Mikayıl Müşfiqin adını daşıyan Giləzi qəsəbə tam orta məktəbində şairin xatirəsi anılıb
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin anadan olmasının 110-cu ildönümü münasibətilə onun adını daşıyan Xızı rayonu Giləzi qəsəbə tam orta məktəbində şairin xatirəsini anma tədbiri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Xızı Rayon Təhsil Şöbəsinin və Mikayıl Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.
Əvvəlcə iştirakçılar şairin Sayadlar kəndindəki abidəsinin önünə əklil və gül dəstələri qoyub, onun poeziyasından nümunələr səsləndiriblər.
Sonra tədbir şairin adını daşıyan Giləzi qəsəbə tam orta məktəbində davam edib.
Məktəbin direktoru Svetlana Rüstəmova tədbirin Prezident İlham Əliyevin “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 may tarixli Sərəncamına əsasən keçirildiyini söyləyib, repressiya qurbanı olmuş nakam şairin həyat və yaradıcılığından danışıb.
Məktəblilər şairin “Yenə o bağ olaydı”, Oxu, tar” şeirlərini və yaradıcılığından digər nümunələr səsləndiriblər.
06.06.2018