Eyvaz Zeynalov. Ən qiymətli
Ermənilərin kəndə atdığı ilk mərmi Əhmədgilin tövləsinin bir tərəfini və onun yanındakı toyuq hinini uçurtdu. Ətrafa səpələnən qəlpələr tut ağacının altında kölgələnən ulağı yaraladı, taxtapuşa dəyib şaqqıldadı, pəncərələrin şüşələrini çilik-çilik elədi. İkinci, üçüncü mərmi kəndin ayağında partladı. Bircə anda aləm bir-birinə dəydi. Arvad-uşağın çığırtısından, mal-qaranın böyürtüsündən, itlərin hürüşməsindən, toyuq-cücənin qaqqıltısından qulaq tutulurdu...
Əhməd tələm-tələsik geyindi. Qızının qolundan yapışdı. Qorxudan özünü itirmiş arvadını, karıxıb qalmış oğlunu tələsdirdi:
- Qaçın, minin maşına!
Elə bu vaxt qonşu Arif kişi çəpərin o tərəfindən harayladı:
- Nədir, Əhməd, yenə nə vurhavurdur? Yoxsa ermənilər müdafiəmizi yarıblar?
- Hə, - deyə Əhməd təsdiqlədi.
- Ayə, bizim uşaqları qoyub getmə! - Arif dedi.
- Tez tərpənin, küçədə gözləyirəm! - Əhməd qonşusunu arxayın saldı.
Neçə gün idi ki, kəndin yaxınlığında qanlı döyüşlər gedirdi. Səhər xəbər gətirmişdilər ki, düşmən döyüş meydanına yeni qüvvələr, ağır texnika gətirib, daha qabağında dayanmaq olmur. Camaat səksəkə içində idi...
Əhmədin arvadı bəd xəbəri eşidən kimi çəkidə yüngül, qiymətdə ağır ev əşyalarının hamısını maşına yüklətmişdi. Əslində, daha çox şey götürmək istəyirdi, amma insafı yol vermirdi. Axı qohum-qonşunun arvad- uşağı da gözünü ərinin yük maşınına dikmişdi...
Əhməd darvazanı taybatay açıb maşını genişliyə sürdü ki, camaat gəlib minsin. Arvadların hərəsinin qoltuğunda neçə bağlaması vardı. Heç kimi qınamaq olmazdı. İllər boyu əzab-əziyyətlə qazandığını bir göz qırpımında atıb getmək asan məsələ deyildi...
Nəhayət, hamı yerbəyer oldu. Bir neçə ailə əşyaları ilə birlikdə maşının kuzovuna minmişdi. Əhməd mühərriki işə salmazdan əvvəl geri dönüb qapısını belə örtmədiyi ev-eşiyinə, həyət-bacasına həsrətlə baxdı. Yaşla dolan gözlərini yanında oturmuş arvad-uşağından gizlətdi...
Maşını təzəcə yerindən tərpətmişdi ki, qızı birdən qolundan yapışıb bərk-bərk silkələdi:
- Saxla, ata, saxla!
Əhməd tez əyləci basıb soruşdu:
- Nə olub, qızım?
Qızcığaz heç nə demədən qapını açıb özünü yerə atdı. Bir göz qırpımında qaçıb evə girdi. Hamı özünü itirmişdi. Əhməd maşından düşüb uşağın dalınca götürüldü. Hamı qorxu və həyəcanla gözləyirdi. Atışma səsi isə yaxınlaşmaqdaydı. Bir azdan Əhməd qaça-qaça geri qayıtdı. Qızı da qucağında idi. Maşın təzədən tərpənəndə anası hirsini qızının üstünə tökdü:
- Ay qız, bu nə oyundur çıxarırsan?!
Yerini rahatlayan qızcığaz evdən götürdüyü çantasını, kitab-dəftərini göstərib dedi:
- Axı mən bunlarsız sabah məktəbə necə gedəcəkdim, ana?
Ananın gözləri doldu. Demə, qızı üçün ən qiymətli şeyi götürmək yaddan çıxıbmış...
16.01.2019