Xəbərlər

“Arşın mal alan” operettası Marionet Teatrının quruluşunda

29.11.2013. Noyabrın 27-28-də İçərişəhərdəki Kiçik Karvansarada Marionet Teatrının quruluşunda dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş olunub. 100 yaşlı tamaşanın qəhrəmanlarını bu dəfə kuklalar canlandırıblar.
 
“Arşın mal alan” operettası Marionet Teatrının yaradıcısı Tərlan Qorçunun bədii rəhbərliyi ilə teatrın əsas aktyor heyətinin ifasında təqdim edilib. Marionet tamaşası bir çox sevimli müğənni və aktyorlarımızın 1989-cu ildə lentə alınmış bənzərsiz ifası ilə müşayiət olunub. 
 
Qeyd edək ki, Marionet Teatrı 2011-ci ildən başlayaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərir. Teatr üçün İçərişəhərdə bina ayrılıb və hazırda onun bərpası istiqamətində işlər aparılır. 
 
Teatrın yaradıcı heyəti hazırda Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və “O olmasın, bu olsun” tamaşaları üzərində işləyir və yaxın gələcəkdə hər iki tamaşa teatrsevərlərə təqdim ediləcək.