəmətə nail imişsən! 
Hacı Qara: Bəli, başına dönüm, bu qulluqlarıma görə gərək mənə qızıl medal veriləydi, nəinki... 
Naçalnik: Bəli, sənin kimi qulluq edənlər çoxdur. Verdiyiniz pulları da gərək verib qızıl medal qayıtdıraq, genə özünüzə dağıdaq. Cəfəngiyyat danışma! De görüm, erməniləri niyə əyləmişdin?! 
Hacı Qara: Başına dönüm, onlar məni əyləmişdilər. 
Mkrtıç: Qurbanın olaq, yalan deyir, bu bizi soymaq istəyirdi! Bu halda Cavanşir murovun yasavulu yetişib. 
Yasavul: (naçalnikə) Ağa, murovunuz əylisliləri soyan quldurları tutub, tamam ipəkləri alıb, özlərini dustaq edib. Məni qulluğunuza göndərdi ki, bu xüsusda ərz edim. Dalınca əhvalatı yazı ilə bildirəcək. 
Murov: Yəqin ki, genə tatardırlar. 
Yasavul: Bəli. 
Naçalnik: Yoxsa xəyal edirdin ki, ingilis ya firəngdirlər? 
Ohan: Başına dönüm, quldur həmişə tatardan olar. Bizlərdən heç vaxt quldur olmaz! 
Naçalnik: Kəs səsin, bu sizin doğruluğunuzdan deyil. Ondan ötru ki, cürət edə bilmirsiniz və bacarmırsınız! 
Yasavul: Ağa, murov bir qaçaqçı da yük ilə tutub göndəribdir. Hacı Qaranın rəngi qaçır. 
Naçalnik: Hardadır? Hüzura gətir!
 Yasavul gedir 
Heydər bəy: Naçalnik, indi sizə məlum oldu ki, mən quldur deyiləm? 
Ohan: Ağa, o tutulan quldurlar bişək bunun yoldaşlarıdırlar. 
Naçalnik: Həqiqət olunar. Bu halda yasavul Kərəməlini hüzura gətirir. Hacı Qara onu görən kimi «vay» edib özündən gedir. 
Naçalnik: (təəccüblə) Bu necə işdir? Bu kişi niyə özündən getdi? Bunu ayıldın görək! Murov su tökür, Heydər bəy, Xəlil yüzbaşı qolun boğur, Hacı Qara gözün açır. 
Naçalnik: A kişi, sənə nə gəldi özündən getdin? Hacı Qaranın dili tutulur. 
Naçalnik: A gədə, doğrusunu de, səni buraxaram. Bu kişi səni görəndə niyə özündən getdi? 
Kərəməli: Bilmirəm, başına dönüm. 
Naçalnik: Sən kim ilə, haçan qaçaq mala getmişdin? 
Kərəməli: Mən heç kim ilə və heç vaxt qaçaq mala getməmişdim. 
Naçalnik: Nə danışırsan? Səni yükün üstündə tutublar, necə dana bilərsən? 
Kərəməli: Mənim o yükdən heç xəbərim yoxdur. 
Naçalnik: Bəs o mal kimindir? 
Kərəməli: Bilmirəm. 
Naçalnik: Bəs sən at üstündə deyildin? 
Kərəməli: Bəli. 
Naçalnik: Bəs yükü atın üstünə kim qoyubdur? 
Kərəməli: Şeytan qoyubdur, mənim ondan xəbərim yoxdur. 
Naçalnik: Əzizim, biz şeytanı səndən yaxşı tanıyırıq. Ondan çox iş baş verər. Amma o qaçaq mal alış-verişi eləməz. Doğrusunu de, yoxsa dərini soyaram. 
Heydər bəy: Naçalnik, bir ərzim var. 
Naçalnik: De görüm. 
Heydər bəy: Qulluğunuzda çox-çox müqəssirəm, amma təqsirimi boynuma götürürəm. Bu kişini mən iki yoldaşım ilə qaçaq malı gətirməyə aparmışdım. Bu tutulan onun nökəridir. Çün bu çox xəsis olduğu üçün malı tutulduğundan ötrü özündən getdi. Erməniləri də malının qorxusundan yolda əyləmiş imiş. 
Naçalnik: (Heydər bəyə) Mətləb məlum oldu. Bəs yoldaşların kim idi? 
Heydər bəy: Əsgər bəy, Səfər bəy. 
Naçalnik: (murova) Onları çağır, gətir!
Murov: Bu saatda! (Murov bir yasavul göndərir.) 
Naçalnik: (Heydər bəyə) Bəs niyə utanmadın, dedin ki, Ohan yalan danışır? 
Heydər bəy: Ohan həqiqətdə yalan danışdı. Ondan ötrü ki, hamı bir yerdə altı adam idik, qaçaq mal gətirirdik. Dörd yükümüz var idi. Bunlara rast gəlib qorxudub qovduq, çıxıb getdik. Sənin başın üçün. Əylis ermənilərinin soyulmağından bizim xəbərimiz yoxdur! (Bu halda yasavul Əsgər bəyi, Səfər bəyi gətirir.) 
Naçalnik: Heydər bəy, yoldaşların bulardımı? 
Heydər bəy: Bəli, bulardır! 
Naçalnik: Heydər bəy, əgərçi quldurluq cəhətindən sənin təqsirin yoxdur, amma çün başbortsuz sərhəddən o taya keçib, qaçaq mal keçirib, murov göndərən qarovulların üstünə qılınc və tüfəng çəkibsiniz, zakona görə gərək mən bu saat sizi dustaq edib qalaya aparam. 
Heydər bəy: İxtiyar sənindir, naçalnik! 
Sona xanım: (yeriyib naçalnikin ətəyindən tutur) Qurbanın olum, məni öldür, onu aparma! Məni bisahib qoyma! 
Naçalnik: Heydər bəy, bu kimdir? 
Heydər bəy: Naçalnik, bu mənim arvadımdır. Dünən toy edib gətirmişəm. Bu bədbəxtliyimə bais budur! 
Naçalnik: Necə məgər? 
Heydər bəy: Naçalnik, biz bir-birimizi nəhayətdə sevirdik. İki il idi qovuşmaq həsrətini çəkirdik. Pul tapmırdım toy edim. Axır ki, qaçaq mal gətirib satdıq, qazancı ilə toy elədim, bunu gətirdim. Kaş öləydim, bu günü görməyəydim. 
Sona xanım: Başına dönüm, padşahın başına çevir! Qul xatasız olmaz, ağa kərəmsiz. Yaz bu işi yuxarı bildir, bəlkə mənim göz yaşıma rəhm eləyələr. Mən dilimdən kağız verirəm ki, bundan sonra Heydər bəyi heç bir yaman işə qoymuyam. 
Heydər bəy: Naçalnik, mən hazıram ki, bu təqsirimi öz qanım ilə Dağıstanda padşahın düşmənlərinin qabağında yuyam. 
Naçalnik: (murova) Vallah yazığım gəlir bu biçarələri bir-birindən ayırmağa. Görəsən mən bu işi yuxarı bildirənədək bunları zaminə vermək olarmı? 
Murov: Olar. 
Əsgər bəy: Naçalnik, biz də düşmən qabağında qılınc çalmağa hazırıq! 
Naçalnik: (murova) Bunları zaminə ver, ta yuxarıdan cavab gəlincə. 
Murov: Baş üstə! Bu halda Hacı Qaranın arvadı Tükəz içəri girib, naçalnikin ayağına düşüb 
Tükəz: Başına dönüm, mənim ərimi mənə ver! 
Naçalnik: (Hacı Qaraya) Kişi, dəxi qaçaq mala getməzsən ki? 
Hacı Qara: Tövbə olsun, naçalnik! Tövbə, tövbə! Gecə-gündüz sənə dua edəcəyəm ki, məni bu əməldən qaytardın! 
Naçalnik: (murova) Bunu da zaminə ver. Hacı Qara: Başına dönüm, bəs malım necə olsun? 
Naçalnik: O barədə səbr elə. 
Hacı Qara: Qurbanın olum, malım yetişməsə ölləm! 
Naçalnik: Özün bil. Xəlil yüzbaşı, Hacı Qaranın nökərin və tuğluları da burax getsinlər. (Bəylərə) Sizin nəcabətinizə hərgiz layiq deyil ki, yaman əməllərlə özünüzü bədnam edib ümənayi-dövlətin nəzərində xar və zəlil olasınız. Necə ki, oğurluq, elə də qaçaq mala getmək dövlət tərəfindən qadağandır. Padşahın əmrindən çıxan—allahın əmrindən çıxan kimidir. Allahın əmrindən çıxana o dünyada qəzəb yetişər; padşahın əmrindən çıxana bu dünyada; allahın əmrin bitirənə behişt var, padşahın əmrini bitirənə mərhəmət və şəfəqqət. Ümənayidövlətin rəhmi çoxdur; olur ki, sizin bu təqsirinizi bağışlanlar. Amma bundan sonra gərəkdir niyyəti-xalis ilə dövlətə sədaqətəndiş olub, hər bir xüsusda yaman xəyalları başınızdan çıxardasınız! 
Bəylər: Can-baş ilə nəshətini qəbul edirik, naçalnik! 
Naçalnik: (Sona xanımın əlindən tutur) Bax, sənin gözəlliyinə və göz yaşına Heydər bəyi səndən ayırmadım. Ondan yaxşı muğayat ol, genə bir pis iş tutmasın! Ta yuxarıdan cavab gəlincə. 
Sona xanım: Mənim başım üstə, naçalnik! Arxayın ol! Özümü öldürrəm ki, onu yaman işə qoymanam. 
Naçalnik: Çox-çox razıyam! Sənin zamınlığın hər kəsin zamınlığından etibarlıdır. Xudahafiz! (İstiyir getsin.) 
Hacı Qara: Başına dönüm, naçalnik, murovun yasavulları məni tutanda cibimdən yarım abbasımı çıxardıblar, buyur versinlər! 
Naçalnik: (murova) Buyur, bu saatda bunun pulunu versinlər! Yasavulların gərək belə əməlləri tərk ola! 
Hacı Qara: Allah sənin ömür və dövlətini artıq eləsin, ağa! Nə qədər bədənimdə canım var, sənin bu şəfəqqətini unutmayacağam! Naçalnik uzaqlaşır, dalısınca da adamlar. 

Pərdə salınır. 

TAMAM OLDU