Mirzə Fətəli Axundov. “Sərgüzəşti-mərdi-xəsis” (Hacı Qara) III məclis
ÜÇÜNCÜ MƏCLİS
Üçüncü məclis vaqe olur Arazın kənarında. Qızılbaş səmtində; bəylər və Hacı Qara Təbrizdən qaçaqmal alıb qayıdıblar Arazın kənarına, piyadalanıb yığışıblar qırağa. Araz qıjhaqıj axır; dumanlı gecədir; gah-gah ildırım çaxır.
Heydər bəy: Buradan indi keçmək olmaz. Gərək bir dörd verst aşağıda küy-qalmaqal salaq, kazaklar tamam aşağı ensinlər, sonra qayıdıb buradan keçək.
Əsgər bəy: A kişi, indi bu dumanda, çiskində kazaklar tamam dam altına yığışıblar. Arazın qırağında cin də tapılmaz, gəlmişkən keçək.
Heydər bəy: Heç vaxt olmaz! Mən Arazdan bu taya çox oğurluğa gəlmişəm; kazakların həmişə Arazın qırağında busqusu olur.
Hacı Qara: Heydər bəy doğru deyir. Ehtiyatı əldən qoymamaq gərək! O deyən kimi edək.
Səfər bəy: Hacının sözü doğrudur. Gedək aşağıda küy salaq. Hacı, sən yüklərin yanında qal. Bəylər uzaqlaşırlar aşağı. Bir azdan sonra küy-qalmaqal qopur. Yuxarıdan kazaklar yaraqlıəsbablı başlayırlar beş bir, üç bir aşağı enməyə.
Kazaklardan birisi: Ax, məlunlar! Yəqin quldurdular, at qovub gətirib keçirmək istəyirlər!
İkincisi: Mən belə bilirəm qaçaqçıdırlar!
Üçüncüsü: Hər kim olsa, haqqına fikir çəkərik. Kazakların dalı kəsilir. Bir azdan sonra qalmaqal sakit olur. Bəylər Hacı Qaranın yanında olurlar.
Heydər bəy: Di tez olun, keçin! Dayanmaq vaxtı deyil. Hamı tökülürlər Araza, ortasında Hacı Qaranın atı büdrüyür. Hacı Qara atdan enib düşür suya, axır kənardan suya uzanan söyüd ağacının budağına iki əlli yapışıb sallanır, çağırır.
Hacı Qara: Ay aman, Heydər bəy, Səfər bəy, Əsgər bəy, yetişin, mən boğuldum!
Heydər bəy: Hacı, haradasan?
Hacı Qara: Burda, söyüd ağacına yapışıb sallanmışam!
Heydər bəy: Ay evin yıxılsın, bir elə dərin yerə düşübsən ki, səni çıxarmaq heç mümkün deyil!
Bədəl: A başınıza dönüm, mənim atamı çıxardın!
Kərəməli: A gədə, qoy boğulsun, malı, dövləti tökülsün qalsın, beş gün yeyin, için, kef edin! Nəyinə gərəkdir qaydına qalırsan!
Əsgər bəy: Gədə, danışma! Xurcundan sicimi çıxart, bura ver! (Kərəməli sicimi tez çıxardıb verir.)
Heydər bəy: Əsgər bəy, tez sicimi gətir! (Əsgər bəy sicimi yetirir.)
Heydər bəy: Hacı, sicimi atırıq, tut!
Hacı Qara: A qurbanınız olum, tuta bilmənəm. Əlimi budaqdan üzsəm, su güclüdür, məni aparacaq, halqa edin, atın, belimə düşsün! Heydər bəy sicimi halqa edib tulluyur, düşür Hacı Qaranın boğazına, çəkir. Hacı Qara iki əlli sicimdən yapışıb boğula-boğula qırağa çıxır, suyu səpələnir.
Hacı Qara: Evin yıxılsın məni bu günə salan! Qapın çırpılsın məni dükanımdan avara qoyan!
Heydər bəy: Hacı, səfərdə adamın başına çox iş gələr, gərək darılmamaq! Söylənmək vaxtı deyil, indi üstümüzə tökülərlər. Tez gərək qıraqdan uzaqlaşaq, qamışlıqda gizlənək. Gecə yarısı adam yatan vaxtda yola düşək. Hamısı tez qıraqdan uzaqlaşıb gözdən itirlər. Sonra on nəfər yaraqlı-əsbablı ermənilər bu yan tərəfdən yetişirlər.
Ohan: (ermənilərin yüzbaşısı) Qoççum Sərkis, qoççum Karapet, qoççum Qəhrəman, siz mənim yanımda durun, qabaqda tüfənglərinizi hazır edin, mən havaxt deyərəm, o saatda atın, vurun! Mən sizi adbaad murova nişan verib istəmişəm, siz mənim yanımda olandan sonra yüz qaçaqçı da olsa, öhdəsindən gəlləm. Ay qalan uşaqlar, siz bizim dalımızda olun, qorxmuyun. İnşallah bizi görən kimi yükləri töküb qaçacaqlar. Qaçmasalar, əl açsalar, allah bilir, hamısını xingəl kimi doğruyacağam!
Sərkis: A yüzbaşı, hansı tərəfdən gələcəklər?
Ohan: Bax, elə qabağımızdan gələcəklər. Qasid xəbər gətirib ki, burdan başqa gələsi yolları yoxdur. Sərkis, muğayat ol! Allah qoysa, bu yüklərdən adama əlli manatdan artıq bəxşeyiş yetişəçək!
Sərkis: A yüzbaşı, elə hamı yüklərini alacaqsan?
Ohan: Allah bilir ki, xurcunlarınadək alacağam!
Sərkis: A yüzbaşı, yazıq deyillərmi? Hər necə olsa, axır qarabağlıdırlar. Biz onların tərəfin saxlamasaq, kim saxlayacaq? Genə gərək bir zad özlərinə qoyaq qalsın; yoxsa bəd dua yiyəsi olluq.
Ohan: Olan, nə danışırsan, tərəf saxlamaq bizəmi duşübdür? Tərəf saxlasan, qarabağlılığını gözətləsən, bəd duadan qorxsan, qulluq yaraşdıra bilməzsən.
Sərkis: Yüzbaşı, bir irəli gedim, baxım görüm gəlirlərmi? Ohan: Yaxşı, ehtiyatlı ol, qorxudub geri qaçırma!
Sərkis: Xeyir, heç gözlərinə görükmənəm! (Gedir.)
Ohan: Uşaqlar, sərhesab olun! (Başlıyır adamları düzməyə, sonra.)
Sərkis: (qayıdıb) Yüzbaşı, evinə od düşsün, qaçaqlar gəlirlər! Amma qabaqlarınca bir uca boylu, qıvraq geyinmiş yaraqlı-əsbablı oğlan gəlir ki, çox heybətlidir. Gözlərindən qan damır.
Ohan: Doğru deyirsən?
Sərkis: Allah bilir ki, doğru deyirəm!
Ohan: De ki, sən öləsən!
Sərkis: Sən öləsən, sənin başın üçün!
Ohan: Üstündə doğrudan tüfəng və tapança gördün?
Sərkis: Vallah gördüm!
Ohan: Necə idilər?
Sərkis: Hamısı üç adam nəzərə gəldi, amma o bir oğlan heç birisinə bənzəməz.
Ohan: Heç qorxu yoxdur, qoy gəlsinlər. Amma, Sərkis, çox irəli durmuşuq, bu yerdə qapaqap üstümüzə çıxarlar. Bir az geri dursaq yaxşıdır ki, sərvəqt olaq. Adamları geri durğuzur, bu halda bəylər qabaqca, dallarınca Hacı Qara və yüklər yetişirlər.
Heydər bəy: (əlində tüfəng irəli yeriyir) Ey, nə atlısınız? Yolu niyə kəsibsiniz? Çıxın yoldan! Ohan: Ba, olan, yoldan niyə çıxırıq? Sən kimsən ki, belə ürəkli danışırsan?
Heydər bəy: Qırışmal, qara soransan, rahdarsan, bizim yolumuzu kəsdiribsən? Sənə nə, kiməm! Demirəm çıxın yoldan, doldurummu qarnını tüstü ilə! (tüfəngi qalxızır.) A gedə, Əsgər bəy, Səfər bəy, niyə durubsunuz, niyə bunları qırmırsınız? Vursanız buları yıxılalar!
Ohan: (yoldaşlarilə yoldan yan durub) Olan, dəli olubsunuz, qudurubsunuz? Nahaq qan eləməyə, gümanam, çox örgənibsiniz, amma, balam, biz qırılası adamlar deyilik.
Heydər bəy: Qırışmal, siz yəni nə qoçaq adamlarsınız ki, qırılmıyasınız? Al gəldi! (Tüfəngi uzadır.)
Ohan: A balam, dəli olma! Bax, biz gedirik. Gəl yolunla düz çıx get. Allahı sevirsən, nahaq qan yiyəsi olma, bizim sizlə işimiz yoxdur!
Heydər bəy: Olmaz qırışmal, o öyünməyə səni öldürməmiş qoymuyacağam!
Ohan: A canım, mən ki, qoçaqlıqdan ötrü demirdim ki, biz qırılası adam deyilik; mən dediyim odur ki, bizi murov göndərib, bizi öldürsəniz, murova nə cavab verərsiniz?
Heydər bəy: Qırışmal, özümüz billik murova nə cavab verrik; sənin nə borcundur soruşursan? Silistçisən? Çıxın yoldan, yoxsa bu saatda hamınızı yarpaq kimi tökərəm!!
Ohan: Çıxırıq, çıxırıq, darıxma balam! Sərkis, Karapet, Qəhrəman, dönün, qayıdın, balam! Bunlardan qan iysi gəlir!
Sərkis: A yüzbaşı, bəs murova nə deyək? Ohan: Olan, nə deyəcəyik? Görünür bular quldurdular. Qaçaqçı belə olar? Qaçaqçı yarım ağaclıqda qaraltı görəndə, malın tökür qaçır, bular ha bizi də soymaq, qırmaq istəyirlər. Sarsaq köpək oğlu qasid, buları nahaq yerə qaçaqçı hesab edib, xəbər gətiribdir! (Qayıdırlar.)
Sərkis: A yüzbaşı, murov soruşsa ki, heç bir adama rast gəlmədinizmi, nə deyək?
Ohan: Deyərik ki, heç qaçaqçıya rast gəlmədik!
Sərkis: Bəs deyəkmi quldura rast gəldik?
Ohan: Balam, nə işimiz var?
Deyərik: dəvə gördün, qığın da görmədim.
Karapet: Xeyir, yüzbaşı, deyərik, quldura rast gəldik, çox idilər, girişə bilmədik.
Ohan: Yaxşı, onu sonra fikir edərik, hələ gəl!
Sərkis: Qoy bir bulardan soruşum ki, qaçaq malınız varmı? (Geri dönür.)
Heydər bəy: Erməni, genə geri dönürsən? Vallah sizin əcəliniz yetib, mən sizi qırmasam, siz burdan itməzsiniz! (ermənilərin üstə hərəkət edir. Bu halda Sərkisin papağı qaçdığı yerdə başından düşür.)
Ohan: (diltəng) A gədə, Sərkis, bu yana dön, bizi qana çalxama!
Sərkis: Yüzbaşı, papağım düşübdür, qoy bir əyilim göturüm.
Ohan: (darıxmış) A gədə, qoy gəl, qoy qalsın! Sərkis tez dönür, hamı gedirlər.
Heydər bəy: (dallarınca) Ey, atamın goru haqqı, əgər bizi gördüyünüzü bir yerdə deyərsiniz, xəbər verərsiniz, sonra evinizin içində beşikdəki uşaqlarınızadək tamam gəlləm qırram! Özünüz bilin!
Ohan: (uzaqdan) Olan nə danışırsan? Bir elli deyilik, üz-üzə gəlmiyəcəyik? Nə işimiz var xəbər verək. Sən elə bilirsən, biz sizin üstünüzə gəlmişdik? Yalandan sizə sataşırdıq ki, bizi murov göndərib, görək siz nə deyərsiniz. Biz Hadrutluyuq. Gəlmişdik şahsevənlərdən camış almağa, sövdamız baş tutmadı, qayıdıb gedirik.
Heydər bəy: Yaxşı, di gedin! (Heydər bəy qeyzlə ayağın yerə çırpıb.) Tez, tez gedin! Ermənilər qədəmlərin yeyin götürürlər, uzaqlaşıb gözdən itirlər. Bundan sonra. Hacı Qara: (irəli yeriyib yoldaşlarına) A kişi, niyə erməniləri buraxdınız? Niyə qolların bağlayıb bu qamışlara salmadınız?
Heydər bəy: Nədən ötrü, Hacı?
Hacı Qara: Ondan ötrü ki, gedib üstümüzə kazak gətirməsinlər.
Heydər bəy: Camış alanın nəyinə lazımdır gedib özünə zəhmət verə, üstümüzə kazak gətirə?
Hacı Qara: Sən bilmirsən, şəksiz bular camış alan deyillər! Onların sözünə necə inanmaq olar? Eşitmədin, Səfər bəy deyirdi ki, bunların yüz hiyləsi olur.
Heydər bəy: Hacı, mən zamın ki, bu səfərdə bulardan sənə heç bir xəta yetişməsin.
Hacı Qara: Olan, nə danışırsan? Məgər elə bu səfərdir? Gərək belə adamların bir neçəsinə tənbih oluna ki, qaçaqçının qabağına çıxmıyalar. Hər qabağa gələni adam sağ-salamat buraxsa, dəxi bunların əlindən qaçağa gedib gəlməkmi olar? Bundan sonra hərgiz dəxi belə qazanclı səfərdən geri qalmayacağam. Çifayda, mən sənə arxayın oldum, dalda durdum, yoxsa bulara zərbi-dəstimi göstərib bu nadürüstlərdən gələcəyinə yolları təmizlərdim!
Əsgər bəy: Yaxşı, bir özgə dəfə rast gələndə zərbi-dəstini göstərərsən, indi keçdi dəxi.
Hacı Qara: Allah qoysa, siz də eşidərsiniz. Di sürün, durmağa vaxt yoxdur; gərək bu gecə Qarğabazarına yetişək. Ordan mən Bədəli sizin yanınızda qoyub gərək Kərəməlilə ötüm Ağcabədiyə ki, sabah cümə günüdür, bazara çatam, malı satam.
Heydər bəy: Hacı, oradan o yana yalqız gedə bilərsənmi?
Hacı Qara: Oradan o yana dəxi ki, kazak yoxdur. Heydər bəy: Kazak yoxdur, amma murov yasavuluna tuş gələrsən, onda yaxşı olmaz.
Hacı Qara: Mən özüm tarıdan istəyirəm ki, bir murov yasavuluna rast gələm, olardan bir qisas alam!
Heydər bəy: Barakallah, Hacı, maşallah, çox qoçaq imişsən!
Hacı Qara: Bir-iki yasavul mənə rast düşsün, onların başına bir iş gətirim ki, qiyamətədək dadı damaqlarından getməsin; bundan sonra xalq olar sarıdan farağat olsunlar! Ta bu yasavulların bir neçəsinə toy tutulmasa, ölkə oların əlindən dincəlməz!
Heydər bəy: Əcəb olar, Hacı biz də hünərini eşidərik. Başlayırlar getməyə, bir az gedib gözdən itirlər.
Pərdə salınır.