Yeniyetmə stolüstü tennisçilərimiz İstanbulda uğurla çıxış ediblər
Stolüstü tennis üzrə yığma komandanın yeniyetmələrinin iştirak etdiyi Türkiyənin İstanbul şəhərində keçirilən “Türk dünyası ulduzlarının stolüstü tennis liqası” artıq başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan, Türkiyə, Özbəkistan, Şimali Kipr Türk Respublikasının iştirak etdiyi Liqa oyunlarının son iki günü komanda və şəxsi yarışlar keçirilib.
Dostluq görüşü və yeniyetmələrin təcrübə mübadiləsi məqsədi ilə komanda oyunlarında yığma komandaların tərkibi müxtəlif ölkələrin idmançılarından ibarət idi.
Komanda yarışlarında tennisçimiz Emin Məmmədov I yeri tutan komandanın tərkibində, Ləman Abdülhəmidova II yeri tutan komandanın tərkibində və Zemfira Mikayılova isə III yeri tutan komanda da olub.
Qızların şəxsi oyunlarda I və II yeri Türkiyə təmsilçiləri, III yeri isə həmyerlimiz Zemfira Mikayilova və türk idmançı qazanıb.
Oğlanların şəxsi oyunlarında isə I və III yeri Türkiyə idmançısı, II yeri isə tennisçimiz Emin Məmmədov tutub.
Tennisçilərimiz bu gün Vətənə qayıdırlar.