Üzgüçülük üzrə açıq Sumqayıt birinciliyinin qalibləri məlum olub
Bakı, 29 avqust, AZƏRTAC
Sumqayıt Paralimpiya İdman Kompleksində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş üzgüçülük idman növü üzrə 2003-2004-cü, 2005-2006-cı, 2007-2008-ci, 2009-2010-cu il təvəllüdlü oğlan və 2006-2008-ci, 2009-2010-cu il təvəllüdlü qızlar arasında Sumqayıt şəhər açıq birinciliyi keçirilib. Yarışda Bakı və Sumqayıtın 5 komandası olmaqla 60 nəfərdən artıq idmançı qalib adı uğrunda mübarizə aparıb.
AZƏRTAC xəbər verir ki, birinciliyin açılış mərasimində çıxış edən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Bədən Tərbiyəsi və idman sektorunun müdiri Vahid Abdullayev 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın həyatında ən unudulmaz günlərdən biri olduğunu qeyd edib, yaşadığı 23 ay ərzində cümhuriyyətin gördüyü işləri, qəbul edilən dövlət rəmzlərini tariximizin ən yaddaqalan səhifələri kimi dəyərləndirib. Vurğulanıb ki, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra görkəmli dövlət xadiminin qətiyyəti sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə siyasi-hüquqi qiymət verilib, həmin dövrün dövlət rəmzləri və himni bərpa olunub. Ulu Öndər Heydər Əliyev dövlətçiliyimizin qorunması üçün qətiyyətli tədbirlər görüb, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar edib. Vahid Abdullayev daha sonra ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin yorulmaz fəaliyyəti və fədakarlığı sayəsində bədən tərbiyəsi və idman sahəsinə göstərilən dövlət qayğısı, yaradılan şərait, respublikamızda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər, Gənclər və İdman Nazirliyi və müvafiq federasiyaların birgə fəaliyyəti ilə əldə olunan nailiyyətlər, bu sahənin şəhər icra hakimiyyəti rəhbərliyinin də daim diqqət mərkəzində saxlamasından, Sumqayıt idmançılarının qazandığı uğurlar barədə geniş məlumat verib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Sumqayıt idmançılarından Leyla Abduləzizova (100 m qarışıq üsul), Nuray Həsənli (50 m arxa üstə), İbrahim Mirzəyev (100 m qarışıq üsul), Nuray Həsənli (50 m sərbəst üsul), Fərid Novruzzadə (100 m qarışıq üsul), Əli Səfərəlizadə (50 m sərbəst üsul), Bakı idmançılarından isə Teymur Əfəndi (50 m arxa üstə), Oktay Hüseynov (50 m sərbəst üsul), Aydan Dəmirova (50 m sərbəst üsul), Nəcəf Nəcəfzadə (100 m qarışıq üsul), Süleyman Cəfərov (50 m sərbəst üsul) və Aleksey Puqaçov (100 m qarışıq üsul) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışın qalib və mükafatçıları Gənclər və İdman Baş İdarəsinin fəxri fərman, medal və hədiyyələri ilə təltif olunub.
29.08.2018