Xəbərlər

Uşaq bağçaları arasında rəqs festivalı

Bakı, 1 iyun, AZƏRTAC

 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “Gənclərin Töhfəsi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə uşaq bağçaları arasında “Cümhuriyyət üçün rəqs et!” adlı rəqs festivalı təşkil olunub. Festivalda Bakı şəhərində yerləşən “Ahu”, “Yağmur”, “Gül”, “Mauqli”, “Dəniz” və “İnci balalar” uşaq bağçaları iştirak ediblər.

 

AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin şöbə müdiri Zamin Əhmədov və “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş festivalın iştirakçılarına uğurlar arzulayıblar.

 

Sonra “Müasir inkişaf” İctimai Birliyinin sədri, Mərkəzi Elmi Kitabxananın şöbə müdiri Mübariz Göyüşlü və “Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov müstəqillik yolumuz barədə geniş məruzə ediblər.

 

Festivalda “Dəniz” bağçası “Ən fəal bağça” nominasiyası üzrə qalib olub. “Ahu” uşaq bağçası 1-ci, “Yağmur” uşaq bağçası 2-ci, “Gül” uşaq bağçası isə 3-cü yeri tutub. Qaliblər və iştirakçılar diplomlar və “Kids World” uşaq geyim mağazasının hədiyyələri ilə təltif ediliblər.