Xəbərlər

Aprel döyüşlərindən bəhs edən “Yüksəklik” virtual oyunu təqdim olunub

Bakı, 25 iyul, AZƏRTAC


Aprel döyüşlərinə həsr edilən virtual reallıq oyunu təqdim olunub. 


AZƏRTAC xəbər verir ki, “Yüksəklik” adlanan virtual döyüş oyunu düşmənə qarşı vuruşan əsgərlərimizin qəhrəmanlığına, onların Lələtəpə yüksəkliyini işğaldan azad etmələrinə həsr olunub. 


Layihənin təqdimatında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli bildirib ki, onlar ölkədə startap hərəkatının genişləndirilməsi istiqamətində həyata keçirilən uğurlu innovativ layihələrə daim dəstək göstərirlər. Bu layihə də onlardan biridir. 


Startapın yaradıcısı Fərid Davudov qeyd edib ki, oyuna həyəcansız baxmaq mümkün deyil. O, oyunda Aprel döyüşlərinin bütün ab-havasını təqdim etməyə çalışıb.

Virtual reallığın, ümumiyyətlə, 13 yaşdan yuxarı hesablandığını nəzərə alan F.Davudov videoya balaca uşaqların baxmasını tövsiyə etmir. Çünki oyunda Aprel döyüşlərinin bütün gərginlikləri də əks olunub.