
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi innovativ layihələrə dəstək verməkdə davam edir.
Növbəti dəstək göstəriləcək layihələr "Sletti", "Ağıllı oyuncaqlar", "www.joinb2b.com", "Məktəbə hazıram" və "Virtual cərrahiyyə" startapları olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, həmin layihələr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi növbəti qrant müsabiqəsinin qalibləri elan edilib.
Müsabiqə qaliblərindən olan "Sletti" mobil tətbiqi tərcüməçi ilə dinləyici arasında rəqəmli əlaqə yaradır, bütün tərcümə prosesini rəqəmli şəkildə sinxron olaraq təmin edir.
Layihə 2 istiqamətdə - "Tədbirlər üçün tərcümə" və "Fərdi tərcümə" funksionallığını özündə cəmləyir.
"Ağıllı oyuncaqlar" layihəsinin isə əsas məqsədi uşaqların əylənərək öyrənmə və ana dilinin təkmilləşdirilməsinə şərait yaratmaqdan ibarətdir.
Kommersiya şirkətlərinin biznes şəbəkəsi olan "www.joinb2b.com" biznes tərəfdaşları tapmaq baxımından faydalı hesab olunur. Bu şəbəkə ona qoşulmuş şirkətləri onların tələblərinə uyğun gələn şirkətlərlə birbaşa və vasitəçisiz əlaqələndirmək funksiyasını yerinə yetirəcək.
"Məktəbə hazıram" layihəsi məktəbə hazırlıq, yəni 3-6 yaş qrupuna aid olan uşaqların zehni inkişafını sürətləndirmək, onların əylənərək öyrənməsini, məktəbə tam hazır şəkildə yetişməsini və texnoloji avadanlıqlardan daha səmərəli istifadəsini təmin etmək məqsədi daşıyır.
Qalib layihələrdən olan "Virtual cərrahiyyə" müasir texnologiyaların tətbiqi ilə daha dəqiq və effektiv cərrahi əməliyyat modelinin hazırlanmasına xidmət edir.
30.07.2018