“Təhsil Avtobusu-2018” yay məktəbi Şəmkirdə təşkil edilib
Bakı, 23 iyul, AZƏRTAC
“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində “Təhsil avtobusu–2018” yay məktəbi növbəti dəfə Şəmkir şəhərində təşkil olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, açılış mərasimində layihənin təşkilatçıları ilə yanaşı, rayonun Qaranüy modul tipli məktəbinin və digər məktəblərin şagirdləri iştirak ediblər.
Yay məktəbində “Mənim uğurlu karyeram”, “Kommunikasiya”, “Robotlarla iş”, “Sığorta” və “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlər sertifikatla təltif olunublar.
“Təhsil avtobusu–2018” yay məktəbinin məqsədi bölgələrdəki modul tipli, eləcə də digər məktəblərin şagirdlərinin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artmasına şərait yaratmaqdır.
“Təhsil avtobusu–2018” Bakı-Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edir. Yay məktəbi çərçivəsində ölkənin 5 bölgəsindəki ümumtəhsil məktəblərinin akademik göstəriciləri zəif və orta olan 7-8-9-cu sinif şagirdləri təlimçi və ekspertlər tərəfindən keçirilən fərdi inkişaf təlimləri və intellektual yarışlarda iştirak edirlər.
Yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, “Engin” LTD MMC, “Kapital Bank”, “Ekspo 2025 Bakı” layihəsinin əsas dəstəyi, “Bakcell”, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, “1news.az”, “Azərbaycan İntellektual Klublar Assosiasiyası”, “ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Code Tusi”, “Edumap” Təhsil portal, “Edutainment.az”, “Engineering For Kids”, “SABAH” qrupları, “Şərq-Qərb” ASC, “Təhsil TV və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə keçirilir.
23.07.2018