Nağıllar, hekayələr

Sindbadın nağılı

Biri vardı, biri yoxdu, Sindbad adlı bir oğlan vardı. Sindbada atasından çoxlu var-dövlət qalmışdı. O, pulunu, qızılını istədiyi kimi xərcləyir, özü bir iş görmək istəmirdi.
Bir gün Sindbad səyahətə çıxmaq, dünyanın möcüzələrini görmək qərarına gəlir. Bunun üçün çoxlu pul lazım idi. Amma onun pulu az qalmışdı. Sindbad atası kimi tacirlik edib varlanmağı qərara alır.
Bütün pullarını verib çoxlu mal alır ki, başqa ölkələrdə satsın. Malları bir gəmiyə yüklətdirib səyahətə çıxır. Başqa tacirlər də ona qoşulurlar.


Tacirlərin işi yaxşı gedirdi. Onlar bir ölkədə işlərini qurtarandan sonra, dayanmadan başqa ölkəyə gedirdilər. Səyahətçilər dənizlə çox uzun bir yol gedib yorulmuşdular. Onlar həsrətlə quruya çatmağı gözləyirdilər. Birdən kapitan sevinclə qışqırdı:
- Torpaq, mən torpaq görürəm, hansısa məmləkətə çatırıq! 
Tacirlər yaxınlaşanda gördülər ki, bura başqa məmləkət yox, gözəl bir adadır. Adada hündür palma ağacları az qala buludlara dəyirdi. Meyvə dolu ağaclar ağırlıqdan əyilmişdi. Bülbüllər oxuyur, cəh-cəh vururdular. Bəzəkli tovuz quşları baxanı heyran edirdi. Nəhəng, rəngli tısbağalar adada rahat-rahat gəzirdilər.
Tacirlər adanı gəzəndən sonra qərar verdilər ki, bir az burda qalıb dincəlsinlər. Kimisi yemək bişirdi, kimisi paltar yumaq üçün ocaq qaladı. Bəzisi meyvə yığmağa başladı, bəzisi isə başını atıb yatdı. 
Sindbad dənizdə çimmək üçün suya tullandı. Bir az adadan aralanmışdı ki, ada silkələndi. Amma Sindbad suda olduğundan bunu hiss eləmədi. 

 

Hamı qorxdu, elə bildilər zəlzələdir. Kapitan qışqırdı:
- Hamı gəmiyə! Tez! Bura ada deyil, biz nəhəng balığın üstündəyik!
- Bu, nəhəng balıq yox, dəniz əjdahasıdır, – deyə bir başqası qışqırdı.
- O, indi hamımızı yeyəcək!
- Dəniz əjdahası dənizin dibinə gedir, məhv olduq, gəmiyə qalxın!
Hamı qorxu içərisində gəmiyə qaçdı. Səs-küydən xəbərsiz Sindbad isə dənizdə üzür, sərinləyirdi.
Birdən dəniz çalxalandı. Dalğa Sindbadı dənizin dibinə apardı. Sindbad yaxşı üzdüyündən üzüb birtəhər suyun üzünə çıxa bildi. Amma çıxıb nə görsə yaxşıdır?
Nə ada vardı, nə gəmi. Dəhşətə gəldi. Qorxusundan az qaldı boğulsun.
Yaxşı ki, yaxında bir taxta var idi. Sindbad taxtadan tutmaqla canını ölümdən qurtardı.


Dalğalar Sindbadı gah gündoğan, gah da günbatan tərəfə apardı. Birdən Sindbad baxdı ki, torpaq görünür. Ayağı da möhkəm bir şeyə dəydi. Sevincək sudan çıxdı. Bir xeyli gəzəndən sonra başa düşdü ki, bura adadır. Çıxış yolu axtarmağa başladı. Gördü ki, uzaqdan bir ağ dağ görünür. Dağa qalxmaq istəyəndə ayağı sürüşüb yıxıldı. Dağ elə parıldayırdı, adamın gözlərini qamaşdırırdı.
Yadına gəmi kapitanının dedikləri düşdü: “Uzaq bir ada var, adada Gülruh adlı nəhəng bir quş yaşayır.
Onun qorxusundan adaya bir quş belə yaxınlaşa bilmir. Bu quşun bir balası var, gündə bir fil yeyir. Ana quş gündə bir dəfə Hindistana uçur ki, balasına fil gətirsin”.
Sindbad başa düşdü ki, bu quş elə kapitanın dediyi həmin nəhəng quşdu. O, xeyli fikirləşəndən sonra qərara aldı: “Burda qalsam, gec-tez öləcəyəm. Yaxşısı budur gizlənim, quş məni görməsin, uçmağa duranda ayağından tutaram, məni də aparar”.


O, bir ağaca dırmaşdı. Birdən göyün üzü tutuldu, hava qaraldı. Sən demə, quş qanad çalanda qanadları Günəşi elə tutub ki, hər yerə qaranlıq çöküb.
İşıqlananda Sindbad gördü qarşısında əjdahaya oxşar ilan var. Qorxudan az qaldı Sindbadın bağrı çatlasın. Başa düşdü ki, özünü ağacdan aşağı tullasa, ya şikəst olacaq, ya da öləcək. Bilmədi neyləsin, bacardığı qədər ağacın yuxarısına çıxmağa başladı.


İlan-əjdaha isə ağzından od püskürə-püskürə Sindbadın arxasınca ağaca dırmaşırdı. 
İlan az qalmışdı ki, Sindbada çatsın, nəhəng quş havaya qalxdı. Sindbad gücünü topladı, tullanıb düz quşun ayağından yapışdı.
Əjdaha-ilan fısıldaya-fısıldaya şikarının arxasınca baxa-baxa qaldı. Sindbad canını qorxulu əjdaha-ilandan beləcə qurtardı. 

Eh, nə pis yerdə nağıl səhifəsi qurtardı... 

Eyb etməz, jurnalımızı, nağılımızı sevirsənsə, növbəti saylarımızda nağılın ardını gözlə. Arzumuz budur ki, oxucularımızın sevgisini hiss edək, istəyimiz odur ki, oxucularımız gələn sayımızı səbirsizliklə gözləsinlər! Bax onda jurnalımız daha maraqlı alınır. Bizi sevənlərin sayı çoxalır. Jurnal da sevgidən yaranır.
Göydən cəmi üç alma düşsə də, nağıl danışana da çatır, nağıla qulaq asanlara da...