Astaralı boksçular Lənkəranda keçirilən açıq turnirdə 12 medal qazanıblar
Astarlı idmançılar Lənkəran şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş boks üzrə yeniyetmələr və gənclər arasında “Xəzər-92” İdman Klubunun açıq turnirində uğurla çıxış ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnirdə Lənkəran rayonu ilə bərabər, Bakı və Sumqayıt şəhərlərinin, Astara rayonunun boksçuları da qələbə uğrunda mübarizə aparıblar.
Yarışda Astara rayonunu şəhid Pəncəli Teymurov adına Siyəkü kənd boks məktəbinin direktoru, boks üzrə idman ustası Eldar Əhədovun rəhbərliyi ilə 18 idmançı təmsil edib. Onlardan 12 nəfər fəxri yerlərə sahib olublar.
İki gün davam edən turnirdə astaralı idmançılardan Kənan Cəfərov (38 kiloqram), Coşqun Şabanov (40 kiloqram) və Zaur Salayev (54 kiloqram) birinci, Orxan Cəlalov (44 kiloqram), Kənan Nurəlizadə (38 kiloqram), Məmməd Əliyev (67 kiloqram), Anar Dadaşov (56 kiloqram) və Elgun Fətəliyev (24 kiloqram) ikinci, Radik Dadaşov (71 kiloqram), Amil Əliyev (38 kiloqram), Amin Abbasov (57 kiloqram) və Tural Hümmətzadə (42 kiloqram) üçüncü yerləri tutublar.
Astara Rayon Gənclər və İdman İdarəsində turnirdə uğur qazanmış idmançılarla görüşdə çıxış edən idarə rəisi Ərçə Əliyev yeniyetmə və gənc boksçuları təbrik edərək ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb.
31.07.2018